Rüfət Quliyev: Rüşvətxorluq və inhisarçılığın təsiri bugünkü şəraitdə daha güclüdür

Rüfət Quliyev: Rüşvətxorluq və inhisarçılığın təsiri bugünkü şəraitdə daha güclüdür
19:43 24 Dekabr 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Rüşvətxorluq, korrupsiya, inhisarçılıq kimi neqativ halların təsiri bugünkü şəraitdə daha güclüdür. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət kimi halların qarşısının alınması ilə bağlı dəfələrlə çağırışlar edib: “Korrupsiya, monopoliyanın qarşısının alınması ilə bağlı çağırışlar son 12-13 ildə həmişə edilib. Sadəcə olaraq, son 6-7 ildə bununla bağlı daha ciddi formada məsələlər qaldırılır. Azərbaycanda bu istiqamətdə işlər mütəmadi olaraq aparılır. Ancaq bu gün bu neqativ halların təsiri daha təsiredicidir. Bunlar iqtisadiyyatda istər-istəməz müəyyən templərin zəifləməsinə səbəb olur”.

Manatın devalvasiyasını dünya iqtisadiyyatında baş verən proseslərlə əlaqələndirən deputat qeyd edib ki, belə bir şəraitdə məmurların düzgün addım atmamaları, səhv iş görmələri sahibkarlar üçün daha böyük çətinliklər yaradır.

R.Quliyev bildirib ki, inhisarçılığın qarşısını almaqdan ötrü total yoxlamaların aparılması düzgün olmazdı: "Amma insanların narazılıqları vaxtlı-vaxtında müvafiq orqanlara çatdırılmalıdır. Bu informasiyalar əsasında müvafiq dövlət orqanları lazım olan tədbirlər görəcəklər".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxış edərkən deyib ki, rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyətə qarşı daha da ciddi mübarizə aparılacaq. Dövlət başçısı qeyd edib ki, bundan sonra iqtisadi liberallaşma siyasəti daha da ciddi şəkildə aparılmalıdır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR