Üzən manat və “baxış aydınlığı”...

Üzən manat və “baxış aydınlığı”...
23:12 24 Dekabr 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az virtualaz.org-a istinadən Məmməd Süleymanovun yazısını təqdim edir
Çoxdan görüşməyən iki dost haqda lətifə var. Birincinin "Necəsən" sualına ikincisi başına gələn fəlakətləri sadalamaqla cavab verir.

Birincisi deyir: "Həyat zebra kimidir: onun da ağ və qala zolaqları var. Sən indi qara zolaqdasan. Sonra ağ zolaq gələcək".

Növbəti dəfə görüşəndə yenə eyni suala cavab olaraq ikincisi söyləyir: "Sən demə, o vaxtkı ağ zolaqmış. Qara zolaq indidir".

10 ayda iki devalvasiya şoku yaşayan bizlər üçün çox uyğun nəticədir. Növbəti "qara bazar ertəsi" bundan sonra fevralın 21-dəki devalvasiyanın qaralığını şüuraltına qovacaq. Kimlərsə də ilin əvvəlini "ağ zolaq" kimi xatırlayacaq. Və ilin ən etibarsız valyutalarından birinə çevrilən manatın son devalvasiyasının tamamilə qaçılmaz olduğunu anlamağımız da heç bir halda zərbələri yüngülləşdirməyəcək.

Çünki əgər qaçılmaz idisə, deməli, yenə təkrarlana bilər, biz hələ üçüncü seriyanı da seyr edərik (bəlkə lap serial da oldu).

Deməli, "qara zolaq" acı bağırsaq kimi uzanaraq hər dəfə onsuz da kövrək olan müvazinətimizi laxladacaq. Axı devalvasiyanı qaçılmaz etmiş səbəblərin heç biri ortadan qalxmayıb, heç yaxın gələcəkdə ortadan qalxacağı da gözlənilmir.

Ancaq bu qaçılmazlığı anlamaq hələ onun mənşəyini bilmək anlamına gəlmir. Yəni biz səbəbləri bilirik, ancaq əsas olanından - Kamyunun söylədiyi "baxış aydınlığı"ndan məhrumuq. Halbuki ən əsası bu "baxış aydınlığı"dır.

Yəni bizə deyirlər və biz də razılaşırıq ki, qlobal böhrandır, neft düşür, Federal Rezerv Sistemi uçot dərəcəsini yüksəldir, Azərbaycanın əsas valyuta mənbəyi və ixracat maddəsi neftdir, qeyri-neft sektoru yoxa taydır, manatı zorla dəyərdə saxlamağın da bir həddi var və s. və i.

Bunlar aydındır və fevraldan bəri hər an manatın sərbəst buraxılacağını gözləmək olardı. Yəni baş verənləri bazar diqtə edir, bizə yolu böhran göstərir.

Və elə buradaca diqqət etməliyik ki, müasir neoliberalizmdə bazara da, iqtisadiyyata da, valyutaya da canlı personajların rolu yazılır. Yəni "Bazar deyir ki..."

Nə deyir bazar? O, danışa bilir, hansı dildə danışır? Canlıların əşyalaşdırıldığı formasiyada, anlayışlara canlı statusu yazılır. Bir sözlə, biz təhrif olunmuş leksikon, Oruellin məşhur "yenidil"ini ("novoyaz") dinləyirik, bazarın, iqtisadi terminlərin möhtəşəmliyi ilə yemlənirik.

Halbuki sirr deyil: aqressiv neoliberalizm hətta klassik iqtisadiyyat qanunlarını da basıb keçir, iqtisadiyyatı siyasətə, siyasi iradəyə tabe etdirir. Adicə bütün milli valyutaların məhz dollardan asılılığı doqması iqtisadiyyat qanunlarını alt-üst etmirmi?

Yaxud neftin qiymətindəki çöküşlər iqtisadidən qat-qat çox məhz siyasi faktorlarla bağlı deyilmi? Elə Rusiya kimi iri dövlətə qarşı sanksiyalar təklif və tələbat arasındakı korrelyasiyanı zorakı yolla pozmaq deyilmi?

Məhz bu suallardan sonra da "baxış aydınlığı"na ehtiyac yaranır. O, ona görə lazımdır ki, bilək: alternativ vardımı və varmı?

Qaranlıq dövrlərdə hamının hər sahədə öz xilas proqramı peyda olur. Diletantlar üçün bu cür dövrlər psevdo-özünütəsdiq şansıdır. Yəni onlar dürlü reseptlərlə meydanın kənarına gəlirlər (xaosda isə meydana girirlər).

Məsələn, deyirlər: ölkədə qeyri-neft sektoru inkişaf etdirilsəydi, biz "neft iynəsi"nə oturmasaydıq, indi də bu günə qalmazdıq.

Başqaları buraya korrupsiyanın tüğyanını, idarəçilikdəki qeyri-peşəkarlığı, volyuntarizmi, biznes üçün şəraitin olmamasını, təsadüfi kadrlara əhəmiyyətli sahələrin tapşırılmasını və s. də əlavə edirlər.

Halbuki hətta yuxarıda sadalananlar da bu və ya digər dərəcədə həllini tapsaydı belə, bunların heç biri alternativ olmayacaqdı. Çünki "baxış aydınlığı" problemlərin kökündə SSRİ-nin demontajından sonra "yeni demokratiyalar"a hurreylə sırınmış (və periferiyaların da bəh-bəhlə qəbul etdiyi) neolberal kursun dayandığını göstərir.

Bizim də 1990-cı illərin əvvəlində hansısa faizlə sosial dövlət, yaxud qeyri-kapitalist anklav qurmaq şansımız vardı. Olmadı və yerinə özünün terapiyasız şoku ilə neoliberalizm gəldi. Mərkəz kapitalizmi biz periferiyalara çıxa bilməyəcəyimiz cızıqları cızdılar: istehsal tar-mar olmalı, zavod-fabrik bağlanmalı, sökülüb satılmalı, bütün sahələr (o cümlədən sosial) özəlləşdirmə adı altında dağıdılmalı, ölkə isə mərkəzi kapitalizm üçün xammal əlavəsinə çevrilməlidir.

Aqressiv neoliberalizmin çoxlarına yazdığı bu rol bizə də aiddir. Onlar qaçılmaz öhdəliklər, pozulması qadağan şərtlər kimi sırındı...

Qeyri-neft sektorunu inkişaf etdirməklə onsuz da əcnəbi bazarlara çıxmaq şansı tanınmayacaqdı (odur, ənənəvi olaraq zeytun və zeytun yağı ixrac edən Yunanıstanı cüzi kvotaya otuzdurdular, zeytunluqları isə Brüssel məhv etdirdi).

O ki qaldı neftə, mahiyyətcə möhtəkir olan neoliberal köpəkbalıqları üçün onun qiyməti ilə məhz subyektiv faktorlar əsasında manipulyasiya etmək heç də çətin iş deyilmiş: istəsələr - yenidən bahalaşdırar, istəməsələr - 30 dollara da endirərlər.

Yox, bu, konspirologiya deyil, bu, günümüzün adi reallığıdır. Sonra isə baş verənləri iqtisadi terminlərə çevirmək heç də çətin deyil.

Neoliberalizmin elmi təlimi yoxdur, yalnız ideologiyası var, bu ideologiyanı isə hazır, qışqıran və emosional terminlər dəstindən yararlanaraq ritorikaya çevirmək çətin iş deyil.

"Baxış aydınlığı" da elə budur - neoliberal kursu seçmiş bütün periferiya kapitalizmi ölkələri eyni qisməti yaşayır, çünki onlara "iqtisadi zənci" rolu yazılıb. Əgər hansısa dövlət nə vaxtsa fəxrlə, panaseya kimi özünü hazırkı qlobal iqtisadiyyata qoşubsa, bu sistemin iyerarxiyasındakı aşağı yerinin də fərqində olmalıdır.

Böhranlar isə zəif həlqələri qırır. O həlqələri ki, sistem onların bərkiməsinin əleyhinədir. Əks halda periferiya da mərkəzə çevrilmək iştahasına düşə bilər.

Və ən qəribəsi də odur ki, baş verənlərin mənşəyini görmək istəməyənlər hələ də hakimiyyətdə təmsil olunmayan (müxalif sayılan) hansısa neoliberalların vəziyyəti düzəldə biləcəyini təbliğ edirlər.

Yanılırsız - onlar manatın 100 faizli dəyərsizləşməsini birdəfəyə edəcəkdilər...
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR