Son 11 ildə Azərbaycanda 3000-ə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib (FOTO)

Son 11 ildə Azərbaycanda 3000-ə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib (FOTO)
16:18 24 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Zaqatala rayonu Yengiyan kənd və Astara rayonu Artupa kənd tam orta məktəblərinin bu gün keçirilən açılış mərasimlərində bildirilib.

Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbinin açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Astara rayonu Artupa kənd tam orta məktəbinin açılışında isə təhsil nazirinin digər müavini Firudin Qurbanov iştirak ediblər. Hər iki tədbirə yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri qatılıblar.

Açılış mərasimlərində çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın bütün bölgələrində yeni məktəblər inşa olunur və köhnə məktəb binaları əsaslı təmir edilir. Yeni tədris ocaqları vahid standart əsasında müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur.

Qeyd edək ki, Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbi 264, Astara rayonu Artupa kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. Tədris ocaqları sinif otaqları, fənn laboratoriyaları, kompüter və müəllimlər otağı, akt və idman zalı, yeməkxana, hərbi hazırlıq, əmək təlimi, inzibati, texniki və tibb otaqları, kitabxana və yeməkxanadan ibarətdir. Hər iki məktəb müasir tələblərə cavab verən mebel və avadanlıqla təmin olunub.

Məktəb binalarında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri mövcuddur, həmçinin təhsil ocaqlarına internet və telefon xətləri çəkilib. Təhsil müəssisələrinin istiliklə təminatı üçün müasir tələblərə cavab verən qazanxana quraşdırılıb. Məktəblərin ərazisində inşa olunmuş futbol meydançası və müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafının təmin olunmasına xidmət edir.

Təhsil müəssisələri üçün ayrıca transformator yarımstansiyası quraşdırılıb və ehtiyat su anbarı tikilib. Tədris ocaqlarının ərazisi abadlaşdırılıb, ağaclar və gül kolları əkilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2473747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR