Moskvada “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası təqdim olunub

Moskvada “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası təqdim olunub
18:13 24 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Moskvanın “Xarici ölkələr ədəbiyyatı” kitabxanasında ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası kitabının təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Moskva Yazıçılar Birliyi, “Poetik Moskva” jurnalı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyəti Mərkəzinin nümayəndələri ilə yanaşı, tanınmış rus şair və yazıçıları, elm və sənət adamları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva açaraq, nəşrin hər iki ölkənin ədəbiyyatı üçün mühüm əhəmiyyətindən, ölkələr və xalqlar arasında anlaşmada oynadığı mühüm rolundan danışıb.
Sonra kitabın tərtibçisi olan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Tərcümə Mərkəzinin direktoru Afaq Məsud vurğulayıb ki, təqdim olunan bu ikicildlik milli ədəbiyyatımız tarixində ilk hadisədir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim olunur. Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimiz zaman-zaman Rusiyada, eləcə də digər ölkələrdə nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik formatda təqdim olunmayıb.
Mərkəzin direktoru bildirib ki, artıq bir neçə dilə tərcümə edilən bu kitabın məqsədi Azərbaycanın zəngin ədəbiyyatını layiq olduğu səviyyədə dünyaya tanıtmaqdır. Qeyd edib ki, gələn il antologiyanın ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir. Hazırda kitab ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə edilir.
Moskva Yazıçılar Birliyinin sədr müavini Valeri İvanov-Taqanski ikicildliyin tarixi və ədəbi əhəmiyyətindən, Azərbaycan ədəbiyyatının rus oxucusuna bu vaxta qədər məlum olmayan gizli imkanlarından danışıb.
Daha sonra filologiya elmləri doktoru Anastasiya Qaçeva, “Poetik Moskva” jurnalının baş redaktoru Natalya Rodionova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev, Konqresin müşaviri Manaf Manafov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev nəşrin ictimai əhəmiyyəti və ədəbi dəyəri, ikicildlikdə yer alan əsərlər barədə fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində Böyük Teatrın solisti Fyodor Tarasov, Moskvanın “Katyuşa” Estetika Mərkəzinin uşaq xoru, Rusiyanın Əməkdar Artistləri Qalina Ulyotova və Dmitri Malçevin ifasında antologiyada yer almış Azərbaycan şairlərinin şeirləri oxunub, mahnılar və musiqi parçaları səsləndirilib.
Sonda Afaq Məsuda, bu ilin mayında həqiqi üzvü seçildiyi Pyotr Akademiyasının diplomu və mantiyası təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskvada_Muasir_Azerbaycan_edebiyyati_antologiyasi_teqdim_olunub-914090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR