Azərbaycan səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi Daşkənddə xeyriyyə tədbiri keçirib

Azərbaycan səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi Daşkənddə xeyriyyə tədbiri keçirib
11:33 26 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 26 dekabr, AZƏRTAC 
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Daşkənddəki 30 nömrəli uşaq evində xeyriyyə tədbiri keçirib. Bu uşaq evində 150 uşaq yaşayır və təhsil alır. Onlardan 8-i azərbaycanlıdır.
Tədbirin əsas məqsədi istedadlı uşaqların üzə çıxarılması ilə yanaşı, ölkələrimiz, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə vermək olub.
Uşaq evinin direktoru Firuza Osmanxocayeva AMM-in layihəsini yüksək qiymətləndirib və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Mərkəzin direktoru Samir Abbasov rəhbərlik etdiyi təşkilat tərəfindən istedadlı uşaqların üzə çıxarılması, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib. Bu sahədə Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi çoxsaylı xeyriyyə tədbirlərini qeyd edib. O deyib ki, Mədəniyyət Mərkəzi bu uşaq evini himayəyə götürüb və müntəzəm olaraq burada müxtəlif tədbirlər keçirir. Burada təhsil alan uşaqların bir çoxu Mərkəzin təşkil etdiyi dərnəklərdə iştirak edir.
Sonra uşaq evinin istedadlı uşaqları tərəfindən hazırlanan konsert proqramı və səhnəciklər nümayiş etdirilib, balacalar dünya xalqlarının rəqs və mahnılarını, AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri isə milli rəqslərimizi ifa ediblər.
Tədbir iştirakçıları istedadlı uşaqların əl işlərinə baxıb, şagirdlər Azərbaycan-Özbəkistan dostluğuna aid şeirlər söyləyiblər.
Tədbirin sonunda uşaqlara AMM-in bayram sovqatı və hədiyyələr təqdim olunub, onlar milli xörəklərə, şirniyyatlara qonaq ediliblər.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefirliyi_ve_onun_nezdindeki_Medeniyyet_Merkezi_Daskendde_xeyriyye_tedbiri_kechirib-914579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR