Kimya Elmləri Bölməsinin institutlarında uğurlu elmi-tədqiqatlar aparılır

Kimya Elmləri Bölməsinin institutlarında uğurlu elmi-tədqiqatlar aparılır
18:13 25 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya Elmləri Bölməsinin (KEB) ümumi iclası keçirilib.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, KEB-in 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin hesabatına həsr olunan iclasda müvafiq elmi müəssisə və təşkilatların rəhbərləri, alimlər iştirak ediblər.
Bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib və iclasın Kimya Elmləri Bölməsinə daxil olan 4 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.
Sonra Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvi Məhəmməd Babanlı, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və Polimer Materialları İnstitutunun direktoru Akif Əzizovun elmi müəssisələrin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri barədə hesabatları dinlənilib.
Qeyd olunub ki, cari ildə bölmə üzrə 14 kitab və monoqrafiya, 450 məqalə (onlardan 210-u xaricdə, o cümlədən 131 məqalə impakt faktorlu jurnallarda), 684 tezis (onlardan 275-i xaricdə) dərc olunub. Bölmə əməkdaşlarının nəşr olunan işlərinə 650-yə yaxın istinadlar olub. Bundan əlavə bölməyə daxil olan institutların əməkdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müvafiq fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 20-yə yaxın qrantına layiq görülüblər. Cari ildə bölmə üzrə 18 mühüm elmi nəticə əldə olunub.
Hesabatla bağlı bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev, akademik Adil Qəribov və digər alimlər fikirlərini bildiriblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kimya_Elmleri_Bolmesinin_institutlarinda_ugurlu_elmi_tedqiqatlar_aparilir-914443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR