Suraxanı rayonunda 21 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib

Suraxanı rayonunda 21 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib
17:48 24 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun dekabrın 24-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirdiyi bu ilin sonuncu işgüzar forumunda müvəkkil kredit təşkilatları vasitəsilə 21 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, çörək, un məmulatları, mebel, qapı-pəncərə, transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Suraxanıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 90-a yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, dam örtükləri, dəmir qapı, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ildə qurumun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakıda və onun qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, 2016-cı ildə logistik mərkəzlərin, ixtisaslaşdırılmış "yaşıl market"lərin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.
Tədbir çərçivəsində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış İriqabaritli Transformatorlar Zavodunda son tamamlama işlərinə baxış keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suraxani_rayonunda_21_sahibkarliq_subyektine_53_milyon_manat_guzestli_kredit_verilib-914067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR