Dünyanın məşhur siyasətçilərinin anaları

Dünyanın məşhur siyasətçilərinin anaları
23:22 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

XX əsrin ən tanınmış siyasətçilərindən biri olan Uinston Çörçillin anası Cenni barədə Azərbaycan mətbuatı ilə müqayisədə Qərbdə çox yazıblar və onun həyatını  oxuculara olduğu kimi, artırıb-azaltmadan çatdıra biliblər. Bu da təsadüfi deyil. Belə ki, Stalinin sadə kəndli anası ilə müqayisədə məşhur siyasətçi Uinston Çörçillin siyasi istedadının parlamasında anası Cenni olduqca böyük rol oynayıb. Gözəlliyi və olduqca məntiqli danışığı, daim şən, üzügülər olması ilə XIX əsrin 70-ci illərindən başlayaraq, Böyük Britaniyanın ali dairələrini özünə heyran qoyan və qısa müddətdə kraliçanın sarayına yol tapan, şirin danışığı ilə istənilən insanı ələ almağı bacaran xanım Cenniyə ona görə o dövrdə bu xüsusiyyətlərinə görə "Bəbir" ləqəbi vermişdilər.

  Əslən hindu İrokez qəbiləsindən idi

Bir vaxtlar dünya siyasətinə Uinston Çörçill kimi dahi bir siyasətçi bəxş edəcək Cenni 1854-cü il yanvar ayının 9-da Nyu-Yorkda, tanınmış maliyyəçi Leonard Cerom və Klarissa Xollun ailəsində anadan olub. Klarissa Xollun dədə-babalarının yerli  hindu İrokez qəbiləsindən olduğu ehtimal edilir. Hər halda Klarissa Xoll özünün yerli İrokez qəbiləsindən olmasını ailədə xüsusi vurğulamağı sevirdi. Leonard Ceromun yeni anadan olan övladına Cenni adını verməsi isə onun o dövrdə İsveçdən olan məşhur müğənni Cenni Lindin heyranı olması ilə bağlı idi. Uşaq yaşlarından İrokezlərə xas olan qarasaçlı, qaragözlü, daim üzündə təbəssüm olan Cenni hamıda özünə qarşı xoş münasibət oyatmağı bacarırdı. Cenni uşaq yaşlarında olduqca ağıllı, məntiqli danışığı ilə daim  diqqəti cəlb edirdi. Cennini həddindən çox sevən atası ona Bronksdə ayrıca torpaq sahəsi almış, orada  qızının atda sərbəst dolaşa bilməsi üçün ippodrom tikdirmişdi. Cenni uşaq yaşlarından at çapmağı sevir və öz məharətini valideynlərinə göstərməkdən xüsusi zövq alırdı. Cenni bununla bərabər, yazmağı sevirdi və ətrafındakılar onun gələcəkdə məşhur yazıçı ola biləcəyi barədə fəxrlə danışırdılar. Bu da Cenninin gənc yaşlarından ədəbi jurnallardan birində redaktor işləməsinə gətirib çıxardı.

1867-ci ildə Klarissa xəstələndi və ailə onu müalicə etdirmək üçün Parisə köçməli oldu. Parisdə Leonard Cerom elit ailələrin məclislərində ailəsi ilə bərabər iştirak edirdi. Bu məclislərdə iştirak edən gənc Cenni gözəlliyi ilə elit təbəqənin tanınmış adamlarını özünə məftun etmişdi. Anasının müalicəsi uzandığından Cenni Parisdə uzun müddət qalmalı oldu və tədricən ən yetkin bir gənc kimi siyasi baxımdan da yetkinləşdi.

Rendolf Çörçillə tanışlıq həyatını dəyişdirdi

Həmin dövrdə Parisin ən gözəl və parlamaqda olan ulduz qadını hesab edilən Cenni balda təsadüfən Lord Rendolf Çörçillə tanış oldu. Rendolf Çörçillin valideynləri Böyük Britaniyanın adlı-sanlı aristokrat ailələrindən hesab edilirdilər. Rendolf və Cenni qısa tanışlıqdan sonra evlənmək barədə qərar qəbul etdilər. Lakin Rendolfun atası Hersoq Marlboro oğlunun aristokrat nəslindən olmayan bir qadınla evlənməsinin əleyhinə idi. Buna baxmayaraq, o, Rendolfu Cenni ilə evlənmək fikrindən daşındıra bilmədi. Amma Şahzadə Uelski ata Marlboronu son anda oğlunun bu evliliyinə mane olmamağa razı sala bildi. Bu  evlilikdən 7 ay sonra onların Uinston adını verəcəkləri və gələcəkdə məşhur siyasətçi olacaq  oğulları anadan oldu. Vaxtından əvvəl doğuşa səbəb isə Cenninin ağır hamilə olmasına baxmayaraq, balda yorulmadan rəqs etməsi oldu. Zəif Uinston uzun müddət həkimlərin nəzarəti altında oldu. Cenninin Uinstonla məşğul olmağa vaxtı olmadığından ona xüsusi dayə təhkim etmişdilər. Çörçill ailəsi həmin dövrdə Şahzadə Uelski ilə aralarında olan narazılıq səbəbindən bir müddət İrlandiyada yaşamalı oldu. 7 ildən sonra yenidən Londona qayıdan Rendolf dərhal siyasi fəaliyyətlə məşğul olmağa başladı. Bu işdə onun əsas köməkçisi Cenni idi. Ərinin siyasi karyerasında uğurlara imza atmasına nail olması üçün Cenni Londonda aristokrat qadınlar cəmiyyəti yaratmışdı. Bu qadınlara rəhbərlik edən və onların qısa müddətdə rəğbətini qazanan Cenni rəfiqələrinin ərlərinə təsir etməsindən bacarıqla istifadə edə bildi. Rendolfun pafoslu siyasi çıxışlarının böyük əksəriyyətini yazan Cenni bununla da ərinin seçkilərdə qalib gələrək Lordlar Palatasına üzv seçilməsinə, hökumətdə maliyyə naziri vəzifəsini tutmasına nail ola bildi. 1895-ci ildə Rendolf 48 yaşında ikən xəstəlikdən vəfat etdi. Onun vəfatından sonra Cenni ərinin nazir mantiyasını dövlətə qaytarmaqdan imtina edərək: "Uinston bunu gələcəkdə atasının əvəzində geyinəcək, oğlum dahi siyasətçi, məşhur dövlət adamı olacaq",-demişdi.

Xanım Cenni hələ uşaq ikən oğlunun özü kimi parlaq təfəkkürə və məntiqə malik olduğunu hiss edərək ona atası kimi böyük insan olmağı təlqin edirdi. Ərinin ölümündən sonra bu dəfə oğlunu siyasətə hazırlayan Cenni qısa müddətdə öz istəyinə nail ola bildi. Uinston hərbi məktəbi başa vursa da, bu sahədə işləmədi. Anasının yardımı ilə o, hərbi jurnalist kimi döyüş bölgələrindəki vəziyyəti işıqlandırmağa ezam edildi. Əvvəlcə, Malakandda üsyanın yatırılmasında iştirak edən Uinston barədə anası aristokrat qadınlar arasında oğlunun bu zaman qəhrəmanlıqlar göstərməsi barədə əfsanələr formalaşdırdı. Döyüş bölgəsindən göndərilən məqələlər isə Uinston haqqında elit təbəqədə müsbət rəy formalaşmasına səbəb oldu. 1899-cu ildə Afrikanın şimalına ezam edilən Uinston həm jurnalist, həm də əsgər kimi döyüşlərdə iştirak etdi. Bu da Cenninin əlinə oğlunun qəhrəmanlığını təbliğ etmək üçün yeni faktlar verdi. Bu döyüşlər haqqında Çörçill "Çayda döyüş" adlı kitabını yazdı.

 Böyük siyasətə yol müharibə meydanından başladı

1899-cu ildə Uinston anasının tövsiyəsi ilə İngilis-Bur müharibəsinə yola düşdü. Anası da oğlunun siyasi karyerasına nail olmaq üçün bu müharibədə yaralananlara yardım etmək məqsədi ilə "Amerika qadınlarının Gəmi-Hospital" Cəmiyyətini təsis etdi. Cenni şəxsi tanışlığından istifadə edərək, məşhur amerikalı milyonerin birinin yardımı ilə cəmiyyətə 150 min dollara gəmi almağa nail oldu. Bu gəmi ilə Cənubi Afrikaya yollanan Cenni burada yaralı əsgərlərə yardım etməyə başladı. Bununla da o, oğlunun və özünün Böyük Britaniyada daha da məşhurlaşmasına nail ola bildi. Gəmi hospitalı Şahzadə Uelski və Kraliça Viktoriya şəxsən ziyarət etmiş, Cennini bu fədakar əməyinə görə tərifləmişdilər. İngilis-Bur müharibəsində ana-oğulun iştirak etməsi və döyüşlərdə Uinstonun qəhrəmanlıq göstərməsi haqqında yayılan məlumatlar Çörçillin siyasi karyerasında dönüş nöqtəsi oldu. Cenninin özü və oğlu haqqında aristokratlar arasında yaratdığı müsbət imic öz nəticəsini verdi. Gənc Uinston səs çoxluğu ilə parlamentə seçildi. Təbii ki, bu işdə ana Cenninin böyük xidmətləri oldu. Həmin dövrdə öz həyatını da yaşamaqda davam edən Cenni ikinci dəfə oğlu yaşda olan kapitan Corc-Kornuollis-Uestə ərə getdi. Uinston anasının bu izdivacını sakit qarşıladı. Amma onların izdivacı uzun sürmədi. Xaraktercə uyğun gəlmədiklərindən Cenni və Corc-Kornuollis-Uest boşandılar. Sonrakı illərdə də oğlunun siyasi karyerasının ən yüksək zirvəyə qalxması üçün bütün imkanlardan istifadə edən Cenni buna nail oldu. Anasının özünün siyasi karyerasında oynadığı böyük rolu həmişə etiraf edən və bundan fəxrlə danışan Uinston Çörçil sonralar belə yazmışdı: "O mənim üçün yalnız ana və bacı deyil, həm də siyasi mentor( müəllim) oldu. Həyatda qazandığım bütün siyasi uğurlara görə anama borcluyam".

Uinston Çörçill hətta ailə həyatı qurmağı və özünə layiq nişanlı tapmağı belə anasına etibar etmiş, onun bəyəndiyi, məsləhət gördüyü qızla ailə həyatı qurmuşdu.

 Qəfil gələn ölüm

Birinci Dünya müharibəsi dövründə Uinston Çörçill artıq Böyük Britaniyada tanınmış siyasətçi idi. Yenə də qeyd edək ki, Uinstonun gələcəkdə məşhur siyasətçi kimi formalaşmasında və karyerasında uğurlar əldə etməsində anası Cenninin şəxsi tanışlığı, yüksəkvəzifəli rəsmi dövlət şəxsləri ilə isti münasibətlərdə olması böyük rol oynadı. Oğlunu böyük siyasətçi görmək arzusuna çatan Cenni 1918-ci ildə 64 yaşında ikən 3-cü dəfə ərə getdi. Hər halda övladı ilə bərabər özünün şəxsi həyatını da yaşamaqda davam edən Cenni qoca yaşlarında belə gözəlliyini və cazibədarlığını qoruyub saxlaya bilmişdi və həmişəki kimi ətrafındakıları özünə heyran etməyi bacarırdı. Həyatı yaşamağı sevən, daim ətrafındakılarla xoş münasibətdə olmağı bacaran  və damarlarında Amerikanın İrokez hindularının qanı axan Cenni 1921-ci ildə pilləkənlərdan düşərkən yıxıldı və dabanı qırıldı. Həkimlərin vaxtında ona yardım etməməsi və sonra da müalicəni düzgün aparmaması nəticəsində Cenninin ayaqlarında qanqrena başladı. Əməliyyat olunsa da bu dəfə ayaqlarında tromb əmələ gəldi. Nəticədə Cenni Çörçill 1921-ci il, iyun ayının 9-da dünyasını dəyişdi. Onun vəfat etməsi Uinston Çörçill üçün böyük zərbə oldu. Uinston Çörçill anasının vəfatı ilə bağlı belə demişdi: "O, əsl şahzadə, Feya ulduzu idi və həyatı boyu ulduz kimi parlamaqda davam etdi".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR