Qabırğa arası nevralgiya - SİMPTOMLARI

Qabırğa arası nevralgiya - SİMPTOMLARI
19:47 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qabırğa arası nevralgiya çox yayılmış pozulmadır. Nevralgiya döş qəfəsində güclü ağrılara səbəb olur.

Qabırğa arası nevralgiya insanın sağlamlığı və həyatı üçün ciddi təhlükə yaratmasa da, çox xoşagəlməz hisslərə səbəb olur və insanın gündəlik həyatına mənfi təsir edir.

İnsan skeletində 12 cüt qabırğa var. Qabırğaların arasında sinirlər keçir. Sinirlərin müxtəlif səbəblərə görə sıxılması və qıcıqlandırılması nəticəsində qabırğa arası nevralgiya inkişaf edir.

Əksər hallarda xəstəliyin səbəbi əzələ spazmı olur. Bu spazm insan narahat vəziyyətdə yatdıqda, uzun müddət ərzində eyni vəziyyətdə olduqda, yelçəkən yerdə qaldıqda, soyuqladıqda mümkündür. Xroniki stress də əzələ spazmlarına və nevralgiyanın inkişafına səbəb ola bilər.

Osteoxondroz, onurğanın əyrilikləri, infeksiyalar (qripp, herpes, vərəm), travmalar, şəkərli diabet qabırğa arası nevralgiyanın inkişafına gətirib çıxarda bilər.

Milli.Az saglamolun.az-a istinadən xəstəliyin simptomlarını sadalayır:

- döş qəfəsində ağrılar (ağrılar ikitərəfli və ya birtərəfli ola bilər)

- ağrılar hərəkət, öskürək, dərin nəfəsalma zamanı artır

- ağrılar ürəkdə, qolda, beldə, boyunda hiss oluna bilər. Məhz bu səbəbdən insanlar bu ağrıları ürək ağrıları, stenokardiya tutması, infarktla səhv salır.

- nevralgiya tutması tərləmə, zədələnmiş yerdə dərinin qızarması, əzələnin dartılması ilə müşayiət oluna bilər.

- həssaslığın azalması, zədələnmiş sinirin üstündə dərinin keyiməsi, qarışqa yeriməyi hissi.

- zədələnmiş yerdə yanğı, arabir sancma hissi.

Qabırğa arası nevralgiya hiyləgər xəstəlikdir. Xəstəliyin simptomları müxtəlif digər xəstəliklərə bənzəyir - xolesistit, stenokardiya (ürək tutması), plevrit. Lakin əksər hallarda xəstələr nevralgiyanı ürək tutması ilə səhv salır və bu, onlarda panikaya səbəb olur.

Bu xəstəlikləri ayırd etmək kifayət qədər asandır.

- Nevralgiya zamanı ağrı hərəkət, öskürək, asqırma, fiziki gərginlik, dərin nəfəsalma zamanı artır. Ürək tutması zamanı ağrı dərin nəfəsalma, hərəkət zamanı dəyişilmir. Ürək tutması zamanı ağrı nitroqliserin həbinin qəbulundan sonra tez bir zamanda (3-5 dəqiqə) keçir (infarkt istisnadır). Nevralgiya zamanı nitroqliserin ağrıya təsir etmir.

- Nevralgiya zamanı qabırğalara və onların arasında olan yerlərə əllə təzyiq etdikdə, ağrı artır. Ürək tutması zamanı bu baş vermir.

Qabırğa arası nevralgiyanın diaqnozu kifayət qədər çətin qoyulur. Xəstə kompleks müayinələrdə keçməlidir - MRT, USM, EKQ, laborator müayinələr.

Qabırğa arası nevralgiyanın tutması zamanı ağrısızlaşdıran və qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə olunur.

Müalicə zamanı hirudoterapiya (zəli ilə müalicə), xüsusi massaj və müalicəvi bədən tərbiyəsi, iynəbatırma istifadə olunur. Müalicə uzunmüddətlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR