Bakı Film İnstitutu tələbə qəbuluna start verib

Bakı Film İnstitutu tələbə qəbuluna start verib
14:28 28 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Bakı Film İnstitutu (BFİ) aktyor, ssenarist, kinoprodüser və videoqrafer ixtisasları üzrə tələbə qəbuluna başlayıb. Bununla əlaqədar olaraq BFİ “Biz sizi başa düşürük” adlı tanıtım kampaniyasına da start verib. Tanıtım çarxları “Bumeranq” kreativ agentliyi tərəfindən istehsal olunub.
BFİ-nin rəhbəri, kinoprodüser Fehruz Şamıyev AZƏRTAC-a bildirib ki, 2016-cı ildə kino təhsili mərkəzində yeniliklər olacaq. O deyib: “Biz Azərbaycanda kino sahəsindəki boşluqları nəzərə alaraq bu kursları yaratmışıq. İndiyədək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışları olub. İlk dəfə olaraq isə ssenarist və videoqrafer ixtisasları üzrə kurslar təşkil edirik. Bütün ixtisaslar üzrə sənəd qəbulu 2016-cı il yanvarın 15-dək davam edəcək. Kursların müddəti üç aydır. Türkiyə, İran, İngiltərədən olan mütəxəssislərlə danışıqlar artıq başa çatıb. Onların BFİ-də ssenarist ixtisası üzrə dərsləri nəzərdə tutulub”.
F.Şamıyevin sözlərinə görə, BFİ-nin aktyor kursunun məzunları yerli serial və bədii filmlərdə rol alıb, o cümlədən kinoprodüser ixtisasından məzun olanlardan bəziləri hazırda Hollivudda, London Film Məktəbində təhsil alırlar.
“Bundan başqa, məzunların əksəriyyəti məhz bu kurslardan sonra kino sahəsində çalışmağa qərar veriblər. BFİ bazasında bir neçə qısametrajlı filmlər, o cümlədən sosial çarxlar hazırlanıb. Həmin audiovizual məhsullar müxtəlif müsabiqələrdə iştirak edərək qalib olublar”, - deyə F.Şamıyev əlavə edib.
Qeyd edək ki, yanvar ayında özünün 3 yaşını qeyd edəcək Bakı Film İnstitutunda indiyədək ölkənin peşəkar kino mütəxəssisləri öz biliklərini gənclərlə bölüşüblər. Kurslarda rejissorlar Şamil Əliyev, Adil Azay, Elşən Zeynallı, operator Kənan Məmmədov, kinoprodüserlər Müşfiq Hətəmov, Nəriman Məmmədov, Fehruz Şamıyev, ssenarist İlqar Fəhmi, aktyor Şövqi Hüseynov və başqalarının dərsləri keçirilib. Ötən buraxılışların kurs rəhbərləri isə kinorejissor Şamil Nəcəfzadə, kinoprodüser Əli İsa Cabbarov, aktyor-rejissor Qurban Məsimov olub. Bundan başqa, mərkəzdə Avropa Kino Akademiyasının ən yaxşı prodüseri Zeynəb Özbatur Atakanın da treninqləri keçirilib.
“Biz sizi başa düşürük” adlı tanıtım rolikinin ilk seriyasının linki aşağıda verilib:
https://www.youtube.com/watch?v=1EuH8c2hYvA&feature=youtu.be



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Film_Institutu_telebe_qebuluna_start_verib-914905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR