Xətai rayonu Babək prospekti 74 ünvanındakı binanın sakinləri Milli.Az-a müraciət edərək bildiriblər ki, binanın altındakı boru partlayıb və zirzəmi tamamilə su ilə dolub: "Su böyük təzyiqlə axır. Elə bil fəvvarədir. Binanın altı olub hovuz. Əgər qarşısı alınmasa, su daşıb məhəlləyə axacaq".
Məsələ ilə bağlı əraziyə baxan Xətai rayonu 29 saylı mənzil-istismar sahəsinə müraciət etdik. MİS-dən bildirdilər ki, adıgedən ünvanda heç bir hadisə baş verməyib. Hər halda onlara belə müraciət daxil olmayıb: "Hətta su borusu partlayıbsa da, o məsələlərə biz yox, su idarəsi baxır".
Yaranmış vəziyyətlə bağlı "Azərsu" ASC-yə də müraciət etdik. Qurumun şöbə müdiri Anar Cəbrayıllı Milli.Az-a bildirdi ki, müraciətdən dərhal sonra əraziyə baxan su idarəsinə məlumat verilib: "Qəzanın nəticələrinin qarşısının alınması üçün ora Qəza Xidmətinin briqadası göndəriləcək və problem gün ərzində həll olunacaq".
İlkin İzzət
Milli.Az