Azərbaycanın gənclər və idman siyasətinin inkişaf perspektivləri müzakirə olunub

16:33 24 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Milli Məclisin gənclər və idman komitəsinin “Azərbaycanın gənclər və idman siyasətinin inkişaf perspektivləri” mövzusunda iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Fuad Muradov Azərbaycanda gənclər və idman siyasətinin prioritet istiqamət olduğunu söyləyib. O, gənclərin Azərbaycan cəmiyyətindəki mövqeyindən danışıb. Bildirib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsidir.
Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə yeni gənclər və idman komitəsinin yaradılmasının əhəmiyyətindən danışıb. Nazir deyib ki, hər bir sahənin inkişafı üçün müvafiq hüquqi baza yaradılıb təkmilləşdirilməlidir. Parlamentdə ayrıca gənclər və idman komitəsinin yaradılması bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi tənzimləmə mexanizminin formalaşmasını daha da sürətləndirəcək. Komitənin yaradılması Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəmin, onun rəhbərliyi ilə həyata keçirilən islahatların və əldə edilən uğurların məntiqi davamıdır.
Nazir vurğulayıb ki, müstəqilliyimizin ilk illərindən etibarən ulu öndər Heydər Əliyev gənclərlə iş sahəsini prioritet istiqamət kimi təsbit edib. Məhz Ümummilli Liderin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Dövlət gənclər və idman siyasətinin əsas istiqamətləri müəyyənləşdirilib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə gənclər və idman siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini söyləyib. O, Azərbaycanda gənclər və idman sahəsində çox uğurlu layihələrin reallaşdığını qeyd edib. Bildirib ki, bu, ölkə rəhbərliyinin gənclər və idman sahəsinə diqqətinin, əlaqədar qurumların aktiv fəaliyyətinin nəticəsidir. Ölkəmizdə dörd minə yaxın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onların içərəsində gənclər təşkilatları xüsusi fəallığı ilə seçilir. Gənclər təşkilatları ekologiya, idman, səhiyyə və digər sahələrdə uğurla fəaliyyət göstərirlər.
Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev ölkəmizdəki bütün uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin dayandığını deyib. Bildirilib ki, Azərbaycan bu gün dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə ölkəmizin qüdrəti bir daha bütün dünyaya nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və digər çıxış edənlər ölkəmizdə gənclər və idman sahəsində əldə olunan nailiyyətlər barədə danışıblar. Bildirilib ki, bu gün gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bu isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir. Azərbaycan Prezidenti tərəfindən gənclərlə birbaşa bağlı olan dövlət proqramları qəbul olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi nailiyyətlər əldə edilib.
İclasda çıxış edənlər dövlətimizin başçısını doğum günü münasibətilə təbrik ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_gencler_ve_idman_siyasetinin_inkisaf_perspektivleri_muzakire_olunub-914015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR