Bu il itirdiyimiz ulduzlar (FOTO)

Bu il itirdiyimiz ulduzlar (FOTO)
17:11 25 Dekabr 2015
111 Şou
Ölkə mətbuatı
A- A+

2015-cı ilin bitməsinə sayılı günlər qaldı. Bu ildə sevincli və kədərli hadisələrlə bol oldu. Dünyada təbii fəlakətlər minlərlə insanın canını aldı, neftinin qiymətinin il ərzində düşməsi fonunda baş verən hadisələr heç də ürəkaçan olmadı. Mədəniyyət aləmində də bu il itirdiklərimiz qazandıqlarımızdan çox oldu desək yanılmarıq.

Vidalaşmağa hazırlaşdığımız 2015-ci ilin ilk ayında, yəni 28 yanvar tarixində əməkdar incəsənət xadimi Vaqif Səmədoğlu dünyasını dəyişdi. Xalq şairi uzun müddət xərçəngdən əziyyət çəkib.

Şair, dramaturq, publisist Vəkilov Vaqif Səməd oğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), "Nəsimi" mükafatı laureatı (2014) olub. Vaqif Səmədoğlu Azərbaycanın Milli Məclisinə deputat da seçilib (2000).


Vaqif Səmədoğlu - xalq şairi


Azərbaycan mədəniyyət sahəsi üçün növbəti itki xalq artisti Ramiz Mirişli 81 yaşında dünyasını dəyişməsi oldu. Bəstəkar Ramiz Mirişli xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınıb. "Oxu tar", "Salam Kür çayı" mahnıları meydana gəldiyi gündən dillər əzbəri olmuş, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.

R.Mirişli 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olub. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışmış, 20 ildən artıqdır ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Koservatoriyasında dərs deyirdi. Xidmətlərinə görə, Ramiz Mirişli "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.


Ramiz Mirişli - bəstəkar

Azərbaycanın mədəni ictimaiyyətinə ağır bir itki Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova 2015-ci il aprel ayının 25-də ömrünün 93-cü ilində vəfat etməsi oldu.

Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlayıb. Adelaida xanım Məmmədova Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun anasıdır.


Adelaida Məmmədova - Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti


Məşhur kaman ustası, xalq artisti Habil Əliyev də bu il itirdiklərimizdən biridir. O, sentyabrın 8-i tarixində öz sevərlərini üzdü. Xalq artisti 88 yaşında uzun sürən xəstəlikdən sonra öz evində dünyasını dəyişib.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb.

Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.


Habil Əliyev - kaman ustası


Teatrlarımız da bu il ard-arda bir neçə istedadlı aktyor və aktrisasını itirdi. Əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov qəflətən insult keçirmə nəticəsində dünyasını dəyişdi. İlham Əsgərovun səhhətində problemlər 2010-cu ildən yaranmışdı. Həmin ilin dekabrında aktyor beyin insultundan müalicə olunub. 2012-ci il mayın 25-də isə İlham Əsgərov dublyaj vaxtı özünü pis hiss edib və pult arxasında yıxılıb.

İlham Təvəkkül oğlu Əsgərov 1958-ci il sentyabrın 3-də Ağsu rayonunda dünyaya gəlib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. İstedadlı aktyor Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

Aktyor 2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Əməkdar Artisti, 2006-cı il mayın 15-də Xalq Artisti fəxri adlarına layiq görülüb. 2012-ci il mayın 9-da, 2014-cü il aprelin 30-da və 2015-ci il mayın 6-da Prezident Mükafatına layiq görülüb.


İlham Əsgərov - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti


Nuriyyə Əhmədova öz gözlənilməz ölümü ilə hamını məyus etdi. Azərbaycanın tanınmış aktrisası ürəyin işemik xəstəliyindən, xəskin miakart infaktından dünyasını dəyişdi.

Nuriyyə Əhmədova 1950-ci il 26 dekabrda Bakıda anadan olub. İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. O , bir çox filmlərdə baş rollarda çəkilib. Nuriyyə Əhmədovanın ən sevilən rollarından biri "Həm ziyarət, həm ticarət" filmində oynadığı Nuriyyə obrazıdır.


Nuriyyə Əhmədova - Azərbaycanın xalq artisti


Onun ağrı acısını unutmamış aktrisa, əməkdar artist Gülnar Salmanovanın ölüm xəbəri gəldi. Aktrisa uzun müddətli ağır xəstəlikdən sonra oktyabrın 24-də vəfat etdi.

Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malik aktrisa "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb. 2015-ci il mayın 6-da Prezident Mükafatına layiq görülüb.


Gülnar Salmanova - əməkdar artist, aktrisa


Azərbaycan filmlərinin mahir ifaçısı, əməkdar artisti Ələsgər Məmmədoğlunun dünyasını dəyişməsi bu il mədəniyyət sahəsinə vurulan son zərbə oldu. Akademik Milli dram teatrının aktyoru dekabrın 22-də evində dünyasını dəyişib.

Ələsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirb. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

Ələsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam"V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi"K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın sujetinə çəkilən Ələsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.
2002-ci ildə Ələsgər Məmmədoğlu Əməkdar artist adına layiq görülüb.


Ələsgər Məmmədoğlu - əməkdar artist, aktyor


Azərbaycanla yanaşı dünya ölkələrində də ağıtr itkilər qeydə alındı. Yanvar ayı dünyanın daha bir şöhrətli məşhurunun vəfatı ilə yaddaşlara yazılıb. Belə ki, Yunanıstanın tanınmış müğənnisi Demis Russos Afinada dünyasını dəyişib. 68 yaşlı ifaçının "Goodbye my Love", "Goodbye", "Forever and Ever", "From Souvenirs to Souvenirs", "My Only Fascination" və bir çox mahnıları dünya hitinə çevrilib.


Demis Russo - Yunanıstanın tanınmış müğənnisi


Daha bir tanınmış türk müğənnisi Kayahan da gözlərini bu il əbədi yumdu. Müğənni uzun müddət xərçəng xəstəliyindən müalicə olunub. İlk dəfə 1990-cı ildə ayağındakı yağ kistasını müayinə etdirmək üçün xəstəxanaya gedib və ona xərçəng diaqnozu qoyulub. Onun altı ay ömrü qaldığı deyilib. Lakin Kayahan heç zaman xəstəliyə tabe olmayıb və mübarizə aparıb.
11 il sonra xəstəlik yenidən baş qaldırıb. Dörd əməliyyat və radiotearpiya müalicəsi sayəsində sağlamlığına qovuşan müğənni üçüncü dəfə eyni xəstəliyin cənginə keçib. Lakin bu dəfə edilən müalicələr heç bir nəticə verməyib.


Kayahan - Türkiyənin məşhur müğənnisi


Rusiya şou-biznesinin ulduzu Janna Friske ilyarımlıq mübarizədən sonra xərçəngə məğlub olub. 41 yaşlı sənətçi 16 iyunda gecə saatlarında keçinib.

Janna Friske 1996-cı ildən etibarən “Blestaşie” adlı qızlardan ibarət olan qrupda çıxış etdikdən sonra məşhurlaşmağa başlayıb. 2003-cü ildə isə solo karyera başlayıb, bundan əlavə olaraq bir neçə kinoda çəkilib. Janna eyni zamanda teleaparıcılıq da edib. Ailəli olub, bir oğlu var.


Janna Friske - məşhur rus müğənnisi


SSRİ-nin və Rusiya Federasiyasının məşhur rejissoru Eldar Ryazanov noyabrın 30-da, 89 yaşında Moskvada dünyasını dəyişib. Ryazanovun qohumları məşhur rejissorun ürək çatışmazlığından öldüyünü bildiriblər. SSRİ-nin xalq artisti Eldar Ryazanov 1927-ci ildə Rusiyanın Samara şəhərində dünyaya gəlib. Rejissorluqla yanaşı ssenarist də olan Eldar Ryazanov əsasən; “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, “İşdə məhəbbət macərası”, “Karnaval gecəsi”, “Qoca quldurlar” və s. filmlərlə şöhrət qazanıb.


Eldar Ryazanov - SSRİ-nin və Rusiya Federasiyasının məşhur rejissoru

Adıçəkilən şəxslərin hər biri öz sahəsi üzrə əsl sənətkarlar olublar. Ümid edirik ki, bu 2015-ci ildə itirdiklərimizin son siyahısı olacaq və qarşıdan gələn il daha az itkilərlə yadımızda qalacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR