Darıxan adam

Darıxan adam
14:14 28 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

(Hikmət Sabirğolunun 50 yaşına neçə günsə qalmış)
 
 
Bir dəfə jurnalist Sevinc İltifatqızı müsahibə üçün suallar göndərmişdi. Biri bu idi: “Azərbaycandakı dostlarınız sizin üçün darıxır. Siz necə? Azərbaycan üçün darıxırsınız?”
 
Belə cavab vermişdim: “İki cür darıxmaq var: biri zamanı saatla, günlə ölçənlərin darıxmağıdı, o biri də illə, əsrlə ölçənlərin. Bütün mənalarda darıxmanın ünvanı insanın özüdü. Məndə klassik anlamda darıxmaq hissi yoxdu. Adam nə üçün darıxa bilər? Gördüyü yer, yaşadığı an, sevdiyi adam üçün, siyahını uzatmaq da olar, yəni, özünün iştirakçısı olduğun zaman və məkan üçün. Sən başqasının yaşadığı həyat, sevdiyi insan üçün darıxa bilməzsən ki! Biz kim üçünsə darıxırıq deyəndə əslində özümüz üçün darıxırıq, sadəcə özümüzün konkret bir həyat kəsimində olduğumuz zaman üçün. Darıxmanın səbəbi ayrılıq olanda ağrılar başlayır. Ayrılıq fizioloji duyğu olduğundan çətin yaşanır. Sualınıza isə yarızarafat belə cavab verim: Şuşayla Hikmət Sabiroğlunu versinlər mənə, bəsimdi, darıxmaram!”
 
Hikmət darıxan adamdı, “zamanı saatla, günlə ölçənlər”dəndi.
 
Son illər yazdığı məktublar durur. Maraqlı yazışmalarımız var, saxlayıram, bəlkə gələcəkdə dərc də elədim! Neçə məktubdan məhz bu yerləri seçdim ki, ona niyə “darıxan adam” dediyimi yaxşı izah edə bilim.
 
Hikmətin məktublarından: “O gün şəkillərimizə baxdım, çox qəribsədim”, “Yenə may ayı gəlir, qaqa, Şuşa ayı”, “…Salamatçılıq və sənsizlikdir…”  “Dədə, saa qurban olum, ürəyim darıxır. Burda olsaydın dərdləşərdik…”, “Salam, qaqa! Adam hərdən lap boğulur… Dost-yoldaş da bəzən adamı axıracan başa düşmür. Ən simsar adamlardan da bəzən elə soyuqluq görürsən, bilmirsən nə edəsən”, “… Sənin Bakıdakı son aylarını xatırlayıram, “Boğuluram” deyirdin. Mən səni anlayırdım, çünki sənin daxilən nə qədər təlatüm yaşadığını bilirdim. İndi lap çox bilirəm…”, “Ayrılıqlar müvəqqətidir… sevgilərsə əbədi… bir də darıxmalar”.
 
Çoxları Hikməti xasiyyətcə ipək kimi bir adam bilir. Mülayim, könülqırmaz, qəlbədəyməz, söz-sovu özündə, uşaqla uşaq, böyüklə böyük. Amma bu ipək kimi yumşaq adamın sərt üzünü görməmisiniz. Ondan danışım, bir az. Tutdusa, onu inadından heç kim döndərə bilməz. O baxımdan çətin adamdı Hikmət. Hikmət Çətin! Bunu hamıdan yaxşı mənim tələbə, onunsa ömür-gün yoldaşı Vəsilə Vahidqızı bilir.
 
fotorqaf Yusif
 
Bir gün arvad-uşağı da götürüb dostlarla Xızıya getmişdik. Uşaqlar oynaşır, xanımlar söhbətləşir, biz də “dərdləşirdik”. Maraqlı keçdiyindən ikinci gecəni də qalmağa hamı razı oldu. Hikmətdən savayı! Fəxri, Yusif, mən, xanımlar, uşaqlar olduq bir tərəfdə, o bir tərəfdə, xeyri olmadı. “Siz qalın də. Mənim işim var, getməliyəm”.
 
Hikmətsiz kimdi orda qalan! Yığışıb qayıtdıq Bakıya. “20 yanvar” dairəsində maşınları saxladıq ki, sağollaşaq.
 
“Neynirsiniz?”, “Ta neyləyəcəyik?”, “Arvad-uşağı yola salaq gedək”.
 
Elə də oldu. Dağ havasını qoyub Bakının istisində “dərdləşməyə” getdik.
 
“Ay Hikmət, bəs, sənin işin vardı, axı!” – birimiz də soruşmadıq. Tanıyırdıq, ona görə!
 
Xızıda Hikməti bir başqa yandan müşahidə elədim. “Kəşf”im əlimdən tutdu. Həmin yay “Kuba dəftəri”nə köklənmişdim. Kitabın “Söz yolu” hissəsini o səfərdən sonra yazdım.
 
Həmin bölmənin girişi belədir:
 
“Allah gildən adam yaradıb nəfəs verəndən sonra hər şeydən qabaq bəndəsinə yol bağışlayıb, axırını göstərməsə də, yolun başlanğıcını nişan verib, taleyini də elə bu yola yazıb. Yol Allahın “Ol!” əmrindən sonra ikinci böyük hadisədi.
 
Adamlar bir-birinin qəlbinə yol salmazdan öncə bir-birinin mağarasına yol tapıb. Sonra birlikdə bəşəriyyətin ilk ovuna çıxıblar. Ov yolu insanın çıxdığı ilk düz yoldu.
 
Ovdan dönəndə, yeyib doyanda, doyub rahatlayanda gözlərdən gözlərə yollar baş alıb gedib. Gözdən başlayan yol qəlbə keçəndə dünyanın ilk sevgisi yaranıb.
 
Görən mağara dünyasının ilk sevəni kim idi, onun ilk kəlməsi nə olub?..
 
Dünyanın ilk sevgi yolu çəkilən gün ona paralel bir yol da başlayıb – nifrət yolu. Mağara əhli dünyanın ilk aşiqini həzm eləməyəndə burunlamağa başlayıb. Beləcə qaydalara ilk etiraz yaranıb. Dünyanın ilk azad sözü azad sevgi üçün deyilib. Və dünyanın ilk aşiqi elə dünyanın ilk azad söz cəfakeşi olub.
 
Mağara başbilənləri dərhal duyublar ki, azad söz təhlükəli virusdu, onu deyən də bu virusu daşıyan xəstə. Odur ki, onu mağaradan qovublar. Dünyanın ilk dissidenti bax beləcə yaranıb. İnanmayanlar inansınlar, hal-qəziyyə belə olub: insan özünü dərk edən kimi özünü ifadəyə başlayıb, bununla da öz sözünün qurbanına çevrilib.
 
O vaxtdan başlayan proses hələ də davam etməkdədi…
 
Mağaradan qovulan aşiq əvvəl əmin idi ki, tənha azadlıq birgə asılılıqdan yaxşıdı! Sonra qurd-quşdan, məsələn, dinozavrdan, aclıqdan, soyuqdan, tənhalıqdan qorxur, xiffətdən havalanır. Fikri dəyişir, qayıdır mağaraya – şərtlərin ən ağırını qəbul edir. O andan dünyanın ilk köləsi yaranır. İnsan xislətinə yeni çalar qatılır – köləlik.
 
Köləliyin canı yarınmaqdadı. Min illərdi insan bu vərdişindən əl çəkə bilmir, çünki kölə təkcə yarınmağa çalışan yox, həm də bu yarınmanı qəbul edəndi.
 
O vaxtdan başlayan proses hələ də davam etməkdədi…”
 
Xızı gəzməyi bu yazıya səbəb oldu. Hikməti bir başqa yöndən gördüm, nə qədər azad olduğunu bir də kəşf elədim. Onun azadlığının mənbəyi darıxmağındadır. Yalnız azad adam elə darıxa bilər.
 
Darıxmağım – azadlığımdır! Qəribə səslənir, deyilmi?
 
Hikməti dünyanın ilk insanlarından biri kimi təsəvvür edə bilirdim, o təsəvvürə başqa heç kim gəlmirdi. Çünki Hikmət bəşər övladının sözlə yox, səslə danışdığı çağın adamıdı. Dünyanın hələ kirlənmədiyi zamandan gələn Adamdı!
 
***
 
Bir 8 may günü feysbukda belə cümlə yazdım: “Hikmət Sabiroğlu” ilə “Şuşa” sinonim sözlərdi dostlar üçün”. Onu ən azından mənim qədər tanıyan bilir ki, bu sözümdə nə qədər həqiqət payı var.
 
Şuşa Azərbaycandan ötrü hansı dəyərdədisə, Hikmət də dostları üçün elə qiymətlidi! Şuşanın dəyərini biləndə Hikmətin də dəyərini biləcəyik – giley olmasın – aylar uzunu işsiz qaldı, gündə bir qəzeti, saytı açılan məmləkətdə. Ölkənin üç-beş peşəkar redaktorundan biridi, amma.
 
Sözə həssas yazı-pozu adamı üçün yazdığı mətnin nə qədər dəyərli olduğunu elə yazı əhli bilər. Yazılarımı etibar etdiyim adamdı – Hikmət. Hikmətin redaktəsindən sonra taleyindən bilmərrə nigarançılıq keçirdiyim nə bir yazım, nə də bir kitabım var. Bu həm də yazının vicdan süzgəcindən keçirilməsinə bənzəyir.
 
Hikmətin gözündəki nisgil gəlmələr – yayda Şuşaya dincəlməyə gələnlər – çəkilib gedəndən sonra boşalıb qəribsəyən Şuşanın payız halıdı eynən!
 
Hikmətin könül tarixi bəşərin sevgi tarixiylə yaşıddı, şişirtmirəm, elə bilirəm.
 
***
 
Yanvarın 1-də onun 50 yaşı tamam olur. Elə bilirsiniz bu, ona yubiley yazısıdı? Yox! Hikmət haqqında yazını indi yazmıram ki! Tanıyandan yazıram – 27 ildi…
 
Hikmet Sabiroglu 2
 
Yazıya köklənəndə Nazim Hikməti xatırladım. Bilirəm, Qarabağda ağlına, zəkasına görə hamının “Kəllə Sabir” çağırdığı atası Sabir əmi Hikmətə o böyük şairin adını verib. Görəsən Nazimin bu misrasının onun həyat devizi olacağını da bilirdimi rəhmətlik? “Sen şimdi yalnız saçımın akında, enfarktında yüreğimin, alnımın çizgilerindesin memleketim, memleketim”.
 
Hikmət səbrli adamdı, “zamanı illə, əsrlə ölçənlər”dəndi həm də.
 
İlk insanın mağaradan çıxıb günümüzə dikələ-dikələ gəldiyi təkamülü kənardan izləyəcək səbrdən danışıram…
 
Hikmət adamları kədərindən tanıyır. Onun insanlara, lap dünyanın o başındakı bir bəndəyə hər kəsdən fərqli baxışı var. Allahı insandı onun – o, insana inanır. Bütün qara kədəri fonunda insandakı dümağ ümidə inanır. Hikmətin sehri də elə bu inamda, ümiddə, işıqdadı.
 
1 yanvar sərhəd məntəqəsinə bənzəyən tarixdi. Yeni ilin sərhəd qapısından keçirsən. Yeni arzunun, yeni umudun… ya da köhnə arzunun yeni qapısından. Nə qədər arzu var, qapısı döyüləsi…
 
Səni təbrik edirəm, əziz dostum – millətin, məmləkətin dərdini daşıyan – darıxan adam, dərdə gülməyi bacaran adam! Darıxmaların ən uzunu 50 yaşdan sonra başlayır, deyəsən – havası gəlir, ondan bilib, duyuram. Zamanı illə, əsrlə ölçənlərin darıxmağıdı bu. Səbrin Darıxmağıdı!
 
…Amma darıxma! Özün demiş: “Yaxşı olacaq!”
 
Dekabr, 2015

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR