Daha 10 dini icmaya pul ayrıldı

Daha 10 dini icmaya pul ayrıldı
14:47 25 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılan 10, yeni qeydiyyatdan keçən 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Dövlət Komitəsi sədrinin müavinləri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb: "Maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işinin yüksək səviyyəyə çatdırılmasıdır. Dini icmalara həyata keçirəcəkləri layihələrdə milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmaq, maarifləndirmə işini yerlərdə təkmilləşdirmək lazımdır".

Eyni zamanda S.Salahlı dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.

Sonda yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

Qeyd edək ki, 2015-ci il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq 87 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 68-i isə İslam dini icmasıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilir.

Həmçinin il ərzində Dövlət Komitəsi tərəfindən 52 dini icma qeydiyyata alınıb ki, bunlardan 49-u İslam, 3-ü isə qeyri-islam dini icmasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR