Azərbaycanın müdafiə naziri: Silahlı Qüvvələrimiz cəbhədə düşmən üzərində üstünlüyə nail olub

Azərbaycanın müdafiə naziri: Silahlı Qüvvələrimiz cəbhədə düşmən üzərində üstünlüyə nail olub
21:33 25 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti şəxsi heyət baş idarəsinin və beynəlxalq hərbi əməkdaşlıq idarəsinin əsaslı təmir edilmiş binalarının açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki binada xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan zallarda ucaldılmış büstlərin önünə gül dəstələri qoyularaq dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Müdafiə nazirinə məlumat verilib ki, beynəlxalq hərbi əməkdaşlıq idarəsinin yerləşdiyi ikimərtəbəli bina 50-dək inzibati və xidməti iş otağı, eləcə də beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş bir neçə konfrans, sindikat və görüş zallarından ibarətdir.
Şəxsi heyət baş idarəsi, onun tabeliyində olan idarə və xidmətlər üçün əsaslı təmir olunan üçmərtəbəli binanın 100-dək inzibati və xidməti iş otağına yüksək texnologiyalı, geniş imkana malik telefon xətləri çəkilib, bütün kommunikasiya sistemləri yenilənib, ərazidə ağac və dekorativ gül kolları əkilib.
Hər iki idarənin şəxsi heyəti ilə görüşdə çıxış edən müdafiə naziri Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsini, müasir xidməti mənzillərin, yeni əsgər kazarmalarının, məişət obyektlərinin, müxtəlif təyinatlı xidməti və digər binaların tikilərək hərbçilərin istifadəsinə verilməsini xüsusi vurğulayaraq deyib: “Beynəlxalq hərbi əməkdaşlıq istiqamətində qarşıda duran əsas vəzifəmiz respublikamızın strateji maraqlarına uyğun olaraq, beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsasda hərbi əməkdaşlığı genişləndirərək haqq işimizi dünyaya çatdırmaqdan ibarət olmalıdır. Bunun üçün həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq əməkdaşlıq inkişaf etdirilməli və ən vacibi dövlət maraqlarımız daim qorunmalıdır.
Şəxsi heyətin idarə olunmasında sosial ədalət və bərabərlik prinsipləri rəhbər tutulmalı, diqqət və qayğı hər an hiss edilməlidir. Dövlətimizin və xalqımızın qayğısı ilə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılan imkanlardan maksimum istifadə olunmalıdır. Kadrların seçilməsi, yerləşdirilməsi, vəzifələrə təyin edilməsinə də planlı rotasiya qaydasında yanaşılmalıdır. Hər bir şəxsin müsbət və mənfi cəhətləri aşkarlanmalı və vəzifəyə təyin edilərkən bu amillər mütləq nəzərə alınmalıdır. Həvəsləndirmə, mükafatlandırma, cəzaların tətbiq edilməsində əsasnamələrin və nizamnamələrin tələblərinə ciddi əməl edilməli, nizam-intizamın daim möhkəmləndirilməsi üçün lazım olan bütün addımlar atılmalıdır”.
Nazir bildirib ki, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə daim ciddi məşğul olunmalı, hər bir şəxsin qayğı və problemləri dərindən öyrənilməli, fərdi yanaşma prinsipi daim rəhbər tutulmalıdır. Aparılan bütün tərbiyəvi iş ümummilli liderimiz Heydər Əliyevin irsinə, milli-mənəvi dəyərlərimizə söykənməklə yanaşı qabaqcıl təcrübə, iş, forma və üsulları özündə əks etdirməlidir.
“Heç vaxt unutmaq olmaz ki, ordumuzun ən müqəddəs vəzifəsi Dağlıq Qarabağın işğaldan azad edilməsidir. Son vaxtlar Silahlı Qüvvələrimiz cəbhədə düşmən üzərində üstünlüyə nail olub. Qısa bir müddətdə düşmənin 20-dək canlı qüvvəsi məhv edilib, xeyli sayda yaralısı var, hərbi texnikası sıradan çıxarılıb, atəş nöqtələri susdurulub. Lakin əldə olunanlarla rahatlaşmaq olmaz. Bizim fəaliyyətimiz və cəbhədə tətbiq etdiyimiz taktika hərbi bölmələrimizin döyüş təcrübəsi qazanmasına imkan yaradaraq torpaqlarımızın tezliklə işğaldan azad olunmasına yönəlməlidir”, - deyə nazir qeyd edib.
Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəxsi heyəti qarşıdan gələn bayramlar münasibətilə təbrik edən müdafiə naziri 2016-cı tədris ilində döyüş hazırlığının gücləndirilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq tövsiyə və tapşırıqlarını verib.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_mudafie_naziri_Silahli_Quvvelerimiz_cebhede_dusmen_uzerinde_ustunluye_nail_olub-914534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR