DGK Şirvandakı qalmaqal xəbərinə münasibət bildirdi

DGK Şirvandakı qalmaqal xəbərinə münasibət bildirdi
22:14 25 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün bəzi kütləvi informasiya vasitələrində “Aydın Əliyevin vətəndaşlarla görüşündə qalmaqal” başlıqlı həqiqətə uyğun olmayan məlumat yayımlanıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, məlumatda adı keçən Şirvan şəhər sakini Qurbanxan Dəmirovun şikayəti araşdırılıb, müraciətinin əsassız olduğu dəfələrlə ətraflı izah edilib.

 

“Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən vətəndaş Qurbanxan Dəmirovun adına daxil olmuş 10 ədəd televizor mövcud gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə 28 fevral 2015-ci il tarixdə 00800/280215/000528 saylı gömrük mədaxil orderi əsasında gömrük rəsmiləşdirilməsindən keçirilib, gömrük rəsmiləşdirilməsi zamanı televizorlar 1423 manat 19 qəpik gömrük ödənişlərinə cəlb edilib, 3 manat bankın əməliyyat haqqı ilə birlikdə o, cəmi 1426 manat 19 qəpik ödəniş edib” deyə məlumatda qeyd olunub.

 

Q. Dəmirovun DGK-ya daxil olmuş eyni məzmunlu müraciətinin araşdırılması zamanı o, 10 ədəd televizoru öz evi üçün gətirdiyini iddia edib, televizorların gömrük ödənişlərinə cəlb edilməsindən narazı qaldığını və bu səbəbdən şikayət etdiyini bildirib: “Müvafiq qanunvericiliyin tələbinə əsasən, iki ədəddən artıq eynicinsli malın kommersiya məqsədi daşıdığının müəyyənləşdirildiyi nəzərə alınsa, bir nəfər tərəfindən 10 ədəd televizorun öz istifadəsi üçün gətirilməsi iddiasının inandırıcı olmadığı, gətirdiyi televizorların şəxsi istifadə deyil, kommersiya xarakteri daşıdığı və kommersiya məqsədi üçün idxal edilən yüklərin gömrük rəsmiləşdirilməsindən keçirilməsinə dair müvafiq qanunvericiliyin tələbləri vətəndaşa izah edilib. Onun ödədiyi gömrük ödənişlərinin müvafiq qanunvericiliyin tələblərinə uyğun hesablandığı, gömrük orqanı əməkdaşlarının hərəkətlərində pozuntu halı olmadığı bildirilib”.

 

DGK bildirib ki, O. Dəmirov komitə sədri Aydın Əliyevin Şirvan şəhərində vətəndaşlarla sonuncu görüşündə də qəbul edilib, dinlənilib və ona yenidən qanunvericiliyin tələbləri izah edilib. Daha sonra isə o, özü könüllü otağı tərk edib.

 

Komitə qeyd edib ki, haqsız olduğunu anlayan Q. Dəmirov “çıxış” yolunu KİV vasitəsilə böhtan atmaqda görüb: “Təəssüf ki, bu məlumat araşdırılmadan bəzi kütləvi informasiya vasitələrində yayımlanıb”.

 

DGK “bu cür yalan və böhtan xarakterli məlumatların yayılmasına görə” mövcud qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyini də qeyd edib.

 

Xatırladaq ki, bu gün DGK sədri Aydın əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan sonra vətəndaş Qurbanxan Dəmirov komitə sədri Aydın Əliyevin “onu dinləmədiyi və  zaldan çıxardığı barədə” KİV-ə məlumat verib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR