Bələdiyyə torpaqlarının idarə olunmasının qanunauyğunluğu daim diqqət mərkəzində saxlanılır

Bələdiyyə torpaqlarının idarə olunmasının qanunauyğunluğu daim diqqət mərkəzində saxlanılır
18:23 24 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Ordubad, 24 dekabr, AZƏRTAC
Bələdiyyələr mülkiyyətlərindəki əmlakdan istifadə olunmasına qanun çərçivəsində nəzarət etməlidirlər. Yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri bələdiyyələrin ərazisində müvafiq qanunların tətbiqini daim diqqət mərkəzində saxlamalıdırlar.
AZƏRTAC xəbər verir ki, Ordubad rayonunda “Bələdiyyə torpaqlarının idarə olunmasının xüsusiyyətləri” mövzusunda keçirilən seminar-müşavirədə bu barədə danışılıb.
Ordubad Rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar İsmayılov rayonda bələdiyyələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib, görülən işlərin əhəmiyyətini vurğulayıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov, nazirliyin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxış edərək muxtar respublikanın Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodik köməklik göstərilməsinin əhəmiyyətindən, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələblərindən danışıblar.
Çıxışlarda qeyd edilib ki, istər kargüzarlıq, istərsə də bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və bu sahədə hüquq pozuntularının baş verməməsi xüsusi diqqət mərkəzində saxlanılır, bələdiyyələrə zəruri metodik köməklik göstərilir. Belə ki, bələdiyyə orqanları tərəfindən torpaq qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrin düzgün yerinə yetirilməsi üçün son üç ildə tövsiyə xarakterli beş metodik vəsait hazırlanaraq bələdiyyələrə paylanılıb.
Vurğulanıb ki, torpaqlardan istifadə qanunvericiliklə tənzimlənir. Heç kəs qanunsuz olaraq torpaqlardan istifadə edə, qeydə alınmış torpaq sahəsindən kənara çıxa, ümumi istifadədə olan yolu zəbt edə bilməz. Bələdiyyələrin vəzifəli şəxsləri profilaktik tədbirlər həyata keçirərək yerli əhalinin nəzərinə çatdırmalıdırlar ki, torpaqların özbaşına tutulması, yəni, zəbt edilməsi qanunla birmənalı şəkildə qadağan olunur. Bu əməli törətmiş şəxslər Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələri ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Seminar-müşavirədə tədbir iştirakçılarına “Bələdiyyələrin statusu: hüquq və vəzifələr” kitabı təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belediyye_torpaqlarinin_idare_olunmasinin_qanunauygunlugu_daim_diqqet_merkezinde_saxlanilir-914096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR