Təsərrüfat sahibləri bu il qoyunlardan daha çox quzu əldə ediblər

18:28 27 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 27 dekabr, AZƏRTAC
Havaların yağmursuz və mülayim keçməsi Tovuzun Ceyrançöl qışlağında xırdabuynuzlu heyvanların döl dövrünün normal və məhsuldar keçməsinə şərait yaradıb. Çünki qışlaqlarda qoyunların demək olar ki, 95-97 faizi bala verir. Təsərrüfat sahiblərinin sözlərinə görə, bu il keçən ilkindən fərqli olaraq qoyunlardan daha çox və sağlam quzu əldə ediblər. Qoyunların dölə tez başlamaları fermerlərin də xeyrinədir. Çünki ilin bu dövründə doğulan quzu qısa müddətdə satış üçün sərfəli olur.
Fermer Cahangir Ələkbərov AZƏRTAC-a bildirib ki, yayda otlaq sahələrində məhsulun bol olması qoyunların əkiz və hətta ikinci dəfə bala verməsi ilə nəticələnir. Mövsümün əvvəlində doğulan quzuların çəkiləri hazırda 10 kiloqrama yaxındır. Amma fermerlər yeni doğulan xırdabuynuzluların bu il ucuz olduğunu deyirlər. Quzuların bazarlarda satış qiyməti çəkisindən asılı olaraq alıcılara 80-100 manata təklif olunur.
Çoban Vüqar Məmmədov deyir ki, fermer təsərrüfatlarında xırdabuynuzlu heyvanların qış ehtiyatı da kifayət qədərdir.
Heyvan sahibləri yem tədarükünü vaxtında gördükdə döl kampaniyasının da məhsuldar və itkisiz keçəcəyini bildirirlər. Qeyd edək ki, qoyunların quzu verməsi dövrü payızın sonlarından başlayaraq yaz aylarınadək davam edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Teserrufat_sahibleri_bu_il_qoyunlardan_daha_chox_quzu_elde_edibler-914803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR