Qaraciyər yağlanması: təhlükə nə zaman başlanır? - DİQQƏT!

Qaraciyər yağlanması: təhlükə nə zaman başlanır? -  DİQQƏT!
20:39 24 Dekabr 2015
112 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Hər dörd nəfərdən birində qaraciyər yağlanmasına rast gəlinir”

 

“Əksər hallarda qaraciyər yağlanması zamanı hər hansı ağrı, digər əlamətlər müşahidə edilmir

 

“Bu problem üçün yaş sərhədi yoxdur”

 

“Yüngül yağlanmada konkret pəhriz proqramı tərtib olunmur”

 

“Artıq çəkili insanların böyük əksəriyyətində qaraciyər yağlanmasına rast gəlinir”

 

“Heyvani yağlardan imtina olunmalı, ümumiyyətlə, yağ istifadəsi azalmalıdır”

 

 

“Qaraciyər yağlanması bütün dünyanı maraqlandıran, narahat edən mövzulardan biridir.

Yağlanma ümumi məfhumdur. Xroniki qaraciyər xəstəliklərinin böyük əksəriyyətində qaraciyər yağlanmasına rast gəlmək mümkün olur”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında hepatoloq-qastroenteroloq Müslüm Nursoy deyib.

 

Həkim bildirib ki, qaraciyərində yağlanma aşkarlanan bütün xəstələr mütəxəssis tərəfindən dəyərləndirilməlidir: “Yağlanmanın gizli səbəbləri ola bilər. Ona görə də bununla bağlı dəqiq mütəxəssis dəyərləndirməsi aparılmalıdır. Daha əvvəllər qaraciyər yağlanması hər hansı bir xəstəliyə bağlı hal kimi təqdim olunurdu. Yəni əvvəllər ancaq belə qəbul edilirdi ki, virus hepatitlərinə, qaraciyərin metabolik xəstəliklərinə və digər xroniki xəstəliklərə bağlı olaraq qaraciyərdə yağlanma yarana bilər. Ancaq son zamanlarda münasibət fərqlidir və xroniki qaraciyər xəstəlikləri arasında ən çox rast gəlinən problemin qaraciyər yağlanması olduğu qəbul edilir”.

 

Qastroenteroloq deyib ki, qaraciyər yağlanmasının ən çox rast gəlinən səbəbi alkoqol qəbuludur: “Amma bu gün hamını daha çox qeyri-alkoqol səbəbli yağlanma narahat edir.

 

Alkoqol qəbul edən və qəbul etməyən insanlarda yağlanma ilə bağlı eyni əlamətlər müşahidə olun bilər. Bütün dünya artıq alkoqola bağlı olmayan yağlanmanı problem kimi qəbul edir. Hazırda ABŞ-da qaraciyər transplantasiyası səbəbləri arasında bu hal üçüncü yerdə durur. Yəni bu hal qaraciyər çatışmazlığına səbəb ola bilər və bunun da transplantasiya ilə nəticələnməsi mümkündür”.

 

M. Nursoy bildirib ki, qaraciyər yağlanması bir neçə mərhələyə aid edilir. Bu da bəsit bir yağlanmadan, iltihaba, qaraciyər çatışmazlığına və hətta xərçəngə qədər inkişaf edə bilər: 

 

“Bu gün dörd nəfərdən birində qaraciyər yağlanmasına rast gəlinir. Bu hətta bəsit bir yağlanma olsa belə mütləq bu sahə üzrə mütəxəssis tərəfindən müayinə olunmalıdır.

 

Əvvəllər belə təsəvvür var idi ki, orta yaşlı insanlarda və qadınlarda yağlanmaya daha çox rast gəlinir. Amma tibb inkişaf etdikcə, araşdırmalar genişləndikcə məlum oldu ki, əslində belə deyil. Kişilərdə də qadınlar qədər eyni dərəcədə bu problemə rast gəlinir və bu problem üçün yaş sərhədi yoxdur. Hətta uşaqlarda da yağlanmaya təsadüf edilir. Amma biz uşaqlar arasında bu hala o qədər də rast gəlmirik”.

 

 

Onun sözlərinə görə, alkoqola bağlı olmayan qaraciyər yağlanmasının əsas səbəbi kimi metabolik prosesdə ortaya çıxan problemlər qəbul olunur. Metabolik proses zəncirində yaranan hər hansı problem nəticəsində qaraciyər yağlanması baş verə bilər:

 

“Qaraciyər yağlanması aşkarlandığı hallarda bunun səbəbi araşdırılmalıdır. Yağlanmanın səbəbi tapılmalıdır. Səbəbi bilmək üçün ən dəqiq müayinə metodu biopsiyadır.

 

Bir xəstəyə qaraciyər yağlanması diaqnozu qoymaq üçün ümumi qaraciyər ağırlığının beş faizdən artığında yağ toplanması olmalıdır”.

 

Həkim bildirib ki, əksər hallarda qaraciyər yağlanması simptomsuz keçir, hər hansı ağrı, digər əlamətlər müşahidə edilmir. Bəzi xəstələrdə isə yorğunluq, halsızlıq, nadir hallarda sağ qabırğa altında, qaraciyər böyüdüyü hallarda, yüngül ağrılar ola bilər:

 

“Yağlanma zamanı müəyyən laborator qaraciyər funksional testlərində müəyyən yüksəlmələrin olması mümkündür. Bunlara əsasən də yağlanmasının olduğunu demək olar. Amma bu da sırf xəstəliyə xas olan hal deyil. Məsələn, laborator testləri normal halda olan xəstələrdə histopatoloji müayinə zamanı qaraciyər yağlanması aşkarlana bilər”.

 

Onun sözlərinə görə, bu, istisna hallarda mümkündür. Ona görə də funksional testlərin nəticələrinin normal olması hələ qaraciyərdə yağlanma olmaması demək deyil.

 

 

M. Nursoy qeyri-alkoqol mənşəli qaraciyər yağlanmasının əsasən üç səbəblə - şəkərli diabet, hiperlipidemiya - orqanizmdə lipidlərin normadan artıq olması və artıq çəki ilə bağlı olduğunu bildirib:

 

“Əsas səbəb kimi bunlar qəbul edilir. Artıq çəkili insanların böyük əksəriyyətində qaraciyər yağlanmasına rast gəlinir. Bu gün artıq çəki ilə bağlı yaranan qaraciyər yağlanmasına daha çox rast gəlirik”.

 

Həkim onu da deyib ki, normal çəkili insanlarda da yağlanma mümkündür və bu digər səbəblərə bağlı ola bilər.

 

Mütəxəssis onu da bildirib ki, bəsit yağlanma zamanı böyük ehtimalla gələcəkdə hər hansı fəsad qeydə alınmır: “Lakin bu xəstələr də həkimin təyin etdiyi aralıqlarla müayinə olunmalıdırlar, nəzarətdə qalmalıdırlar. Bu gün bəsit yağlanması olan xəstə sabah iltihabi qaraciyər yağlanması ilə qarşımıza çıxa bilər.

 

Adətən bəsit yağlanma halında xəstələrə hər hansı dərman müalicəsi tətin olunmur. Sadəcə, artıq çəki varsa, ondan qurtulmaq, düzgün həyat tərzi, hərəkətliliyi artırmaq, ehtiyac varsa pəhriz tövsiyə olunur.

 

İltihabı yağlanma olanda isə bu tövsiyələrlə yanaşı müəyyən dərmanlar da təyin edilir”.

Həkim bildirib ki, belə hallarda konkret pəhriz proqramı yoxdur, sadəcə, heyvani yağlardan imtina olunmalı, ümumiyyətlə, yağ istifadəsi azaldılmalıdır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR