Göyçay sakini bağında Hollandiyadan gətirilən güllər yetişdirir

Göyçay sakini bağında Hollandiyadan gətirilən güllər yetişdirir
19:53 24 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Göyçay, 24 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay sakini şəxsi gülçülük təsərrüfatını xeyli genişləndirib və yeni gül sortlarını yetişdirməyə nail olub.
AZƏRTAC xəbər verir ki, 30 ildən çoxdur gülçülüklə məşğul olan Göyçay sakini Eldar Quliyevin həyətyanı sahəsində saldığı bağı 15-ə yaxın gül növü bəzəyir. Gülləri elə həyətində Bakıdan və başqa rayonlardan gələn müştərilərə sərfəli qiymətə satdığını deyən E.Quliyev bu peşənin sirlərini uşaq yaşlarında atasından öyrəndiyini bildirib. Ailəsini dolandırmaq üçün ilin bütün fəsillərində istixana və açıq havada gül yetişdirən E.Quliyev Hollandiyadan gətirilən “qızıl gül”ün 8 sortunun toxumunu torpağa səpərək, onlara xüsusi qulluq etdiyini və yaxşı nəticə əldə olunduğunu deyib: “Hollandiyadan gətirilən “Qran-pri”, “Dolas”, “Pristij”, “Qrand kala”, “Klass”, “Virciniya”, “Ağ gül”, “Rafaella” sortları yerli güllərdən fərqli olaraq qulluğu daha çox sevir, incə və zərif olurlar. Hər gün bu güllərə nəzarət olunmalı, torpaqdakı ziyanverici həşəratlara qarşı dərmanlama işləri aparılmalı, hava şəraiti düzgün tənzimlənməlidir. Demək olar ki, günün çox hissəsini bu bağda keçirirəm”.
Eldar Quliyev işindən xüsusi zövq aldığını və sevimli peşəsinin sirlərini övladlarına da öyrətdiyini bildirib. Həyatını gülçülüyə həsr edən E.Quliyev dükanları da güllə təmin edir. Gülün bir ədədini müştərilərə 1 manata satır. O, qış fəsli olmasına baxmayaraq park və bağlarda, həyətyanı sahələrdə gül tinglərinin əkini prosesinin davam etdiyini və hazırda gül kolları ilə bağlı çoxlu sifarişlərin olduğunu bildirib. Göyçay və ətraf rayonlarda bəzi park və bağların yaşıllaşdırılmasında onun yetişdirdiyi gül kollarından istifadə edilib. Hazırda E.Quliyev bağda satış məqsədilə 3 min ədəd gül tingi yetişdirir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychay_sakini_baginda_Hollandiyadan_getirilen_guller_yetisdirir-914148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR