Uzun müddətdir işsiz qalan Türkiyənin təcrübəli məşqçilərindən sayılan Yılmaz Vuralın işsiz günləri başa çatıb.
ANS PRESS-in məlumatına görə, Mehmet Özdileklə yollarını ayıran "Gənclərbirliyi"ni bundan sonra Yılmaz Vural çalışdıracaq. Türkiyənin ən çılğın və qalmaqallı məşqçilərindən sayılan Vuralla bu gün rəsmi müqavilə imzalanacaq.
Mehmet Özdilek
Yılmaz Vural "Gənclərbirliyi"nin prezidenti İlham Cavcavın 38 illik rəhbərliyi ərzində etimad göstərdiyi 60-cı məşqçi oldu. Buna qədər İlham Cavcav 59 baş məşqçini yola salıb. Hazırda "Gənclərbirliyi" 16 turdan sonra topladığı 13 xalla turnir cədvəlində 16-cı sırada yer alır.
Yılmaz Vural
62 yaşlı Vural məşqçilik karyerasına 1986-ci ildə "Malatyaspor"da başlayıb. Onun son iş yeri olan "Karabükspor" ötən mövsüm elitanı tərk etmişdi.