Neft 15 dollara düşəcək? QORXULU PROQNOZ

Neft 15 dollara düşəcək? QORXULU PROQNOZ
00:12 25 Dekabr 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"Birja alverçiləri 2016-cı ildə dünya bazarlarında xam neftin qiymətini 1 barel üçün 15 dollaradək aşağı salmaq niyyətindədir".
Dünyanın ən nüfuzlu xəbər agentliklərindən biri Bloomberg dünən belə məlumat yayıb.
Agentlik vurğulayır ki, neft alverçiləri qısamüddətli fyuçers müqavilələrini satın alır və bu minvalla xam neftin ciddi ucuzlaşacağı təqdirdə böyük gəlir əldə etmək istəyirlər. Alverçiləri belə davranışa sövq edən başlıca amil OPEC-in gündəlik hasilat kvotalarını artırmaqla bağlı bu ay qəbul etdiyi qərardır. Təşkilat yeni qərarı rəsmən açıqlamasa da, ərəb mediası, habelə ciddi xəbər agentliklərin məlumatlarına görə, sutkalıq hasilatı 30 milyon bareldən 31,5 milyon barelədək artırmaq nəzərdə tutulub.

Digər mənfi amil ABŞ-ın və Avropa Birliyinin uzun illərdən bəri tətbiq etdiyi sanksiyalar çəmbərindən qurtulmaqda olan İranın neft bazarına çıxışıdır. Rəsmi Tehran bazara çox böyük həcmdə "qara qızıl" çıxara bilər.
Üçüncü amil isə bir sıra ölkələrdə, o cümlədən Nigeriya, Venesuela, Meksika və Rusiyada hasilat həcmlərinin artırılmasına hazırlıqdır.
"Goldman Sachs" investisiya bankı hesab edir ki, gələn il də dünya bazarlarında xam neftlə bağlı təklif tələbatdan xeyli artıq olacaq və sonucda "qara qızıl"ın qiyməti 1 barel üçün 20 dollara düşəcək.
Nyu-York Xammal Birjasında indi bağlanan bəzi müqavilələrdə 2016-cı ilin dekabrında neftin qiyməti 20 dollar səviyyəsindədir. Artıq 640 min barel məhz bu qiymətdən satılıb.
Halbuki, dünən OPEC bəyanatında bildirmişdi ki, hesablamalarına görə, xam neftin qiyməti 2040-cı ilədək 160 dollaradək artacaq.
OPEC bu ayın əvvəlində hasilat kvotalarını artırmaq qərarına gələndən sonra dünya bazarlarında neft daha da ucuzlaşıb. Kartelin özünün "neft zənbili" 38,03 dollardan 30,74 dollardək "Brent" markalı neft isə 43,5 dollardan 36,14 dollara qədər ucuzlaşıb.
Neft qiymətlərinin ucuzlaşmasının ilk qurbanı elə OPEC oldu. Təşkilat ötən ilin əvvəllərindən bəri çalxalanır, bir sutkada çıxarılan neftin kvotaları ilə bağlı üzv ölkələr arasında razılıq yoxdur.

Təşkilat üzvü olan ölkələrin bir qismi hasilat həcmlərini yüksək səviyyədə saxlayaraq izafi tələbatı qorumaq istəyir, yerdə qalanları isə hasilatı azaltmaq və bu minvalla qiymətləri qaldırmaq, beləcə "qara qızıl" satışından büdcəyə axan pulları çoxaltmağa can atırlar.
Ən çox uduzanlar Rusiya, Venesuela, Əlcəzair və Nigeriyadır. Adlarını çəkdiyimiz ölkələrin hər birinin neftin ucuzlaşması nəticəsində məruz qaldığı itkiləri dəyərləndirmək üçün büdcənin neft pullarından asılılığı ilə yanaşı, dövlətin geosiyasi çəkisini də nəzərə almalıyıq.
Əsas məsələlər neft satışından əldə olunan gəlirlərin ümumi məbləği, neft satışlarının ixracatdakı payı və itkilər maksimumudur. Yəni bu maksimum büdcə xərcləri ilə bağlı dövlətin öhdəliklərini yerinə yetirmək üçün minimum hədd sayılır.


Sadaladığımız ölkələrin neft qiymətlərinin ucuzlaşmasından aldığı zərbələri geosiyasi amillər daha da ağırlaşdırır.
Neft gəlirlərinin azalması Venesuela, Əlcəzair və Nigeriyada kütləvi etiraz aksiyaları yaradacaq. Bundan başqa, dövlətin cari büdcə xərclərini təmin edə bilməməsi, gəlirlərin paylanmasında yaranmış disbalanas siyasi qeyri-stabilliyi gücləndirəcək.
Proseslər artıq başlanıb. Belə ki, dekabrın 6-da Venesuelada keçirilmiş parlament seçkilərindəki iqtidardakı siyasi blok 1999-cu ildən bəri ilk dəfə məğlubiyyətə uğrayıb.
Rusiyanın vəziyyəti daha ağırdır, çünki bu ölkə Qərbin tətbiq etdiyi sanksiyaların məngənəsi ilə neftin ucuzlaşması məngənəsi arasında qalıb. Neft pullarının azalması Rusiyanın büdcəsinə birbaşa zərbədir.

Vladimir Putin rejiminin Suriyadak münaqişəyə müdaxiləsi, təyyarələrini yollayaraq Suriyadakı mövqeləri bombardman etdirməsi də uzunmüddətli əməliyyat deyil. Yox, bu əməliyyat ən uzağı bir neçə ay da davam edəcək, sonra başa çatacaq. Rəsmi Moskva Suriyada çox ciddi geosiyasi maraqlarının olmasına rəğmən, hər gün 3 milyon dolları bombardmanlara sərf etmək bahasına başa gələn "əzələ nümayişi"ni uzun müddət davam etdirə bilməyəcək.
İranın büdcə gəlirləri xam neft və təbii qaz satışlarından əhəmiyyətli dərəcədə asılı olmasına rəğmən Tehranın itkiləri fəlakətli deyil. İrandakı neft yataqları neft hasilatının daha baha başa gəldiyi məkanlardan fərqli olaraq, indiki şəraitdə belə, ölkəyə gəlir gətirə bilər.
ABŞ-dakı şist yataqlarındakı hasilat və ya Arktikada geoloji-kəşfiyyat işləri isə tam əksinə, günbəgün bahalaşır.
Birləşmiş Ştatlarsa neftin ucuzlaşmasından udanlarla uduzanlar arasındadır. Amerikalıların enerji idxalından qurtulmağa yönəlmiş cəhdlərinin simvolu sayılan şist nefti və qazı Vaşinqtona baha başa gəlir. "Qara qızıl"ın indiki ucuzlaşma şəraitində belə hasilat rəqabətə davamlı deyil. Fəqət, Ağ Ev şist neftindən strateji məqsədlərlə istifadə vasitələrini arayır və çıxış yolunu neft bazarlarındakı rəqiblərinin, ələlxüsus da Rusiya ilə Səudiyyə Ərəbistanının mövqelərinin daha da zəiflədilməsində görür.

Səudiyyə Ərəbistanının iqtisadiyyatı neftdən çox asılı olsa da, rəsmi Ər Riyad hələ də müəyyən hərəkət azadlığına malikdir.
Səudilərin valyuta ehtiyatları böyük, maliyyə bazarlarından yararlanma vasitələri genişdir və məhz bu səbəbdən Ər Riyad ümumdaxili məhsulun (ÜDM) 20 faizlik kəsirinə dözə bilər.
Neft hasilatı templəri ilə həcmini aşağı salmaq niyyətində olmayan səudilər bazardakı Rusiya və İran təki rəqiblərini daha da zəiflətmək, ABŞ-ın şist nefti planlarını alt-üst etmək və kvotaları çoxaltmaqla geriləməmk istəyir.
Lakin səudilər üçün kritik məqam apardıqları oyunun çox uzanmamasıdır.
Dünya bazarlarında xam neft qiymətlərinin ucuzlaşmasından udanlarsa istehlakçılardır. Avropa Birliyi, xüsusilə də Hindistan, Çin, Yaponiya və Cənubi Koreya son həftələrdə Fars Körfəzi ölkələrindən neft idxalını daha da artırıblar.
Di gəl, neftin ucuzlaşması nəticəsində büdcə gəlirlərinin azalması Fars Körfəzi ölkələrində enerji böhranı və siyasi xaos yaradanda iri istehlakçılar, alıcılar nə edəcəklər - bu, bambaşqa məsələdir.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR