Pirallahı Yüksək Texnologiyalar Parkında Nümayiş zalının tikintisi yekunlaşıb

Pirallahı Yüksək Texnologiyalar Parkında Nümayiş zalının tikintisi yekunlaşıb
12:18 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Pirallahı Yüksək Texnologiyalar Parkında Nümayiş zalının tikintisi yekunlaşıb. Tikintisinə 2015-ci ilin əvvəlində başlanılan Pirallahı Yüksək Texnologiyalar Parkında (YTP) hazırda işlər üç əsas istiqamətlər üzrə aparılır.
Pirallahı rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, artıq Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılıb, ərazidə layihəyə uyğun inşaat işləri aparılır, “Shouroom” (Nümayiş zalı) adlı ilk tikilinin inşası isə tamamlanıb. Yaxın vaxtlarda digər obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və İnkubator idarəetmə ofisinin də təməlqoyma mərasimi planlaşdırılır.
Hazırda YTP ərazisindən keçən yol gələcəkdə dəniz kənarına keçiriləcək və bu magistral xətt tamamilə Yüksək Texnologiyalar Parkına məxsus olacaq. Layihə tam fəaliyyətə başlayandan sonra burada 3 minə yaxın işçi çalışacaq.
Yüksək Texnologiyalar Parkının layihəsinə əsasən tikinti işləri dörd mərhələ üzrə aparılacaq. İlk mərhələdə burada inzibati ofis, təhsil, tədris və kommersiya mərkəzlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, startapların ehtiyaclarına görə müasir laboratoriyalar və müəyyən test avadanlıqları da quraşdırılacaq.
Bundan başqa, Pirallahı Yüksək Texnologiyalar Parkının Tədris Mərkəzinin inşası nəzərdə tutulub. Mərkəzinin qurulması başa çatdıqdan sonra xarici ixtisaslaşmış məktəblərdən nümayəndələr dəvət olunacaq, startaplara qısa müddətli kurslar təşkil ediləcək. Hazırda xarici məktəblərlə bu istiqamətdə müvafiq danışıqlar aparılır.
Parkda resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və informasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin hazırlanması kimi vacib layihələrin həyata keçirilməsi planlaşdırılır.
Ərazidə tikinti işlərinin yekunlaşması və parkın istifadəyə verilməsi 5 ilə nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pirallahi_Yuksek_Texnologiyalar_Parkinda_Numayis_zalinin_tikintisi_yekunlasib-914246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR