Məşhur Qara müəllim danışdı

Məşhur Qara müəllim danışdı
20:37 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qara Mustafayev 1931-ci il dekabr ayının 25-də Kürdəmir rayonunda dünyaya gəlib. Uşaqlığı çətin keçib. Bununla belə, o, orta məktəbi əla qiymətlərlə və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini, bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Sonra Moskvada aspirantura təhsili alıb. 1958-ci ildə elmlər namizədi, 1985-ci ildə biologiya elmləri doktoru alimlik dərəcələrini və professor adını alıb. İki il Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda elmi işçi olub. 55 ildir Bakı Dövlət Universitetinin biologiya fakültəsində çalışır. O, baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 23 ildir biologiya fakültəsinin onurğalılar zoologiyası və bioekologiya kafedrasına rəhbərlik edir. Elm və təhsildəki xidmətlərinə görə ona çoxlu sayda mükafat və qiymətli hədiyyələr verilib, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib, "Şöhrət" ordeninə layiq görülüb.

Öncə deyiləsi vacib sözlər

O, xalqımızın sevilən ziyalılarındandır. Onu respublikamızda, demək olar ki, hər kəs tanıyır. Bu sevgini o, elmi axtarışları, televiziya ekranından tamaşaçılara çatdırdığı dəyərli fikirləri və gözəl ünsiyyət qurmaq bacarığı ilə qazanıb. O, Azərbaycan flora və faunasının ən gözəl bilicilərindəndir. Yarım əsrdən çoxdur ki, ölkəmizdə ətraf mühitin qorunması üçün ardıcıl təbliğat işi aparır. Onu görən hər kəs səmimiyyətlə: "Bizim Qara müəllim...", - deyir. Qara müəllim gözəl xüsusiyyətlərə malik insandır. Xalqın dediyi kimi, böyüklə böyükdür, kiçiklə kiçik. Onun ətrafdakılara eyni dərəcədə isti münasibəti adamı təsirləndirir. Bu insanla adicə hal-əhval tutanda da, masa arxasında ciddi müzakirə aparanda da sevinc hissi yaşayırsan. Səbirlidir, hər bir məqamda təmkinli olmağı bacarır. Sevinirsən ki, xalqımın belə gözəl ağsaqqalı və ensiklopedik yaddaşa malik alimi ilə üz-üzəsən.  Bəli, bizim Qara müəllim insani keyfiyyətlərinə, elmi və ictimai fəaliyyətinə görə hər cür tərifə, hörmətə layiqdir.

İlk sualın cavabı

Bu günlərdə Qara müəllim qonağımız idi. Qonaq otağında çay içərkən redaksiyamıza gəldiyi üçün ona təşəkkür etdik. Cavabında dedi ki, mənimlə görüşmək istəyən, istər hökumət başçısı olsun, istərsə də "Tumurcuq"un redaktoru, sözünü yerə salmıram. Düşünürəm ki, əgər onun mənim sözümə, məsləhətimə ehtiyacı varsa, gərək həmin adamın görüşünə gedim...

İlk sualımız ənənəvi oldu. Dedim ki, 1000-dən çox məqalənin, 15 monoqrafiyanın, 14 dərsliyin, 28 dərs vəsaitinin, 5 telefilmin ssenari müəllifisiniz. 9 elmlər namizədi, 2 elmlər doktoru yetişdirmisiniz. 18 elmi konsepsiya irəli sürmüs, "biotik əlaqələr" adli təbii qanun kəsf etmisiniz. Bunlardan əlavə, özünüz haqqında, elmi fəaliyyətiniz və cəmiyyətdəki mövqeyiniz barədə nə deyə bilərsiniz?

- Nə deyim, az-çox nə etmişəmsə xalqa məlumdu. İnsan ağlı kəsəndən sonra gərək fikirləşsin ki, niyə dünyaya gəlib, həyatda əsas məqsədi nədir, nələri etməlidir. Bunun üçün isə özünüdərk lazımdır. Özümü adi, lakin xoşbəxt insanlardan biri sayıram. Çünki həyatım boyu nəyə cəhd etmişəmsə, o sahədə zirvəyə qalxmağa çalışmışam. Yəni yarımçıq işlə aram olmayıb. Əlli ildən çoxdur elmlə, müəllimliklə məşğulam - öyrənirəm, öyrədirəm, dinləyirəm, dinlədirəm. Həmişə bu əqidədəyəm ki, niyə dünənkindən ağıllı, bilikli olmayım. Axı böyüklərimiz buyurublar ki, iki günü eyni olanlar zərərdədir. Qazandığım uğurlara görə həmişə Allaha duaçı olmuşam, dinimi həmişə uca tutmuşam.

 Darvinin səhvi

- O vaxt orta məktəbi yaxşı oxuyanlar  ali məktəblərə qəbul zamanı, adətən, ya riyaziyyatı, kimyanı, ya da hüquq fakültəsini seçirdilər. Necə olub ki, siz biologiya fakültəsinə sənəd vermisiniz?

- Mən orta məktəbdə oxuyanda Kürdəmirdə Ağalar adlı kimya-biologiya müəllimi vardı. Çox savadlı idi. Universitetdə dosent Kamal Qəmbərov vardı. Biologiyanı o insanlar sevdirib mənə...

- Sovetlər dövründə Darvinin təkamül nəzəriyyəsini çox həvəslə "yedizdirirdilər" tələbələrə. Amma sonra məlum oldu ki, bu nəzəriyyədə də səhv varmış? Darvinin təkamül nəzəriyyəsindəki səhvini məgər o dövrün alimlərindən heç biri görə bilməyib?

- Bəli, Çarlz Darvinin səhvi olub. Moskva Dövlət Universitetinin gənc professoru Relye onun səhvini hamıdan tez görüb. Relye Darvinə məktub yazıb və təkamül nəzəriyyəsi ilə bağlı fikirlərini ona çatdırmaq istəyib. Darvin də xəbər göndərib ki, indi başım bərk qarışıqdı, vaxt tapan kimi   sizinlə görüşəcəyəm. Lakin nədənsə Darvin onunla görüşməyib. Relye də susub...

Darvinin təkamül nəzəriyyəsindəki səhvi cansız aləmin əhəmiyyətinə cüzi yer verməsi olub. Ölənə yaxın özü də etiraf edib ki, mən təbii seçməyə aludə olub, ətraf mühiti unutdum...

Əgər yaşadığımız planetin yaşının 5 milyard il olduğunu qəbul ediriksə, sübut edilib ki, bunun təqribən 3 milyard ilində heç bir canlı olmayıb. Yəni planet bütövlükdə cansız komponentlərdən ibarət olub. Amma canlıların təkamülü 1,5 milyard ilə düşür. Əgər bu milyard yarıma üç milyardın təsiri olmayıbsa, bu canlılar haradan əmələ gəliblər, kosmosdan düşüblər? Deyirlər ki, bütün canlılar, o cümlədən insan Yer planetinin övladlarıdır. Əlbəttə, hələ ki belədir. Ola bilsin ki, gələcəkdə digər planetlərdə də canlı həyatın movcudluğu sübuta yetirildi.

"İnsanların çoxu təbiəti sevmir"

- Qara müəllim, təbiətimizin gözəlliyindən həmişə ağızdolusu danışırıq.  Bəs bu gözəllik nədən doğur?

- Azərbaycan təbiətinin gözəlliyini doğuran onun relyefinin müxtəlifliyidir. Burada dəniz də var, dərə də, dağ da, düzən də, səhra da. Belə müxtəlifliyə tropik qurşaqdan sonra az-az ərazilərdə rast gəlmək olur. Dənizin sahilindən Baba dağınadək rəngarənglik var. Bu isə təbiətin gözəlliyini artırır.

İndi deyəcəksiniz ki, nə edək ki, bu zənginliyi saxlayaq?  İnsan milyon yarım canlı növ arasında elə varlıqdır ki, çox zaman  bir cür düşünür, çox zaman başqa cür hərəkət edir. Ona görə də heyvanı öyrənmək asandı, nəinki insanı. Elə bir insan tapmaq çətindir ki, desin ki, mənim təbiətdən zəhləm gedir. Kimi dindirsən deyəcək ki, təbiəti sevirəm. Amma onların çoxu imkan düşən kimi təbiətə qənim kəsilir. Bəzən deyirlər ki, inkişaf belə tələb edir. Səhv fikirdir. İnkişaf zərərsiz yaşamaqdır. Milyardın olsun, yaşa, ancaq təbiətə, insanlara zərər vermə.

Təəssüf ki, insanlarımızın təbiətə münasibəti xoşagələn deyil. Çünki bizdə ekoloji tərbiyə lazımi səviyyədə deyil.

"Qırmızı kitab"a əməl olunmasa...

- Təbiətimizin problemləri barədə danışılanda tez-tez "Qırmızı kitab"ın adı çəkilir. Amma əhalinin çox hissəsi "Qırmızı kitab"ın nə olduğu barədə məlumatlı deyil. Bu kitabda yazılanların təbiətin mühafizəsində bir rolu varmı?

- "Qırmızı kitab" ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqındadır.  Həmin kitab respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Azərbaycanın "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilib. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır. Kitaba mindən çox bitkinin adı salınıb.

"Qırmızı kitab"a əməl olunmazsa, onun əhəmiyyəti yoxdur. Amma orada deyilənlər, ən azı yetmiş beş faiz həyata keçirilsə, nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növləri yenidən çoxalar. Məsələn, deyək ki, qırqovul "Qırmızı kitab"a salınıb. Niyə? - Çünki bu quş, demək olar ki, ovlanıb qurtarıb. Bir neçə il də ovlanmasına icazə verilsə, qırqovulun nəsli tamamilə kəsilə bilər.

"Qırmızı kitab" hər il dəyişilməli, on ildən bir çap olunmalıdır. Amma, hələlik, iki dəfə nəşr edilib.

-  Artıq qışın qarlı, şaxtalı günləri başlayıb. Hələ qarşıda çətin günlər çoxdur. Belə günlərdə vəhşi heyvan və quşlar da insana sığınmaq istəyir. Bu günlərdə insanlar nə etməlidirlər?

-  Böyüklər onsuz da sözümüzə baxmırlar. Bayaq dedim ki, onlar "baş üstə", "təbiəti sevirəm" deyir, ancaq bildiyini edirlər.

Uşaqlar bu günlərdə quşlar üçün sığınacaq yerləri, yuvacıqlar düzəltsinlər. Həm də o yerlərə müxtəlif yemlər, çörək qırıntıları, süfrədən qalan ərzaqlardan töksünlər. Bizi yalnız o düşündürmür ki, o quşların hamısı sağ qalacaq, ya yox. Mən həm də düşünürəm ki, nəvələrimin insanlığı, mərhəmətliliyi güclü olsun. Biz gələcək nəslimizi avropalı kimi görmək istəyiriksə, təbiətə qayğını artırmalı, bu sahədə avropalılardan müsbət şeyləri götürməliyik. Məsələn, son illər şəhərlərdə hündür daş hasarlar çəkilib. Həmin hasarlar sökülməli, yerində həmişəyaşıl ağaclardan çəpərlər çəkilməlidir ki, quşlar orada məskən sala, yuva qura bilsinlər. Belə yaşıl çəpərlər quşlar üçün yaxşı sığınacaq yeridir.

Yaxşılığa doğru dəyişmə çoxdur

- Son on-onbeş ildə respublikamızda ətraf mühitin qorunması, sağlamlaşdırılması və zənginləşdirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Amma bu sahədə həllini gözləyən problemlər hələ çoxdur. Sizcə, nələri etmək lazımdır ki, bu sahədə əsaslı dönüşə nail olaq?

-  Bu istiqamətdə çox layihələr həyata keçirilir. Bir qismi öz hökumətimiz tərəfindən maliyyələşdirilir, bir hissəsi də beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə. Mən öz layihələrimizə üstünlük verirəm. Bəs ətraf mühitdə yaxşılığa doğru irəliləyiş yoxdurmu? Əlbəttə, var. Məsələn, 20 il əvvəl Türyançay qoruğuna gedib, çayın üstündə dayanıb baxdım meşəyə. Meşənin bir kilometr içərisində bir dovşan olsaydı görünürdü. Onda çəkdiyim şəkillər indi də durur. Keçən il yenə həmin yerdə müşahidə apardım. Baxanda 50 metrdən o yana heç nə görmədim. Bu, meşənin özünübərpası nəticəsində baş verib. Meşədə nəsə əkməyə, suvarma aparmağa ehtiyac yoxdur. Meşəyə mal-qara buraxma, qırma, yol çəkmə özü-özünü bərpa edəcək. Ümumiyyətlə, əksər meşələrimizdə irəliləyiş hiss olunur.

- Qara müəllim, sizin təbiətə olan sevginizin kökündə nə dayanır? Niyə təbiəti çox sevirsiniz?

- Ona görə ki, təbiətsiz nə babam olub, nə mən varam, nə də gələcəyinə ümidlə baxdığım nəvələrim olar. Təbiət sağlamdırsa, biz də sağlamıq, xəstədirsə, biz də xəstəyik. Bir də bizi biz eləyən təbiətdir. Təbiət ən böyük loğman və müəllimdir. Buna görə də mən təbiəti çox sevirəm, bacardığım qədər ona xidmət etməyə çalışıram.

- Heyvanları çox sevirsiniz, yoxsa bitkiləri?

- Baxmayaraq ki, əsərlərimin yarıdan çoxu quşlarla bağlıdır, amma bitkilərə sevgim daha böyükdür. Çünki bitkilər, belə demək olarsa, yediklərini özləri "istehsal" edir. Ağaclar, kol bitkiləri həm quşlara, həm də müxtəlif həşəratlara sığınacaq yeri, qida mənbəyidir.

"Xalq tərəfindən sevilməyim həm də televiziyanın xidmətidir"

- Siz, təxminən, 35 il Azərbaycan Televiziyasının "Təbiəti sevənlər" proqramının müəllif və aparıcılarından biri olmusunuz. Müəlliminiz və proqramda aparıcı həmkarınız, alim Mirəli Axundovla təbiət mövzusunda söhbətlərinizə hamı çox maraqla baxırdı...

- Televiziya elə geniş ünsiyyət vasitəsidir ki, orada uğur da olur, uğursuzluq da. Buna görə də ekrana çıxıb xalqla üzbəüz oturanda gərək hər sözün çəkisini biləsən, hər cümləni süzgəcdən keçirib deyəsən. Bir də dediklərin doğru olmalıdır. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, mənim xalq tərəfindən sevilməyim, həm də televiziyanın xidmətidir. Təbii ki, biz də çox çalışmışıq ki, o proqram sevilsin, uzunömürlü olsun. Onu da əlavə edim ki, "Təbiəti sevənlər" proqramının təbiətin qoynunda çəkilişləri zamanı yaddaqalan həm qorxulu, həm də gülməli hadisələr çox olub.

- Sizcə, indiki uşaqların çoxu niyə təbiəti sevmir, daha doğrusu, təbiətə az maraq göstərir?

- Çünki uşaqların, onların tərbiyəçilərinin də dərs yükü artıb. Bayaq qeyd elədim ki, əslində təbiəti uşaqlar yox, böyüklər sevmirlər. Uşaq da, belə demək olarsa, böyüyünü yamsılayır. Əgər onun atası, həqiqətən, təbiətdən zövq almağı bacarırsa, uşaq da mütləq təbiəti sevəcək. Yəni bu sevgi həm genetik yolla, həm də davranış yolu ilə uşağa keçəcək.

- Cavanlıqda ova getmisiniz?

- Tüfəngim olub, ancaq heç bir sərçə də vurmamışam.

- Sizdən eşitmişəm ki, uşaqlıqda və sonralar da Tuqay meşələrini çox gəzib-dolaşmısınız. Bu meşələrin dünəni və bu günü barədə nə demək istərdiniz?

- Tuqay meşələrinin dünəni təbiətin ən gözəl və zəngin parçası idi. Bu meşələr min illərlə dama-dama gözəlliyə çevrilmişdi. Bu gün isə o yerləri gəzəndə adamın ürəyi ağrıyır. Əsas səbəb sovetlər dövründə xalq təsərrüfatının yüksəlişi naminə müxtəlif layihələrin həyata keçirilməsi olub. Başlıcası, Kür çayı üzərində Mingəçevir Su Anbarının tikilməsi olub.  Anbar su ilə dolandan sonra o ərazidəki Tuqay meşəsi  suyun altında qalıb məhv oldu. Bənddən aşağıda olan meşələr isə su içməkdən, qırıntıdan pis günə düşdü. Kürdə daşqınların qarşısını almaq üçün müxtəlif ərazilərdə çayın üzərində 15 böyük qapıların tikilməsi təklif olunur. Əgər həmin qapılar inşa edilsə, su o ərazilərdə azala-azala gələr, çayda daşqının qarşısı alınar. Bu, həm də on-onbeş ilə Tuqay meşələrinin bərpasına imkan verər. O zaman vaxtilə Tuqayda yaşamış şir, pələng, bəbir, maral, cüyür, bəzi quşlar yenidən buraya qayıda bilər. 

"Rəsul Rzaya yalvardım ki...", yaxud dedi, dedim...

- Eşitmişik ki, sizin Xalq şairi Rəsul Rza ilə bir əhvalatınız olub. Qısa da olsa həmin söhbəti danışsanız, yaxşı olar.

- Bilirsiniz, həmin söhbəti edəndə bəziləri elə bilir ki, mən Rəsul Rzaya sataşıram, guya özümü ondan çoxbilmiş sayıram. Belə yozurlar, bu da mənim canımı sıxır. Amma Rəsul Rzanın mənə qarşı olan xoş hərəkəti, mən deyərdim ki, böyüklük idi. Mən o boyda böyüklük görməmişəm.

Hadisə belə olub: Rəsul Rza "Təbiət ensiklopediyası" adlı bir poema yazıb, anonim yolla göndərmişdi universitetə. Onda mən cavan idim. Dekan işləyirdim. Əlyazma gəldi çıxdı mənə. Poemaya elmi cəhətdən rəy yazılmalı idi. Açıb oxudum və gördüm ki, elmi səhvlər çoxdu.

Bir gün kimsə zəng elədi. Soruşdu ki, kimdi danışan, kiminlə danışıram? Dedim ki, fakültənin dekanı Mustafayevdi. Dedi ki, ora bir kitab göndərilib, rəy verilməli idi, kimdədir? Dedim ki, məndədi. Dedi ki, bir ay keçib, niyə saxlamısınız? Dedim ki, mən kiminlə danışıram? Cavab verdi ki, onun dəxli yoxdu. Dedim ki, əsərdə səhvlər çox idi, ona görə bir neçə adama oxumağa verdim. Dedi ki, səhv nəyə deyirsən? Dedim ki, reallığa uyğun olmayanlara. Soruşdu ki, məsələn? Dedim ki, maral bizim Tuqay meşəsində XII əsrdə məhv olub, ondan sonra da olmayıb. Amma poemada göstərilir ki, guya Tuqay meşəsi maralla doludur. Belə-belə bir neçəsini sadaladım. Dedi ki, yaxşı,  maşın yollayım rəyi ver gətirsin. Dedim ki, hara deyirsiniz özüm gətirərəm. Dedi ki, yox, indi maşın göndərəcəyəm. Elə də elədi.

Maşın İçərişəhərdə Ensiklopediyanın qarşısında saxladı. Otağa girəndə gördüm ki, stolun arxasında oturan Rəsul Rzadı. Həm sevindim, həm də qorxdum. Onun şeirlərini çox oxumuşdum, amma özünü heç vaxt görməmişdim. Mən haradan biləydim ki, poema Rəsul Rzanındı. Rəyi qoydum qabağına. Dedi ki, çay gətirin. Boğazım qurudu, ancaq çaydan bir qurtum da içə bilmədim. Fikrimdən keçirtdim ki, deyəsən, özüm-özümü işə salmışam. Dedi ki,  razılaşmadıqlarının yenə beş-altısını xırdala. Yenə bir neçəsini dedim. Rəsul müəllim bildirdi  ki, doğrudur, mən səhv etmişəm. Bu səhvlərə görə üzr istəyirəm. Daha mən bu əsəri çap etdirməyəcəyəm, poemadan da imtina edirəm. Dedim ki, Rəsul müəllim, bağışlayın, bilməmişəm əsər sizindi, kağız verin, necə istəyirsiniz rəy yazıb, qol çəkim. Dedi ki, olmaz, sən doğru yazmısan, həmişə belə elə. Xeyli yalvardim, xeyri olmadı... Məndən soruşdu ki, Mirəli müəllimə münasibətin necədi? Dedim, o mənim müəllimim, ağsaqqalımdı, gündə qırx dəfə görsəm, hər dəfə onu öpürəm.

Dedi, çox yaxşı. Gəl belə danışaq, mən uşaqlar üçün bunlara oxşar yenə bir neçəsini yazıb göndərəcəyəm Mirəli müəllimə, ondan sonra sən də oxuyub səhvləri düzəldərsən. Dedim, baş üstə. Ayrılanda dedi ki, gedək qonağım ol, sonra maşınla aparıb iş yerinə qoyarlar. Təşəkkür elədim, yalandan dedim ki,  gedəcəyim yer var... Rəsul müəllimlə görüşüb ayrıldıq.

Şairlə görüşümüz söylədiyim kimi olub.

Allah ona rəhmət eləsin, ağayana, alicənab insan idi.

"Tərifi tosta çevirəndə əsəbiləşirəm"

- Bizdə, demək olar ki, tərifi  hamı sevir. Heç eşitməmişəm ki, birini tərifləyəndə durub desin ki, belə sözlər lazım deyil. Sizin təriflə aranız necədir? Yəni birisi sizi tərifləyəndə özünüzü necə hiss edirsiniz?

- Həqiqi tərifdirsə desin. Ancaq tosta çevirəndə əsəbiləşirəm.

 - Qara müəllim, elmi fəaliyyətinizin əsas səhələri hansılardır?

- Kökündə zoologiya dayanır - heyvanlar aləmi. Amma son iyirmi ildə ekologiya ilə daha geniş məşğul olmuşam. Məlumat üçün deyim ki, bir vaxtlar ekologiya elm hesab olunmurdu.

- Bu sahəyə aid təxminən neçə kitab yazmısınız?

- Səkkiz yüzə kimi məqaləm, əllidən çox kitabım nəşr edilib. İnsan ekologiyasına dair isə üç kitabım var- ikisi dərslikdi, biri isə monoqrafiya.

- Respublikamızda ekoloji cəhətdən problemli sahələrdən biri təbii otlaqlardır. Təbii otlaqlarımızın qeyri-təbii dərdləri  çox, qayğı isə çox aşağıdır. Bəs problemi doğuran əsas səbəb nədir?

-  Bu problemdən də çox yazılıb, çox danışılıb. Ancaq yazmaqla, deməklə məsələ həllini tapmır, konkret iş görmək lazımdır. Sovetlər dövründə həm özümüzün, həm də  Gürcüstan, Ermənistan və Dağıstanın mal-qarası, sürüləri yığılırdı Azərbaycanın təbii qış otlaqlarına. Bu, bir vaxtlar çox zəngin olan təbii otlaqlarımızın sürətlə sıradan çıxmasına, ot örtüyünün seyrəlməsinə səbəb olurdu. Hazırda isə işğal olunmuş rayonlarımızdan gətirilən mal-qaranın və qoyun sürülərinin çoxu bu ərazilərdə məskunlaşdırılıb. Bundan əlavə,  sənəti, peşəsi olmayanların xeyli hissəsi indi heyvandarlıqla məşğul olur. Niyə? - Çünki əkinçilik bu sahəyə nisbətən çətindi,  daha çox elm tələb edir.

- Axı heyvandarlıq da elmsiz inkişaf edə bilməz.

- Doğrudur. Amma o fermaların çoxunda heyvandarlığın primitiv formasından istifadə olunur. Qarışıq, şirəli yemlərdən çox, təbii otlaq sahələrin otarılmasına üstünlük verilir. Bir hektara, təxminən, beş-altı iribuynuzlu, iyirmi- iyirmi beş davar düşməlidirsə, indiki vaxtda bu göstərici qat-qat çoxdur. 

 Səbirli olmaq sizə nə verib?

 - Sizi səbirli insan sayırlar. Bu, sizə nə verib?

- Səbir Allahın adlarından biridir. Mən həyatda nəyə nail olmuşamsa, səbir sayəsində olmuşam. Səbirli adam həqiqəti tez görür.

- Təbiəti sevənlərin çoxu poeziyanın da vurğunu olurlar. Sizin də poeziyanı sevdiyinizi bilirik. Onu da bilirik ki, yetirməniz, alim-şair Anar Məmmədovla birlikdə "Həyat  və poeziya " adlı kitab da yazmısınız .

- Bugünkü şairlərin şeirlərini də  oxuyursunuz?

- Doğrusu, son illər çox az şeir oxuyuram. Çünki təbiət mövzusunda qələmə alınan şeirlərdə elmi təhrifləri görəndə əsəbiləşirəm.

İstədim yazının sonuna Qara müəllimlə görüşlərimizdən bir neçə kəlmə yazım. Ancaq yazdıqlarım xoşuma gəlmədi və bir neçə vərəq korladım. Nədənsə yadıma onun "Düşünək və düşündürək" adlı kitabındakı bu fikirlər düşdü: ... "Təbiət öz sirlərini açmaqda  tələsən deyil. Buna nail olmaq istəyən insan gecəni gündüzə, ayları illərə qatmağı bacarmalı, sağlam, səbirli və zəhmətkeş olmalıdır. Təbiətə qəlbi ilə bağlanmayan, onu şüurlu surətdə sevməyən, ondan ən yüksək zövq almayan, özünü və gələcəyini təbiətə borclu bilməyən insan nə qədər istedadlı olsa da, təbiətin sirlərini aça  bilməz".

Bu gün bizim Qara müəllimin yaşının üstünə daha bir yaş gəlir. Yəqin ki, övladları, nəvələri, dost və tanışları, tələbələri, yetişdirdiyi alimlər və  bir insan, bir alim, bir ağsaqqal kimi sevən minlərlə soydaşımız onu təbrik edəcəklər.  Onu sevənlərdən biri kimi biz də istədik ki, bu təbriklərə qoşulaq: "Sizi təbrik  edirik, Qara müəllim! Sizə, ilk növbədə, cansağlığı, hələ neçə illər təbiətimizin və elmimizin keşiyində beləcə durmağı arzulayırıq".  
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR