Başqasının bayrağını qaldıranların cəzası ağır olacaq

Başqasının bayrağını qaldıranların cəzası ağır olacaq
15:22 25 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda xarici dövlətlərin beynəlxalq təşkilatların bayraqlarını qanunsuz qaldıranları 4 min manatadək cərimə gözləyir.

Milli.Az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarını qanunsuz qaldıranlar, nümayiş etdirənlərə qarşı yeni cəzalar tətbiq edilir. Bu barədə yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 584-cü maddəsində göstərilib.

Maddədə bildirilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə, fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 500 manatdan 800 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimələnəcək.

Bəs qanunvericiliyə görə xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları Azərbaycanda nə vaxt və harada qaldırıla bilər?

Bununla bağlı suala aydınlıq gətirən hüquqşünas-ekspert Asif Abdullayev Milli.Az-a bildirib ki, bu məsələ birbaşa olaraq Milli Məclis tərəfindən qəbul edilmiş və 25 aprel 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" Qanunla tənzimlənir:

"Qanuna əsasən, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları həmin təşkilatların binalarının üzərində, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının və rəhbərlərinin iqamətgahları üzərində, xarici dövlətin və ya beynəlxalq təşkilatın  yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri zamanı müvafiq qaydalara uyğun müəyyən edilmiş yerlərdə və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə qaldırıla bilər. Qanunda göstərilir ki, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iş otaqlarında, Azərbaycana səfər edən xarici dövlətin dövlət və ya hökumət başçısının, dövlət nümayəndə heyəti rəhbərinin, beynəlxalq təşkilatın nümayəndə heyəti rəhbərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilə bilər. Qeyd edilən yerlərdən başqa xarici ölkə bayrağının yerləşdirilməsi qadağandır".

Bundan əlavə A.Abdullayev qeyd edib ki, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanuna əsasən, xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır: "Qanunda, həmçinin göstərilir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır".
 

Ekspert, həmçinin qeyd edib ki, mövcud İXM-nin 341-2-ci maddəsinə görə, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə fiziki şəxslər 10 manatdan 30 manatadək, vəzifəli şəxslər 30 manatdan 40 manatadək, hüquqi şəxslər 70 manatdan 100 manatadək miqdarda cərimə edilir.

Xatırladaq ki, Azərbaycan prezidenti tərəfindən parlamentə göndərilmiş yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 29-da müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunarsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək. 

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR