Üzmək

Üzmək
12:39 24 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Hər gün  qarşımıza  yeni bir teorem çıxır, onu həll edib qurtarmamış, yenidən biri, özü də ən çətini və müşkülü peyda olur. İndi də “üzən məzənnə” .

“Məzənnə” sözünün əvvəlindəki “üzən” sözü o qədər məni tutdu ki, xeyli özümə gələ bilmədim. Gələndən sonra da xeyli güldüm, güləndən sonra da bir az sevindim.  Ona görə sevindim ki, halal olsun bizim iqtisadçılara, fikirləşib çox gözəl bir termin tapıblar. Yəni, bizə çox tanış, yaxın, doğma olan bir söz həyatımıza qənim kəsilsə də, biz ondan əsla inciməyəcəyik. O, bizə nə qədər zərbələr vursa da “uf” demərik, elə bilərik başımıza  tik yastıqla vururlar, özü də qu tükünün yastığı ilə. Niyə də inciyək ki...?  Bu “üzən” sözü özümüzündü, gündəlik  həyatımızda  istifadə etdiyimiz sözdü, xoş bir “sifət”dir, həm gül balamızın  gündəlik gördüyümüz sifəti, həm müəllimlərimizin hər gün sinif otaqlarında tədris etdiyi əsas nitq hissəsi olan sifətdir, Ən  şirin  bir kəlmədir. Qətiyyən biz  “üzən”  sözündən qorxmuruq. Amma  “inteqrasiya”, “devalvasiya” sözləri bizi çox qorxudur. Halal  olsun  iqtisadçılarımızın vətənpərvərliyinə ki, onlar daha indən belə  bizi qorxudan söz və kəlmələrdən istifadə etmirlər. Özümüzə yaxın olan, uzun illərdi bizimlə oturub-duran sözləri tapıb üstümüzə göndərirlər, biz də  onları gülərüzlə qarşılayırıq. Düzdü, Fazil Mustafa bu sözə də ilk gündən bir ayama qoşdu, üzgüçülük dedi, amma hörmətli millət vəkilimizə demək istəyirəm ki, bu üzən sözdən  “boğaz üzən”  ifadəsi də düzəltmək olar. Amma  devalvasiyadansa  öz milli  sözümüz  olan “üzən” sözü bizim  həm də folklorumuzdur, milli –adət ənənələrimizdir. Soy kökə qayıtmağımızdır. Qoy məni yad öldürüncə, özümünkü öldürsün.

Sağ olsun  bizim iqtisadçıları ki,  bu “üzən” sözü ilə  bizə  gizli ismarıclar da çatdıra biliblər. Yəni nə bacarırsan, üz, üz ki  sahilə çıxa biləsən. Üzməsən, dərin dəryalarda məhv olacaqsan. Yəqin əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələr haradansa eşidiblər ki, biz yaxşı üzən deyilik, ona görə də bizim də üzməyimiz üçün tarixi şərait yaradıblar, biz də üzə bilək.

 

Bir də biz niyə  bu “üzmək” haqqında pis fikirləşək? Üzməyin də iki başı var. Aşağı və yuxarı. Yuxarı üzərsən, udarsan, aşağı  üzərsən  məhv olarsan. Yəni heç olmasa  bir yerdə dayanmaqdansa,  bizə hərəkət etmək  imkanı veriblər. Əgər üzmək imkanı verməsəydilər, onda halımız necə olardı?

 

Bu “üzmək” sözü  məişətimizə daxil olub. Məsələn laləlikdə üzmək, gül-çiçək üzmək, dolların içində üzmək, çayda üzmək, görün nə qədər gözəl səslənir. Adamın lap kefi kökəlir. Özü də şairlər üçün bu söz geniş və çoxlu qafiyə materialı verir. Məsələn üzmək, süzmək, düzmək, gəzmək, əzmək, bezmək. İnanın bizim dildə “üzmək” sözü qədər qohum-əqrəbası olan söz yoxdur. Qalan sözlər bu sözün yanında kasıbdır.   

Qaldı ki, kredit  borclarına, onun da fikrini eləməyin, cəhənnəmə olsun, sonrası nə olar, ola.  Qəti sürətdə  “üzmək” sinonimi  fikirləşməyin. Onsuz da kəndir də bahalandı. Üz, başına dönüm, üz. Üz də, niyə durmusan?

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR