Metronun Şaxta babası: "Bu, o demək deyil ki, səviyyəsizəm"

Metronun Şaxta babası: "Bu, o demək deyil ki, səviyyəsizəm"
13:52 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a deyib ki, Yeni il bayramı günlərində metroda başqa Şaxta baba və Qar qız olmayacaq, yalnız özü və Lalə xanım olacaq:

"Əvvəlcədən anons verildiyi kimi Şaxta baba tanınmış şəxs olacaqdı. Metroda da ən tanınmış şəxs mənəm. Biz bir neçə gün ərzində metronun müxtəlif stansiyalarını, qatarları gəzəcəyik. Əsas məqsədimiz sərnişinlərin əhval-ruhiyyəsini yüksəltmək, onlara bayram ab-havası aşılamaqdır, xüsusən də balaca sərnişinlərimizi, uşaqları sevindirmək, onlara hədiyyələr verməkdir. Özüm Şaxta baba oldum ki, kimin Şaxta babadan metro ilə bağlı nə arzusu, istəyi, şikayəti və təklifi varsa, onları birbaşa özüm dinləyim və daha sonra onları rəhbərliyə təqdim edim. Daha sonra onlar dəyərləndiriləcək".

Metronun "Şaxta babası" Metropolitenin bu addımını sosial şəbəkələrdə səviyyəsizlik kimi qələmə verənlərə isə heç bir reaksiya bildirmək istəməyib: "Biz işimizi görürük. Niyyətimiz xoşdur və inanırıq ki, bunun müsbət nəticəsi də olacaq. Təbii ki, bizim haqqımızda hamı eyni cür düşünə bilməz. Amma bizə qiymət verənlər əvvəlcə özlərini dəyərləndirsinlər. Tənqid və təhqir etmək asandır, iş görüb ortaya konkret nəticə qoymaq lazımdır. Mən bu gün Şaxta baba libasını geyinməyi özümə sığışdırmışamsa, bu, o demək deyil ki, səviyyəsizəm. Əksinə, bu, o deməkdir ki, biz insanlarımıza, sərnişinlərimizə dəyər veririk və özümüzü onlardan uzaq və yüksək sanmırıq. İnsanlar sadəliyi ilə ucalırlar, özünü böyük zənn edənlər, eləcə də hər işə bir "mız" qoymağa öyrəşmişlər isə əksinə, cılızlaşırlar".

Qeyd edək ki, bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə tədbir keçirilir. Tədbir çərçivəsində Şaxta Baba və Qar qız metro stansiyalarında sərnişinlərlə görüşəcək, onlara bayram əhvalı yaşadacaq.

Şaxta Baba və Qar qız "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər işçiləridir. Belə ki, Şaxta baba obrazında "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun marketinq şöbəsinin rəisi Lala Babayevadır.

İlkin İzzət
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR