Rusiya təklənir

Rusiya təklənir
20:17 26 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin sentyabr ayında Suriyada hərbi hava əməliyyatlarına başlayan Rusiya ilə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT) və Avrasiya İqtisadi Birliyi üzrə müttəfiqləri arasında adıçəkilən məsələyə münasibətdə fikir ayrılıqları get-gedə dərinləşməkdə davam edir.  

Bunu dekabrın 21-də Moskvada keçirilən iki qurumun - KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin  dövlət başçılarının növbəti sammiti də bir daha sübut etdi. Rusiyanın istəyinin əksinə olaraq, hər iki qurumun sammitində Suriyada terrorla bağlı mübarizə, həmçinin ötən ayın 24-də Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsi ilə əlaqədar Moskvanı dəstəkləyən hər hansı bir açıqlama verilmədi. Nə qədər qəribə olsa da,  KTMT sammitinin yekunu ilə bağlı növbəti dəfə mətbuat konfransı keçirilmədi. Xatırladaq ki, bu ilin oktyabr ayının ortalarında Qazaxıstanda keçirilən KTMT sammitinin sonunda da mətbuat konfransının keçirilməsinə ehtiyac duyulmamışdı. Hələ o vaxt Rusiya ilə onun KTMT və Avrasiya İqtisadi Birliyi üzrə müttəfiqləri arasında Suriyada baş verənlərə münasibətdə fikir ayrılıqlarının olduğu ortaya çıxmışdı. O vaxt da Moskvanın müttəfiqləri Rusiyanı Suriya məsələsində dəstəkləmədilər. Moskvada keçirilən hər iki sammitdən sonra da mətbuat konfransının keçirilməməsini isə əslində təsadüfi hesab etmək olmaz. Çünki mətbuat konfransında istər-istəməz quruma üzv ölkələrin Rusiyanın Suriyadakı əməliyyatları dəstəkləyib-dəstəkləmədikləri, həmçinin Türkiyə tərəfindən vurulan təyyarə ilə bağlı suallar veriləcək, tərəfilərin bu məsələdə Rusiyanı dəstəkləyib-dəstəkləmədikləri soruşulacaqdı. Bəlkə də bu baxımdan mətbuat konfransının keçirilməsi Rusiya üçün məqsədəuyğun hesab edilə bilərdi. Çünki bu suallara cavab verəcək hər hansı KTMT-yə üzv ölkənin dövlət başçısı istər-istəməz Moskvanı dəstəklədiyini bəyan etməli olacaqdı. Lakin məsələ ilə bağlı mətbuat konfransında KTMT və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin dövlət rəhbərləri tərəfindən Rusiyanın hərbi müdaxiləsinin əleyhinə olan əks fikirlər də səsləndirilə bilərdi. Çünki Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Krımın işğal etməsinin ardınca Suriyada hərbi hava əməliyyatlarına başlaması, Moskva ilə Ankara arasında vurulan təyyarəyə görə münasibətlərin kəskinləşməsi, Ermənistan istisna olmaqla, quruma üzv digər ölkələrə də ağır təsir göstərərək onları yeni iqtisadi böhran qarşısında qoyub. Faktiki olaraq, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi avantüra MDB-yə üzv bütün ölkələrdə iqtisadi durumu pisləşdirərək neftin qiymətinin sürətlə aşağı düşməsinə gətirib çıxararaq, onlara milyardlarla dollar zərər vurub və vurmaqda davam edir. Təbii ki, belə bir vəziyyət KTMT və Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə Rusiya arasında narazılığın artmasına gətirib çıxarıb. Belə bir vəziyyətdə isə mətbuat konfransının keçirilməsi tərəflər arasında narazılıqların olmasını açıq şəkildə ortaya çıxara bilərdi. Bu isə Rusiya və onun adıçəkilən qurumlar üzrə müttəfiqlərinə sərf etmirdi. Ona görə də əslində mətbuat konfransının keçirilməməsi faktiki baxımdan qurumdaxili ziddiyyətlərin üzə çıxarılmaması üçün daha məqsədəuyğun hesab edildiyini ehtimal etmək olar. Belə başa düşmək olar ki, son iki sammitdə mətbuat konfranslarının keçirilməməsi də qurumdaxili ziddiyyətlərin ört-basdır edilməsinə xidmət edib.

Rusiya təklənir

KTMT sammiti ərəfəsində  Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Moskvada Suriya və Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsi ilə bağlı məsələnin müzakirə edilə biləcəyini istisna etmədiyini xüsusi vurğulamışdı. Amma bağlı qapılar arxasında mətbuatın iştirakı olmadan keçirilən sammitin yekun bəyanatında Rusiyanın KTMT və Avrasiya İqtisadi Birliyi üzrə müttəfiqlərinin Suriya və Türkiyə məsələsində Moskvanı dəstəklədikləri barədə bir kəlmə də olsun yoxdur. Sammitin yekun bəyanatında, sadəcə olaraq, qeyd edilib ki, tərəflər BMT TŞ-nin  Suriyada terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin daha qəti hərəkət etməsi barədə 18 dekabr 2015-ci ildə qəbul etdiyi 2254 saylı qətnaməsini bəyənir və dəstəkləyirlər. Rusiyanın Suriyada terrorizmə qarşı mübarizəsi barədə bəyanatda bir kəlmə də olsun yoxdur. Bunun əksinə olaraq, sammitin yekun bəyanatında Orta Asiyaya Taliban, Əl-Qaidə, İŞİD tərəfindən gələ biləcək təhlükə barədə xəbərdarlıq edilir.

Əslində, zənnimizcə, KTMT sammitində quruma üzv ölkələrin Suriya məsələsinə münasibətdə Rusiyanın roluna toxunmamaları və bunun üzərindən sükutla keçmələri Moskvaya dəstək verməmələri anlamına gəlir. Bu da təsadüfi deyil. Rusiya Ukraynada və Suriyada hərbi əməliyyatlara başlamazdan əvvəl quruma üzv ölkələrin heç biri ilə bu məsələ barədə fikir mübadiləsi aparmadı, onların rəylərini soruşmadı. Halbuki KTMT-nin nizamnaməsində nəzərdə tutulduğu kimi, Rusiya hər hansı bir hərbi addım atacağı təqdirdə, bunu hər iki qurumda təmsil olunan müttəfiqləri ilə müzakirə etməli, onların rəyini soruşmalı, mövqelərini nəzərə almalı idi. Çünki aydın məsələ idi ki, Rusiyanın Ukrayna və Suriya məsələsində Qərblə qarşıdurmaya getməsinin ağır nəticələrini yalnız Moskva deyil, onun müttəfiqləri də öz üzərlərində hiss edəcəkdilər. Ona görə də gə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı Nursultan Nazarbayev ehtiyatla da olsa Putini dəstəklədiyini və problemin sülh yolu ilə həllinin vacibliyini, hətta Moskva ilə Kiyev arasında vasitəçi rolunda çıxış etməyə razı olduğunu bildirdi. Lakin Nazarbayevin Ukrayna probleminin sülh yolu ilə aradan qaldıracağına və Putinin Ukraynaya münasibətdə işğalçılıq siyasətindən əl çəkəcəyinə olan ümidləri özünü doğrultmadı. Putin Ukrayna ilə açıq hərbi qarşıdurmaya getdi. Nəticədə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar neftin də qiymətinin sürətlə düşməsinə səbəb  olaraq, Qazaxıstana milyardlarla dollar zərər vurdu. Belə bir vəziyyətdə Rusiyadan onun KTMT və Avrasiya İqtisadi Birliyi üzrə müttəfiqlərinin narazılığının artması və Moskvanı dəstəkləməmələri təbii qəbul edilir.

Bu baxımdan Rusiyanın Suriyada hərbi hava əməliyyatlarının onun KTMT üzvü olan hərbi müttəfiqləri tərəfindən dəstəklənməməsini də təsadüfi hesab etmək olmaz. Söhbət Rusiyanın Suriyada İran tərəfindən dəstəklənən Əsədin şiə rejimini müdafiə etməsi, onu hər vasitə ilə hakimiyyətdə saxlamağa cəhd etməsindən gedir. Rusiya bu gün hərbi hava zərbələrini də məhz Suriyanın sünnilər yaşayan ərazilərinə endirir. Bu ərazilərdə isə sayı təxminən 3-4 milyon nəfər hesab edilən və Orta Asiya dövlətləri ilə qan qohumluğuna malik olan türkmənlər yaşayırlar. Orta Asiya respublikalarında yaşayanların isə sünni məzhəbindən olduqlarını nəzərə alanda onların Rusiyanı Suriya məsələsində niyə dəstəkləmədiklərinin səbəbi bir daha məlum olur.

Ukraynaya sanksiyalar da dəstəklənmir

KTMT və Avrasiya İqtisadi Birliyi ölkələrinin sammitində narahatlıq doğuran bir məsələ də Rusiyanın gələn ilin yanvar ayının birində Ukrayna ilə iqtisadi əlaqələri tam şəkildə kəsməsidir. Rusiya bu məsələdə müttəfiqlərinin onu dəstəkləməsini çox arzulayır. Amma sammitdə bu məsələdə də Moskva təkləndi. Quruma üzv ölkələr Ukrayna ilə Avropa Birliyi arasında  assosiativ anlaşmanın qüvvəyə minməsindən sonra Ukryanaya daxil olacaq ucuz malların onların ərazilərinə yol tapa biləcəklərindən Rusiyanın narahat olduğunu başa düşdüklərini bəyan etdilər. Lakin adıçəkilən məsələdə heç bir ölkə Rusiya kimi Ukrayna ilə iqtisadi əlaqələri kəsmədi. Bununla bağlı Rusiyanın müvafiq təklifləri isə quruma üzv ölkələr tərəfindən qismən nəzərə alınacağı vurğulandı. Məsələn, Qazaxıstanın iqtisadi inteqrasiya üzrə naziri Janar Aytjanova: "Biz Ukraynadan ölkəmizə daxil olan malların monitorinqini aparacağıq və bununla bağlı addımlar atacağıq ",-deyib.

Bununla da məsələ bitmiş olub. Necə deyərlər, Ukraynaya sanksiyalar məsələsində də Rusiya faktiki olaraq müttəfiqləri tərəfindən dəstəklənməyərək təkləndi. Bütün bunlar isə Rusiyanın beynəlxalq aləmdən tam şəkildə təcrid olunmasına aparıb çıxara bilər.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393281.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR