Cari ildə ölkəmiz 16 beynəlxalq turizm sərgisində təmsil olunub

Cari ildə ölkəmiz 16 beynəlxalq turizm sərgisində təmsil olunub
14:13 26 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi yaradıldığı ilk gündən etibarən dünyanın bir sıra ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və zəngin mədəni irsinin təbliği məqsədilə geniş miqyaslı fəaliyyət həyata keçirməkdədir. Nazirlik ölkə turizminin xaricdə təbliği, eləcə də xarici və milli turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə beynəlxalq turizm sərgilərində təmsil olunur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ildə 16 beynəlxalq turizm sərgisində ölkəmizə məxsus milli stend quraşdırılıb. Sərgilərdə nazirliklə yanaşı 20-dən artıq şirkət də iştiraka cəlb edilib. Bundan əlavə Mədəniyyət və Turizm Nazirliyinin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilib. Belə ki, ötən müddət ərzində Azərbaycanın Bakı şəhərində keçirilən “AİTF”, İstanbul, Berlin, Moskva, Dubay, Madrid, Nyu-York, Tokio, London Paris və Almatı şəhərində keçirilən beynəlxalq turizm sərgilərində iştirak edib.
Qeyd edək ki, beynəlxalq turizm sərgilərində nazirliyin sifarişi əsasında qurulan stendlərdə turizm sənayesi nümayəndələrinin iştirakı ilə bağlı nümunəvi müqavilə forması tərtib edilib. 2016-cı il üçün 20-dən artıq yerli turizm şirkəti ilə sərgilərdə iştirakla bağlı müqavilə imzalanıb.
Nazirliyin beynəlxalq turizm sərgilərində iştirakı Azərbaycanın dünyada turizm imicinin formalaşmasına və ölkəyə gələn turistlərin statistikasına da öz təsirini göstərmişdir. Belə ki, statistikaya əsasən İran Körfəzi və Yaxın Şərq, Avropa, Cənub-Şərqi Asiya və Şimali Amerika üzrə gələnlərin sayı artmışdır.
Ötən müddət ərzində ölkəmizdə fəaliyyət göstərən və gəlmə turizmi üzrə ixtisaslaşmış “Al Travel”, “Billur Tur”, “ENC Tours”, “Geo-travel”, “Gilan tourism”, “Greenwich travel club”, “Improtex Travel”, “Millenium Tourism and Congress DMC”, “Pasha Travel”, “Regea Travel”, “Victory tour” və “SW Travel” şirkətləri xaricdə keçirilən turizm sərgilərində iştirakla bağlı fəallıq göstəriblər. Bunun nəticəsidir ki, 2013-2015-ci illər ərzində akkreditasiyadan keçmiş şirkətlər tərəfindən verilmiş elektron turist vizalarının böyük əksəriyyəti, təxminən 78 faizi məhz bu şirkətlər tərəfindən həyata keçirilib.
Əvvəlki illərin təcrübəsində xaricdə keçirilən bir sıra beynəlxalq sərgilərdə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, eləcə də Dağlıq Qarabağ regionunun təbliği ilə bağlı tədbirlər həyata keçirilib, Dağlıq Qarabağa aid müvafiq təşviqat materialları yayılıb. Belə halların qarşısının alınması məqsədilə Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərinin birgə səyləri nəticəsində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 28-29 may 2015-ci il tarixində Xorvatiyanın Rovin şəhərində keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" adlı qətnamə qəbul olunub. Sözügedən sənədin qəbul edilməsi Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, eləcə də, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün mühüm rol oynayıb. Qeyd etməliyik ki, qətnamə qəbul edildikdən sonra 2015-ci il ərzində Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirliklərinin fəaliyyəti nəticəsində heç bir xoşagəlməz insident baş verməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cari_ilde_olkemiz_16_beynelxalq_turizm_sergisinde_temsil_olunub-914632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR