Azərbaycanda bankların uzunmüddətli resurs bazasının yaradılması üçün mexanizm hazırlanacaq

Azərbaycanda bankların uzunmüddətli resurs bazasının yaradılması üçün mexanizm hazırlanacaq
14:28 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Azad Həsənli/

2015-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) uzunmüddətli kreditlərin cəlb edilməsi imkanlarını artırmaq məqsədilə maliyyə mexanizmi yaradılması məsələsini öyrənəcək.

Trend xəbər verir ki, bu barədə AMB-nin rəsmi mətbuatda dərc olunmuş 2015-ci il üzrə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Gələn il Mərkəzi Bank iqtisadiyyatın şaxələnməsində bank-maliyyə sektorunun rolunun yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Maliyyə resurslarını iqtisadiyyatın şaxələnməsinə yönəldən, iqtisadi artıma effektiv dəstək verməklə gəlirlərin daha səmərəli bölüşdürülməsinə və sosial rifahın daha da yaxşılaşmasına xidmət edən maliyyə sisteminin formalaşması təşviq olunacaq.

Bəyanatda deyilir ki, faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu istiqamətdə bank sektorunun resurs bazasının artırılması üçün əhalinin, korporativ sektorun və institusional investorların uzunmüddətli yığımlarının bank sektoruna cəlb edilməsinin stimullaşdırılması diqqətdə saxlanılacaq.

Eləcə də əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi çərçivəsində qorunan əmanət və əmanətçilərin əhatəsinin genişləndirilməsi imkanlarına baxılacaq.

Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırmaq üçün yeni maliyyələşmə mexanizmlərinin yaradılması imkanları araşdırılacaq, bankların real sektora yeni məhsul və xidmətlər təklif etməsi təşviq olunacaq.

Bank sektorunda restrukturizasiyanın davam etdirilməsi, banklararası bazarın inkişaf etdirilməsi, banklarda daxili potensialın gücləndirilməsi və əməliyyat effektivliyinin yüksəldilməsi, habelə bank xidmətlərinin elektronlaşdırılması və distant bank xidmətləri faiz dərəcələrinə azaldıcı təsir edən amillər olacaq.

Bəyanata görə, regional bankçılığın inkişafı 2015-ci ildə də diqqətdə saxlanılacaq, kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaq. Regionlarda sosial rifahın yüksəlməsində mikromaliyyənin rolunu nəzərə alaraq bank olmayan kredit təşkilatlarının inkişafına diqqət artırılacaq. Mikromaliyyə institutları, o cümlədən “Azərpoçt” MMC-nin regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması üzrə əlavə tədbirlər görüləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR