Fəzail İbrahimli: "Kristofer Smitin münasibəti ABŞ dövlətinin mövqeyi deyil"

Fəzail İbrahimli: "Kristofer Smitin münasibəti ABŞ dövlətinin mövqeyi deyil"
16:32 24 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smitin qanunverici orqana "Azərbaycan demokratiya aktı - 2015" adlı layihə təqdim etməsi Azərbaycana qarşı növbəti qərəzdir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Fəzail İbrahimli bildirib.

Sözügedən məsələyə Milli Məclisdə spiker səviyyəsində münasibət bildirildiyini deyən deputat hesab edir ki, K.Smitin münasibəti ABŞ dövlətinin mövqeyi deyil: "Ona görə də narahatlığa əsas yoxdur. Həmin sənəd ABŞ Konqresi tərəfindən qəbul edilib qüvvəyə minərsə, onda bu onların Azərbaycana qarşı mövqeyi olacaq. Hələ ki, bu, dövlətin, parlamentin münasibəti deyil. Sadəcə bir konqresmenin mövqeyidir. İndi bizim tərəfdən də həmkarımız, hüquqşünas Rövşən Rzayev alternativ qərar layihəsi hazırlayıb və Milli Məclisə təqdim edib. Bu da hələ ki, Milli Məclisin, Azərbaycan dövlətinin deyil, Rövşən Rzayevin mövqeyidir".

Hələlik K.Smitin mövqeyinə sadəcə bir konqresmenin hadisələrə münasibəti kimi yanaşmağın lazım olduğunu deyən deputat güman edir ki, Azərbaycan bu məsələdə təmkinli olacaq: "Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi çox təmkinli mövqe tutur və beynəlxalq hüquq normalarına söykənir. Güman edirəm ki, biz ABŞ-la münasibətlərin yaxşılaşdırılmasına doğru addımlar atmalıyıq. Dövlətlərarası münasibətlərin korlanmasına şərait yaradacaq heç bir addım atmamalıyıq. Qarşı tərəfin mövqeyindən asılı olaraq müvafiq addım ata və səbrsiz ola bilərik. Bu gün isə bu məsələlərdə çox səbirli olmalıyıq".

Qeyd edək ki, ABŞ Konqresinin Helsinki Komissiyasının sədri K.Smit dekabrın 17-də qanunverici orqana "Azərbaycan demokratiya aktı - 2015" adlı layihə təqdim edib. Layihədə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə yenidən baxması, insan haqları sahəsində vəziyyətlə bağlı Azərbaycanın rəsmi şəxslərinə viza sanksiyalarının tətbiqi və digər müddəalar yer alıb. Açıq şəkildə antiazərbaycan xarakteri daşıyan layihə rəsmi Bakı tərəfindən kəskin etirazla qarşılanıb.

Bununla bağlı Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev K.Smitin antiazərbaycan xarakterli qətnamə layihəsinə qarşı qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR