“Qonaq otaqları” boş qalan məkandan REPORTAJ

“Qonaq otaqları” boş qalan məkandan REPORTAJ
12:54 28 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

“Özümüz lazım olmasaq da, uşaqlara, qohumlara pensiya kartımız lazım olur...”

 

Çalışdığım Azərbaycan Dövlət İqtisad Universiteti ilin son istirahət gününü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatında, el dili ilə desək, “Qocalar evi”ndə keçirməyi qərara aldı.

 

Həftənin 7 günü işləyirəm. Yaxınlarıma, doğmalarıma kifayət qədər vaxt ayıra bilmirəm. İli bütün görüşləri “gələn həftə” deyib ertələməklə başa vururam. Bu da il ərzində sonuncu istirahət günüm idi ki, anama ayıracaqdım. Onun məndən başqa iki qızı da var düşünüb, ümidlərimi gələn həftəyə bağlayaraq, qərarımı dəyişdim.

 

Yol boyu xəyalımda unudulmuş insanların yaşadığı yeri təsvir etdim. Gördüklərim isə təsəvvürümdəkiləri darmadağın etdi... Yeni təmir olunmuş binada hər tərəf gülə, çiçəyə bürünmüşdü. Hamısı da əl işi... Bildim ki, pansionatın emalatxanası var və ahıllar burada ürəkləri istədikləri yaradıcılıqla məşğul olurlar. Hətta son illərdə rayon üzrə keçirilən bütün bayramlarda əl işləri ilə birinci yeri qazanıblar.

 

Öyrəndim ki, ahıllar pansionatın həyətində gəzir, quruyan ağac tapan kimi onu emalatxanaya gətirib, “həyat verməyi” sevirlər... Bu atılan, unudulan insanlar çiçəklərlə kötüyə elə zövqlə bəzəklər vurur, gərəkli edirlər ki, sanki övladlarına səslənirlər: Məni sənin övladların – nəvələrim belə bəzəyə bilər...

 

Pansionatın dəhlizlərində gəzərkən ən çox rastlaşdığım mənzərə məni məhv edirdi: yerə döşənmiş kilim, indicə qonaq gələcəkmiş kimi səliqə ilə düzülmüş döşəkcə-mütəkkə, ortada isə qurumuş ağaca bərkidilmiş yarpaqlar...

 

Onlar bir gün yada düşəcəkləri ümidi ilə qocalar evinin bütün künclərində öz əlləri ilə belə “qonaq evi” hazırlayıblar...

 

Qollarını açıb adamın üstünə elə gəlirlər ki, elə bil illərdir səni gözləyirmişlər... Doğmaları kimi sarılıb, öpür, öpür, öpürlər... Demək ki, bu ahıllar insana, münasibətə, xoş sözə susayıblar...

 

Hətta biri belə dedi:

 

- Mən buradan narazı deyiləm, qızım. Otağım, isti yorğan döşəyim, televizorum, soyuducum, yeməyim, içməyim... Mən yaşda adama başqa nə lazımdır ki? Səlim oğlum da, (Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovu nəzərdə tutur) allah ondan razı olsun, özü gəlib yoxlayır pensiya kartlarımızı. Hansımızın kartı özündə olmasa, onu tez ləğv elətdirir, təzəsini verdirir... İndi bizə ancaq xoş söz, ünsiyyət lazımdır, bax, belə gələn ola, oturub söhbət edə, eynimiz açıla...

 

- Pensiya kartınız niyə özünüzdə olmur ki...

 

- (Susur...) Özümüz lazım olmasaq da, uşaqlara, qohumlara pensiya kartımız lazım olur...

 

Gözləri dolur... Söhbəti dəyişməyə, “Qızqıza” söhbətə cəhd edirəm:

 

- Çox qəşəng görünürsünüz...

 

- Bəs nə, qızım, salona gedib bəzənmişəm. (Gülür, makiyajını dağıtmasın deyə, ehtiyatla göz yaşlarını gözlərinin içində basdırmağa çalışır) Bizim axı burada özümüzün salonumuz da var. Vaxtaşırı ora gedirik.

 

- Pansionatın işçisidir, yoxsa...

 

- Yox qızım, elə özümüzdən biridir. Sakinlərdən biri bu işi çox yaxşı bacarır... Atılanda, kimsəsiz olanda nə olar, qadınıq axı. Dırnağımıza, yanağımıza, dodağımıza rəng çəkirik... Çalışırıq səliqəli olaq...

 

Başqa bir xanımla söhbət edirəm. Adının çəkilməsini istəmir:

 

- Qızım, bir dəfə bir televiziya gəldi çəkdi, danışdım. Nəvələrim gəlib mənə hirsləndilər ki, niyə danışmısan? Səni televizorda görənlər məktəbdə bizi barmaqla göstərirlər ki, bunların nənəsi idi... Adımı yazma, şəklimi də çəkmə...

 

- Barmaqla göstərilməyincə vicdanları rahat olur?

 

- Neyləsinlər, atalarındadı günah... Altı ildir buradayam. İlin əvvəli gəlib aparmışdılar... Sonra canımı götürüb qaçdım... Təzədən qayıtdım bura...

 

- Kim aparmışdı...

 

- ...Oğlum... Gəlin yola vermədi, qızım. Amma gəlin yad qızıdı, onun nə günahı? Oğul yaxşı oğul olsa...

 

- Nə qədər qaldınız oğlunuzla?

 

- Bir ay qaldım, gördüm sənədlərimi alıb ora-bura gedir. Axırda başa düşdüm, demə yaşımı azaldıb, adıma dörd illik kredit götürmək istəyir. 82 yaşım var, deyir mən yaşda adama “qoca krediti” vermirlər. Qızım, mən nə pul alıram ki, onu da kreditə verim? Qaçdım ordan... Qaçdım... Pulum da yox idi yola verməyə... Elə yolların qırağında səkidə otura-otura uzaqlaşdım...

 

Pansionatın divarlarını bəzəyən rəsm əsərlərinin müəllifi, rəssam Davud Əliyevlə görüşürəm. Davud dayı altı ildir ki, Elmira xala ilə ailə qurub, pansionatda yaşayırlar. Özü söhbətcil deyil, Elmira xala danışır:

 

- Davud akademiyanı Riqada oxuyub. 1945-ci ildəndir, mən ondan yaş yarım böyüyəm. Davud Türkiyədə Dəmirəlin şəklini çəkib e... Sonra sərgidə bütün əsərlərini satıb, 20 minlə gəlib Azərbaycana. Evi yanıb, pulu, nəyi varsa içində yanıb... Gəlib düşüb bura... 8 ildir burdadır.

 

- Siz nə vaxtdan burdasınız?

 

- Artıq 15 ildir... “Bağça müəlliməsi” idim, yoldaşım rəhmətə getdi, qaynanam evimizi dağıtdı... Qaldım çarəsiz, gəlib düşdüm bura...

 

- Övladlarınız var?

 

- 3 qızım var, amma onlar da ailəlidir, hərəsi bir əzrail qaynananın yanındadır... Elə mənim üçün ən yaxşı yer buradır... Mən burada Davudla xoşbəxtəm.

 

- Necə tanış olmusunuz?

 

- (Gülür) Otaq qonşum idi. Bir gün gəldi ki, quru çayın var, o biri gün gəldi ki, kofen var... Dedim var, içirsən... Dedi hə... Belə-belə, bir gün də həyətdə dedi səninlə evlənmək istəyirəm. Getdik “zaqsa”.

 

- Evlilik təklifini həmən qəbul etdiniz?

 

- Həyətdə zadda söhbət edirdik, az-maz tanıyırdım. Ona görə də razılaşdım. Tək qalmaq yaxşı şey deyil. İnsanın yanında adam olanda onunla söhbət eləyir, həyanı olur... İndi kimsəsiz deyilik, mənim üçün Davud, onun üçün də mən varam. Amma getməyə yerimiz yoxdur deyə burada qalırıq. Evlər çox bahadı... Baş-başa verib yaşayırıq özümüz üçün, dünyada bu gün sabahlıq qonağıq...

 

Növbəti müsahibim isə oğlunun Qarabağ veteranı olduğunu deyir

 

- Müharibədə yaralananda dörd ay yatdım yanında hospitalda, indi axırım bura olub... Dövlət veteran kimi ona iki otaqlı ev verib, maşın verib, arvad-uşağı ilə yaşayır, anaya ehtiyacı yoxdu...

 

Diktofonu söndürüb, ayrılıram. Havaya çıxmalı, nəfəs almalıyam... Çox uzaqlaşa bilməyib, elə ilk qarşıma çıxan “qonaq evi”ndə yerə çökürəm. Qarşımda yerə atılan qara yastığın üstündə qırmızı rəngli ürək tikilib...

 

İsti evimizdən cəmi bir neçə kilometr aralıda, Bilgəhdəki “Qocalar evi”ndə yerə ürəklər atılıb... O ürəklərin necə həsrətlə çırpındığını görmək çətin deyil. Sadəcə o yastığı yerdən qaldırmalıyıq. Axı dünyadakı ən yumşaq yastıq təmiz vicdandır...



















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR