Gərginlikdən necə qurtulmalı?

Gərginlikdən necə qurtulmalı?
21:12 25 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Bəzən insanlar müəyyən sosial problemlər, maddi sıxıntılar səbəbindən stress keçirir, ailədə, cəmiyyətdə gərginlik, psixoloji pozuntu halları artır. Hətta mütəxəssislərin fikrincə, bəzən belə hallar kriminal hadisələrin çoxalmasına da gətirib çıxara bilir. Bəs insanlar bunların qarşısını almaq stresdən, gərginlikdən, bədgümanlıqdan necə xilas ola bilərlər?

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında tövsiyələrini bildirən tanınmış psixoloq Elnur Rüstəmov deyib ki, insanlar, ilk növbədə, özlərini pozitiv düşünməyə məcbur etməlidirlər:


"Adətən sosial problemlər insanların bir daha özlərinin psixoloji durumuna diqqət yetirməsinin vacibliyini önə çıxarır. Maddi sıxıntılardan irəli gələrək yaşanan stress zamanı insanlar özlərinə köklənsələr, daha yaxşı olar. Ən çətin anlarda belə insan birmənalı olaraq pozitiv düşünməli və sabahla bağlı ümidli olmalıdır. Bütün psixoloji gərginliklər, narahatlıqlar, psixi pozuntular insanı ümidsizlik vəziyyətində yaxalayır. Yəni insan ümidsiz olduğu təqdirdə onun psixoloji problemləri yaranmağa başlayır. Lakin o, həyata nikbin baxanda, müsbət yanaşanda, hədəfləri olanda və onlara doğru gedəndə həmin narahatlıqlar getdikcə arxa plana keçir. Məsələn, ABŞ-ın dinamik inkişafı, əsasən, 20-ci əsrin 30-cu illərindəki güclü böhrandan sonra başladı. Çünki orada insan kapitalına daha çox diqqət yetirilməyə, fərdi inkişafla bağlı işlər görülməyə başlandı. Bundan sonra praqmativ yanaşma daha böyük miqyas aldı. Ona görə də insan nə qədər məqsədli, punktual olarsa və özü üçün, ilk növbədə, zəruri olan şeyləri edərsə, çox yaxşı olar".

Psixoloqun fikincə, insanlar özlərini onlara birbaşa aid olmayan fikirlərlə, informasiyalarla yükləməməlidirlər. Sadəcə, diqqətini öz işlərinə yönəltləmlidirlər: "Məsələn, Avropada insanlar özlərini informasiya ilə çox yükləmirlər. Yalnız özlərinə aid olan şeylərlə məşğul olurlar. Ona aid olmayan şeylərə qətiyyən qarışmırlar. Əgər alimdirsə, elmlə məşğul olur, pedaqoqdursa, müəllimliyini edir, ustadırsa, ustalığını edir. Bizdə isə insanlar özlərini ona aid olmayan informasiyalarla çox yükləyirlər. Nəticədə diqqətləri yayınır, gah məişətə, gah idarəçiliyə, gah da digər sahələrə yönəlir. Sonda da hər sahədə yarımçılıq yaranır. Ona görə də insan daim çalışdığı sahəyə fokuslanmalıdır. Belə olanda o, həm o sahədə mütəxəssis kimi yetişir, həm də həyatını maddi cəhətdən təmin etmiş olur. Deyirlər, pis sənət yoxdur, pis sənətkar var. Bütün sahələrdə hansı sahədə çalışmasından asılı olmayaraq, yaxşı sənətkarlar həmişə yaxşı yaşayıb. Nə ilə məşğul olmasından asılı olmayaraq, diqqətini məhz işinə yönəltsinlər. Belə olduqda narahatlıq da, gərginlik də az olar, hansısa dərman vasitələrindən istifadəyə də heç ehtiyac yaranmaz.

Biz, sadəcə, daha çox məqsədyönlü olmalıyıq. Belə daha çox uğur əldə etmək olur və insan özünü rahat hiss edir. Əgər təşvişlə işlərinin günün axırına kimi necə olacağını düşünsən, diqqətini başqa şeylərə yayındırsan, o zaman, əlbəttə ki, gərgin olacaqsan və dərman qəbul etmək, həkimə müraciət etmək məcburiyyətində qalacaqsan. Ona görə də insan bütün situasiyalarda yalnız müsbət düşünməlidir. Kim çətinlikdən sığortalanıb? Çətinlik hamı üçün var və hamı onu yaşayır. Varlının dərdi böyükdür, kasıbın dərdi ondan geri qalmır. İnsan yalnız çətinlikləri adlayanda əsl insan olur. Çətinliyi adlayandan sonra aldığın ləzzətin yerini də başqa heç nə verə bilmir. 

E.Rüstəmov hesab edir ki, Azərbaycanda insan amilinin qabardılmasına ehtiyac var: "İnsanlara psixoloji yardım məqsədilə hətta dövlət tərəfindən Səhiyyə Nazirliyinə məxsus xəstəxanalarda psixoloq ştatı da açılıb. Fikrimcə, gələn il bu istiqamətdə müəyyən sosial proqramlar da həyata keçiriləcək. İnsan amilinin qabardılması belə narahatlıqların qarşısının alınmasına dəstək olacaq. Ona görə də bu məqamlara daha çox diqqət yetirmək lazımdır. İnsanlar nə qədər nikbin olsalar, pozitiv düşünsələr, onların bir o qədər çox uğur əldə etmək ehtimalı yaranır. Hətta el arasında belə bir məsəl də var - yaxşı düşün ki, yaxşı olsun..."     

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR