Azərbaycan hökumətinin zəlzələ ilə əlaqədar humanitar yardımı Qırğızıstan tərəfinə təqdim edilib

16:03 26 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 26 dekabr, AZƏRTAC
Bu ilin noyabr ayında Qırğızıstanın Oş vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bu ölkəyə göndərilən 1 milyon manat dəyərində humanitar yardım Qırğızıstan tərəfinə təqdim edilib.
Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov Azərbaycan hökumətinin yardımının ölkəsində yüksək qiymətləndirildiyini bildirib. O, çətin günlərdə Qırğızıstana dəstək olan qardaş Azərbaycan xalqına və hökumətinə qırğız xalqı və dövləti adından təşəkkür edib. Bildirib ki, Azərbaycan Oşdakı zəlzələdən sonra Qırğızıstana yardım göstərən ilk ölkədir.
Nazir ötən il də Azərbaycan tərəfindən Qırğızıstana yanğınsöndürən maşınlar hədiyyə edildiyini xatırladıb, bunun ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qərargah rəisi Aslan Hüseynov hava şəraiti ilə əlaqədar çətinliklərin olmasına baxmayaraq, yardımı qırğız tərəfinə vaxtında təqdim etdiklərini, ölkələrimiz arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, 20 yük maşınından ibarət karvana 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti, 50 generator, 240 çadır, 6000 kvadratmetr dam örtüyü, 70 kubmetr taxta, 40 min metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel yanacağı və 195 ədəd istilik sobası daxildir.
Xatırladırıq ki, zəlzələ nəticəsində 4 mindən artıq evə ziyan dəyib, 50-dən çox məktəb, xəstəxana və digər sosial obyektlər dağılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_hokumetinin_zelzele_ile_elaqedar_humanitar_yardimi_Qirgizistan_terefine_teqdim_edilib-914667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR