Nardaran qəsəbəsinin Abşeron küçəsində yenidənqurma işlərinə başlanılıb

Nardaran qəsəbəsinin Abşeron küçəsində yenidənqurma işlərinə başlanılıb
16:09 25 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
“Azəryolservis” ASC tərəfindən Nardaran qəsəbəsinin Abşeron küçəsinin yenidən qurulmasına başlanılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri çərçivəsində yolun eninin genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə yol boyu söküntü işlər aparılır. Belə ki, söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Layihəyə əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə küçədə hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağı yaradılacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 paqonmetr səki daşı düzüləcək. Ümumilikdə 40 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, küçədə müasir işıqlandırma sistemləri qurulacaq.
Analoji işlərin qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Ümumi uzunluğu 780 metr, eni 6 metr olan küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Burada da piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1 metr enində səkilər tikiləcək, 1500 paqonmetr səki daşı düzüləcək. Həmçinin 11 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, yeni işıqlandırma sistemləri qurulacaq.
Yenidənqurma işlərinin yüksək səviyyədə optimal müddətdə aparılması üçün “Azəryolservis” ASC tərəfindən qəsəbəyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nardaran_qesebesinin_Abseron_kuchesinde_yenidenqurma_islerine_baslanilib-914373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR