Bizə yad olan gözəl qayda

Bizə yad olan gözəl qayda
11:57 28 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Bu həftədən etibarən İtaliyada paytaxt Roma və Milan şəhərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Havanın həddindən artıq çirklənməsi və normadan çox tüstülü olması ilə əlaqədar hər iki şəhərin inzibati orqanları Yeni il ərəfəsində, xüsusilə səhər və günorta saatlarında "yaşıl zona" adlandırılan ərazilərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı qərar veriblər.

Belə ki, havanın çirklənməsinin avtomobillərin atmosferə buraxdığı zərərli qazlarla əlaqədar müəyyən olunmuş normanı keçməsi italyanlarda böyük narahatlıq doğurub. Hətta evlərdə və ofislərdə istilik sistemlərinin daha aşağı temperaturda işlədilməsi, əhalinin avtobus, tramvay və metro kimi ictimai nəqliyyat vasitələrinə üstünlük verməsi təklif olunur.

Bununla bağlı şəhərin aidiyyəti qurumları qərar veriblər ki, ictimai nəqliyyat vasitələrindən istifadə haqqı aşağı salınsın.

Qeyd edək ki, "yaşıl zona" qaydası Avropanın bir sıra şəhərlərində tətbiq olunur. Bəs Azərbaycanda necə, belə "yaşıl zona"lar yaradıla bilərmi?

Məlumdur ki, bir çox gözəlliyi və özünəməxsusluğu ilə öyünən Azərbaycan paytaxtı Bakı da, ələlxüsus paytaxtın mərkəzi hissəsi təmiz hava sarıdan korluq çəkir. Xüsusilə də avtomobillərin əksəriyyəti tərəfindən zəhərli qazların atmosferə buraxılması normaya heç də uyğun olmadığı çoxlarına sirr deyil. Bu baxımdan Bakıda da "yaşıl zona"nın yaradılması pis olmazdı.

Lakin yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, bu sistemi, çətin ki, Bakıda tətbiq etmək mümkün olsun: "Təbii ki, ideya gözəldir. Lakin bunun praktiki tərəfləri var. "Yaşıl zona" isə o deməkdir ki, həmin əraziyə velosipeddən başqa heç bir nəqliyyat vasitəsi keçə bilməz. Müstəsna hallarda ictimai nəqliyyata icazə verilə bilər. Bu isə bizim təfəkkürümüzə hələ yaddır. Biz hələ sürücülərə düz-əməlli sürməyi, yol hərəkəti qaydalarını öyrədə bilməmişik. Bakıda "yaşıl zona" tətbiq olunsa, sürücülər başlayacaq ki, bəs mən bu ərazidə yaşayıram, ora mütləq maşınla getməliyəm. Bizimkilər heç 200 metr piyada getməyi özlərinə sığışdırmırlar. Ona görə də Bakıda belə bir sistemi tətbiq etmək hələ tezdir. Bunun üçün əvvəlcə insanların düşüncəsi dəyişməlidir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR