Usta əli, tut ağacı, inək ürəyi - TAR ALƏTİ NECƏ HAZIRLANIR?

Usta əli, tut ağacı, inək ürəyi - TAR ALƏTİ NECƏ HAZIRLANIR?
17:14 25 Dekabr 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

Bir xalqın milli mənsubiyyətini müəyyənləşdirən amillərdən biri folklor musiqisidir. Bu barədə danışarkən musiqi alətlərinin rolunu xüsusilə vurğulamaq lazımdır.

 

“Tar çox qədim tarixə musiqi alətidir. Hələ XI, XII əsrlərdə yaşamış şairlərin yaradıcılığında bu alət barədə məlumatlara rast gəlmək olar. Müasir dövrdə isə Azərbaycan simli musiqi alətləri arasında ən təkmil və mükəmməl musiqi aləti hesab olunur”.

 

Tar aləti hansı müddətə, necə hazırlanır? Bu və digər suallara cavab tapmaq üçün  Musa Yaqubovun emalatxanasına yollanırıq. Milli Konservatoriyada yerləşən bu məkanda həm yeni alətlər hazırlanır, həm də təmir olunur.  Musa müəllim artıq 40 ildən çoxdur ki, tar ustası kimi fəaliyyət göstərir. Dediyinə görə, atası da tar ustası olub. Qardaşı ifaçıdır, elə oğlu da bu yolu davam etdirir. Bu alətin özəllikləri ilə tanış olmaq üçün ona müraciət etməyimizin də səbəbi budur. Ustaya ilk sualımız tar alətinin hansı ağacdan hazırlanması ilə bağlıdır.

 

“Çanaq üçün ən yaxşı material tut ağacıdır. Qarağac da ola bilər. Ən yaxşısı, tut ağacıdır. Qol hissəsi qoz ağacından hazırlanır. Kəlləsi də...”

 

Əsas iş istifadə olunacaq material əldə edildikdən sonra başlanır.

 

“Çanaq üçün ağac tən ortadan bölünür. Əvvəlcə kubik formasında olur. Özək hökmən çıxmalıdır. Özək qalsa, çatlaya bilər. Sonra kubikin içi bu formada çıxarılır. Sonra çöl hissəsi yonulur. Yonulduqdan sonra nə qədər çox qalsa, bir o qədər yaxşıdır. Azı 1-2 il qalmalıdır. Tarixini yazıram üstünə, qalır quruyur”.  

 

Ağac öncə kərki ilə, sonra xüsusi dəzgah, sonda isə xüsusi oyma aləti vasitəsilə oyulduqdan sonra qurumaq üçün günəş işığı düşməyən yerə qoyulur. Mütləqdir ki, üzərinə gün işığı düşməsin, yoxsa ağac çat verə bilər. Zaman keçdikcə rəngdə dəyişiklik olur.

 

Usta bizə bir sirri də açır. Əgər oyma işi aparılarkən əl yorulursa, o zaman dayanmaq lazımdır. Ən kiçik xəta belə alətin korlanmasına gətirib çıxara bilər. Oyulmuş tar uzun müddət qurumalıdır. Nə qədər çox qalsa, bu keyfiyyətə bir o qədər təsir edəcək. Amma bu zaman kəsiyində tez – tez yoxlama aparılmalı, hər hansı problemin olub – olmadığına diqqət yetirilməlidir.

 

Quruma prosesi bitdikdən sonra tarın digər hissələri birləşdirilir. Tar çanaq, qol və baş hissəsindən ibarətdir. Xüsusi yapışqandan istifadə olunmaqla tarın bütünlükdə, hissələri ilə möhkəm olmasına nail olmaq mümkündür. Məhz bundan sonra alət üzlənir, pərdələr və simlər yerləşdirilir. Qeyd edək ki, bir neçə il müddətində quruyan alətin tam hazır olma prosesi 1 aya yaxın zaman alır.

 

Tarın çanaq hissəsində olan pərdə inək ürəyinin pərdəsidir. Bir tarın hazırlanmasında iki ürək pərdəsindən istifadə olunur. Beləliklə, yeni alət hazırdır. Səslənmə yerindədir. Yeri gəlmişkən, səslənmənin keyfiyyəti tamamilə ustanın eşitmə qabiliyyəti ilə bağlıdır. Bu arada musiqi alətlərinin bir özəlliyi var. Alətin hazırlandığı müddətdə mütəmadi yoxlamaların aparılmaması nəticənin ürəkaçan olmamasına səbəb ola bilər. Musa usta deyir ki, əgər alət istədiyi kimi alınmayıbsa, onu yenidən hazırlayır.

 

Emalatxanada olduğumuz müddətdə təkcə, tar alətini deyil, digər alətləri də gördük. Öyrəndik ki, Musa usta digər alətlərin də hazırlanması və təmiri ilə məşğuldur. O hətta köhnə alətlərin yeni növlərini də yaradıb. Hətta 16 alətdən ibarət ansamblı da var. Kollektivə Musa m. özü rəhbərlik edir.

 

“Bu alət ərğəmun adlanır. Qədim alətdir. Abbasqulu müəllim mənə şəklini verdi, şəklə baxıb düzəltmişəm. Bu da qoşaqol kamançadır. Bir çanaqda iki qol yerləşdirmişəm. Bu, yeni alətdir. Demək olar ki, məni  ixtiramdır. Professor, xalq artisti Səyavuş Kəriminin layihəsinə əsasən hazırlamışam. Kamançanın bu hissəsi adi kamançanınkı kimidir, amma bu üzü bəm səslənir. 8 simdən ibarətdir. Üstün cəhəti odur ki, canlı efirdə iki xanəndə varsa, kökü dəyişməyə ehtiyac olmur”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR