Əməkdar Rəssam Əşrəf Heybətovun ustad dərsi

Əməkdar Rəssam Əşrəf Heybətovun ustad dərsi
10:03 27 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 27 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda gənc rəssamlar üçün növbəti ustad dərsi təşkil olunub. Əməkdar Rəssam Əşrəf Heybətovun keçdiyi ustad dərsində Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun təsviri incəsənət və müəllimlik ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva Ə.Heybətov haqqında tələbələrə ətraflı məlumat verib.
Vurğulanıb ki, Əşrəf Heybətov bütün əsərlərində doğma Vətənimiz Azərbaycanı tərənnüm edir və onun bir sıra xarici ölkələrdə fərdi sərgiləri açılıb.
Qeyd edilib ki, Əşrəf Heybətov 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Rusiya Rəssamlar İttifaqının, Rusiya Şərqşünaslıq Cəmiyyətinin, Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti idarə heyətlərinin üzvüdür.
Sonra gənc rəssamları salamlayan Əşrəf Heybətov kağız üzərində çəkilmiş eskizin yağlı boya ilə kətan üzərinə köçürülməsi texnikasını praktiki olaraq ətraflı izah edib. O, gənc rəssamlara rəngkarlığın sirləri, əsərin işlənmə texnikası, rənglərin qatılması, kətana vurulması barədə məlumat verib, düzgün fırça seçiminin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, əvvəlcə bütöv obyektlərin və fonun rənglənməsi, kompozisiya bitdikdən sonra isə əsərin balaca elementlərinin işlənilməsi vacibdir.
Sonra rəssamları maraqlandıran suallar cavablandırılıb.
Çəkilmiş əsər müəllif tərəfindən muxtar respublikanın Rəssamlar Birliyinə hədiyyə edilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amekdar_Ressam_Asref_Heybetovun_ustad_dersi-914762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR