Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 26 Dekabr
20:09 26 Dekabr 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

İnsan üç halda zəifləyir və ya özünü zəif hiss edir - təklənəndə, sağalmaz xəstəliyə tutulanda və qanı axanda... Ölkələr də belədir, amma hansısa ölkəni çökdürmək üçün onun iqtisadiyyatına təsir etmək, zərbə vurmaq lazımdır. O zaman həmin ölkə tədricən və ya sürətlə zəifləyir, çökür və dünənə qədər diktə elədiyi prinsiplərindən istəməsə belə  vaz keçməyə məcbur olur və ya məcbur edilir. Sonda belə ölkələrin hərbi qüdrətinin də elə bir əhəmiyyəti qalmır.

 

ABŞ-ın rəhbərliyi ilə Qərbin tətbiq etdiyi sanksiyalar və Moskvaya qarşı hazırlanmış planların həyata keçirilməsi Rusiyanı hazırda həmin vəziyyətə salıb. Putinin dəfələrlə "biz Suriyada terrora qarşı mübarizədə istənilən Qərb ölkəsi ilə əməkdaşlığa hazırıq" deməsi Rusiyanın mövqeyində yumşalmaları göstərən ilk siqnal idi. Lakin ABŞ-ın bu əməkdaşlığa getməyəcəyi bəlli idi, çünki rəsmi Vaşinqton və onun müttəfiqlərinin bunun müqabilində tələbi var - Bəşər Əsədin hakimiyyətdən getməsi...

 

Rusiya isə Əsədsiz Suriyada heç nəyə nail olmayacağını, bölgədəki bütün maraqlarının məhv olacağını və adı çəkilən ölkədə prezident seçkilərinin keçiriləcəyi təqdirdə, müxalifətin qələbə qazanacağını çox yaxşı bilir. Putinin Əsədi bu yaxınlarda Moskvaya gətirib, nümayişkaranə şəkildə görüş keçirməsi də bir nəticə vermədi. Amma Rusiya, deyəsən, Əsəddən vaz keçəcək. Bu yaxınlarda Qərb politoloqlarının Moskvanın belə bir planının olmasını mətbuata sızdırması isə Moskvanın artıq yumşalmasının yox, tədricən muma çevrilməsinin siqnalı idi. Rusiyaya qarşı sanksiyaların artırılması və sərtləşdirilməsi isə davam edir. Bu məqamda bir məsəl yada düşür - Su meymunun boğazına çatanda, balasını da ayağının altına qoyur...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR