Ölkədə ilkin əlilliyin kəskin azalması müşahidə olunur

11:23 28 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yeni islahat tədbiri son bir ayda ölkədə ilkin əlilliyin kəskin şəkildə azalması ilə müşahidə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əlillik təyinatında şəffaflığın artırılması məqsədilə davam etdirdiyi islahat tədbirlərindən biri kimi, dekabr ayının əvvəlindən ilkin əlillik təyinatı barədə qərarların qəbul edilməsi nazirlikdə yaradılmış səyyar komissiyalar tərəfindən həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur.

Bu islahat tədbiri respublikada ilkin əlilliyin kəskin şəkildə azalması ilə müşahidə olunur. Belə ki, 01-25 dekabr tarixlərində zona TSEK-lərinə ilkin əlillik təyinatı üçün müraciət edən vətəndaşların qeyd olunan səyyar komissiyalar tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflıq və obyektivlik şəraitində əlillik müayinəsi həyata keçirilib və bu müayinələr nəticəsində ümumilikdə 2941 nəfər vətəndaşdan yalnız - 61,8 faizinə və ya 1787 nəfərinə ilkin əlilliyin təyin olunması barədə qərar qəbul edilib. Ümumilikdə ilkin əlillik təyin olunanların müraciət edən vətəndaşlara nisbəti ötən ilin dekabr ayı ilə müqayisədə 20 faiz azalıb.

Komissiyalar tərəfindən əlillik müayinəsinin nəticələrinə dair məlumatlar nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir. Əlillik müayinəsi aparılmış vətəndaşlar bu müayinənin nəticələrinə dair məlumatları nazirliyin “Elektron Hökumət” üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə ilə də əldə edə bilərlər.

Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin (TSERAS) yaradılması işləri başa çatmaqdadır. Əlillik təyinatı prosesində məmur-vətəndaş təmaslarının azaldılmasına və sahənin tam şəffaflaşdırılmasına xidmət edəcək bu sistemin gələn ilin ilk aylarından tətbiqinə başlanılması nəzərdə tutulur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR