ABŞ-a qarşı qanun layihəsini hazırlayan deputat danışdı

ABŞ-a qarşı qanun layihəsini hazırlayan deputat danışdı
09:12 25 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev hazırladığı "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsinə münasibət bildirib.

ABŞ səfirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev "Yeni Müsavat"a bunları deyib: "Biz qanun layihəsini hələ görməmişik. Lakin biz həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq. Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması, təkmilləşdirilməsi sahələri davamlı dialoq və təhlilin aparılmasını tələb edir. 

Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa açığıq". Qeyd edək ki, azərbaycanlı deputat Amerika Birləşmiş Ştatlarının (ABŞ) Helsinki Komissiyasının sədri konqresmen K.Smit tərəfindən ABŞ Konqresinə təqdim edilən Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı" adlı layihəyə cavab olaraq qanun layihəsi hazırlayıb. Qanun layihəsində ABŞ rəsmilərinə və şirkətlərinə qarşı sanksiya tətbiqi ilə bağlı təkliflər əksini tapır. "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev qəzetimizə müsahibəsində mövqeyinə haqq qazandırdı: 

- Rövşən bəy, ABŞ-a qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin müəllifi kimi nə düşünürsünüz, bu cür sərt dildə hazırlanan layihə Azərbaycana baha başa gəlməz ki?
  
- Bilirsiniz, bu gün Azərbaycanın ən dəyərli varlığı onun azadlığı və müstəqilliyi ilə bağlıdır. Əgər biz bu gün bununla bağlı mübarizə aparmağa hazırıqsa, digər məsələlərə fikir verməməliyik. Burada Azərbaycanın müstəqil dövlət olduğunu, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, 1 milyon qaçqın və köçkünün problemlərini, Xocalı soyqırımının törədilməsini biz heç bir halda yaddan çıxara bilmərik. Mən uzun müddətdir bu problemlə bağlı çalışıram və bir çox halların şahidi olmuşam. 

Mən 2009-cu ildə Dağlıq Qarabağda olmuşam, separatçı rejimin rəhbəri Bako Saakyanın şüuru ilə tanışam. İki dəfə Ermənistanda olmuşam, Serj Sərkisyanla ünsiyyətdə olmuşam, onun intellektual səviyyəsinə bələdəm. Bu, mənimçün qaranlıq bir məsələ deyil ki, deyim nədənsə məlumatım yoxdur. Təbii ki, əsas məsələ danışıqlar prosesində, prezidentlər səviyyəsində həll olunur, pərdəarxası ki, məsələlərdən tam məlumatlı deyilik.  

- Ancaq bütün bunlar sizin hazırladığınız sənədin predmetini təşkil eləmir. ABŞ Konqresinə təqdim olunan sənəddə də xüsusi vurğulanıb ki, bütün bunların Dağlıq Qarabağla bağlı ABŞ-ın siyasətinə aidiyyəti yoxdur. 

- Yox, elə deyil. Bilirsiniz necədir? Pərdəarxası məsələlər qaldırılıb. Məsələ bundan ibarətdir ki, əgər Konqres təqdim olunan layihəni qəbul etsə, deməli, Konqres səviyyəsində qəbul olunur ki, Azərbaycanda insan haqlarının vəziyyəti mənfidir. Belə olan halda biz ki, Azəbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə ən yüksək status təklif edirik, onu da uzun müddətdir Sərkisyan, Köçəryan və qeyriləri Azərbaycanda insan haqları ilə bağlı problemin mövcud olduğunu bütün dünyaya çatdırırlar. Beləliklə də erməni lobbisinin təsiri altında konqresmen Smit bunu yazıb verirsə və bunu təsdiq edirlərsə, qərar layihəsini Konqresdən də keçirirlərsə, belə çıxır ki, həqiqətən də Azərbaycanda yaşamaq qeyri-mümkündür, Dağlıq Qarabağ erməniləri heç bir halda Azərbaycanın tərkibində yaşaya bilməzlər, çünki onlar sülhsevərdirlər, amma biz mənfi vəziyyətdə qalırıq. 

- Amerika kimi nəhəng, dünya siyasətinə təsir etmək gücünə malik dövlətlə sanksiya dili ilə danışmaq nə dərəcədə doğrudur? Bir sıra hallarda ABŞ rəsmilərinin hansısa ölkəyə səfər etməsi həmin dövlətin aktivinə yazılır. Siz isə Amerika hökumət təmsilçilərinə sanksiya tətbiq olunmasını istəyirsiniz. Bu, ölkəmizə nə verəcək?  

- Azərbaycan hökuməti ilə Amerika hökuməti arasında çox sıx işbirliyi var. Bu, Azərbaycan hökumətinin deyil, bir millət vəkilinin mövqeyidir. Mən təklifimi irəli sürürəm, parlament, hökumət nə cür reaksiya verəcək, bu, mənim işim deyil. Bir tərəfdən Amerikadan konqresmen bu cür layihə irəli sürüb, mən də onun qarşılığında öz düşüncələrimi ortaya qoyuram. Amerika həmsədr dövlətlərdən biridir, ancaq biz nə ondan, nə Rusiya, nə də Fransadan dəstək, ədalətli mövqe görmürük. Xüsusilə də son zamanlar Uorlikin separatçı rejimin təmsilçiləri ilə, Saakyanla görüşü məni çox narahat edib. Mən İcma xətti ilə Fransada, digər Avropa dövlətlərində də olmuşam. Tədbirlərin rəsmi hissəsində onlar başqa cür danışırlar. Qeyri-rəsmi hissədə isə Azərbaycanın haqlı olduğunu bizə deyirlər. 

- Siz nədən indiyə qədər Rusiya haqqında anoloji sənəd hazırlamayıbsınız?  

- Mən həmişə öz çıxışlarımda Rusiyanın mövqeyi ilə bağlı iradlarımı bildirmişəm. Həmişə demişəm ki, Dağlıq Qarabağ problemində heç zaman Azərbaycan Ermənistana məğlub ola bilməzdi, əgər 366-cı alay Azərbaycanın əleyhinə çıxış etməsəydi.  

- Amma Rusiya rəsmilərinə qarşı sanksiya təşəbbüsünüz olmayıb...

- Elə bir ehtiyac olmayıb. Olsa, mən dərhal buna da öz reaksiyamı bildirərəm. 

- Elə bu il Rusiya Ermənistana 200 milyonluq silah yardımı etdi...

- Bilərəm, ondan qabaq da 1 milyardlıq yardım edib. Mən onların hamısı ilə bağlı bəyanat vermişəm. Mənimçün heç bir fərqi yoxdur, hansı dövlətdən Azərbaycana təhdid gəlsə, onunla bağlı mövqeyimi ortaya qoymuşam, bundan sonra da qoyacağam. 

- Deputat həmkarlarınız da sizin layihəni birmənalı qarşılamayıb. Məsələn, Fazil Mustafa Amerika ilə konfrantasiya tərəfdarı olmadığını qeyd edib. 

- Ola bilər, əlbəttə ki, hərənin öz fikri, mövqeyi var. Mən bütün mövqelərə hörmətlə yanaşıram. Hesab etmirəm ki, atdığım bütün addımlar düzgündür. Mən səlahiyyətlərim çərçivəsində layihə təqdim etmişəm.

- Bu, Azərbaycanın əleyhinə işləməz ki? Məsələn, ermənilər bundan Bakı ilə Vaşinqton arasındakı münasibətləri gərginləşdirmək üçün sui-istifadə edə bilərmi? 

- Kim necə istifadə edəcək, mən bilmirəm. Mən öz icmamın adından çıxış edirəm. Yəqin ki, Azərbaycan hökuməti, ölkə rəhbərliyi bu məsələ ilə bağlı öz mövqelərini bildirəcəklər. 

- Azərbaycan hökumətindən bu layihənizə reaksiya verilibmi? 

- Yox, mənə heç kim heç nə deməyib.

- Daha yaxşı olmazdımı ki, Azərbaycanın parlament nümayəndə heyəti ABŞ-a ezam olunardı və konqresmenlərlə danışıqlar yolu ilə münaisbətlər çözülərdi? Vəziyyəti bəlkə onda Azərbaycanın xeyrinə dəyişmək mümkün idi, nəinki aqressiv tonla? 

- Mən böyük məmnuniyyətlə orda da öz mövqeyimi səsləndirməyə hazıram.
 
- Bəs konqresmen Smitlə birbaşa əlaqə yaradıb onunla polemikaya girmək istəmisinizmi? 

- Mən buna çalışmamışam. O, bizim əleyhimizə bu cür sənədləri verib, əgər istəyərsə, mən böyük məmnuniyyətlə konqresmen Smitlə müzakirələrə hazıram. Ona görə layihəmdə var ki, cənab Smit, 1 milyon insanın haqqı pozulub, cənab Smit, Xocalı soyqırımı baş verib, ancaq ondan bir dənə bəyanat eşitməmişik. Nə təhər oldu ki, birdən-birə hər şey onun yadına düşdü? 

- Bakıdakı Amerika səfirliyinin mövqeyi ilə tanışsınız?

- Bəli, oxudum, çox normal da qarşıladım. 

- Sənəd nə zaman komitədə müzakirə olunacaq? 

- 29 dekabrda birbaşa parlamentə təqdim edəcəyəm. 

- Sizin qərar layihəsinin qəbulu, ABŞ-la gərginləşən münasibətlər Azərbaycanda əfvlə bağlı gözləntilərin üstündən xətt çəkə bilərmi?

- Problem də ondadır ki, Azərbaycan dövləti özü öz müqəddəratını həll edir. Amma bu kimi sənədlərlə dünyaya çatdırırlar ki, guya təzyiq nəticəsində əfv fərmanı verilir. Hər il möhtərəm cənab prezident əfv fərmanını imzalayır. Bu dəfə bunlar niyə ayrı-ayrı məsələləri bir-birinə qatır, bilmirəm. Mən əfv fərmanının olacağını gözləyirəm. 

- Qarabağ separatçısı Vaşinqtonda görüşlər keçirdi. Bəs Azərbaycan icması niyə ABŞ Konqresinə tədbirlər, görüşlər keçirmək üçün müraciət etmir?

- Azərbaycan icması olaraq dəfələrlə həmsədrlərə, Minsk Qrupu çərçivəsində bütün prezidentlərə müraciət etmişik. Təəssüflər olsun ki, heç birindən cavab almamışıq. Böyük məmnuniyyətlə Konqresdə görüşlər keçirmək istərdim. Amma Amerikadakı erməni lobbisi həddən artıq imkan sahibi olduğu üçün bunu edə bilir. Bizim icmanın isə elə böyük imkanı yoxdur. Biz onu bacarırıq ki, məktub yazıb cavab gözləyək, heç kimdən cavab ala bilmirik, bu, bizi çox narahat edir ki, bir belə insanın müqəddəratına biganə qalırlar. Amerikanın özündə insan haqları ilə bağlı bir çox problemlər var, amma Smit nədənsə Azərbaycanı hədəfə alıb. Təəssüf ki, Amerikada Azərbaycanın əleyhinə işləyən həmvətənlərimiz də var. Onlar dərindən düşünsələr, bu mövqedən əl çəkərlər... 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR