Turistlərin cəlb olunması istiqamətində cari ildə bir sıra infotur və press-tur təşkil edilib

Turistlərin cəlb olunması istiqamətində cari ildə bir sıra infotur və press-tur təşkil edilib
16:38 28 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının və mədəni irsinin dünyada təbliğidir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə xarici ölkələrin kütləvi informasiya vasitələri və turizm sənayesi nümayəndələrinin ölkəmizlə tanışlığının təmin edilməsi və turizm imkanlarımızın tanıdılması, yerli və xarici turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə 2015-ci il ərzində bir sıra infotur və press-tur təşkil edilib.
Belə ki, Azərbaycanın turizm potensialının Bosniya və Herseqovinada təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “Türk Hava Yolları”nın birgə təşkilatçılığı ilə sözügedən ölkənin aparıcı turizm şirkətlərinin rəhbərlərinin iştirakı ilə ölkəmizə infotur təşkil edilib. Rumıniyanın “TVR” milli televiziya şirkətinin “Cap Compas” proqramının nümayəndə heyəti Azərbaycana səfər edib. Səfərin nəticəsi olaraq Azərbaycana həsr olunan 4 müxtəlif veriliş hazırlanıb. Həmçinin, Argentinanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizə tanışlıq səfəri edib, səfər çərçivəsində hər iki ölkənin turizm sənayesi nümayəndələrinin iştirakı ilə B2B formatında görüşlər təşkil olunub. İsrailin aparıcı turizm şirkətləri və KİV nümayəndələrindən ibarət qrup ölkəmizdə qəbul edilib. Eyni zamanda Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Fransanın tanınmış 11 yazıçısından ibarət qrup Azərbaycanda səfərdə olub. Fransanın “Challenge Tourisme” Assosiasiyasının təşəbbüsü, “Azərbaycan Hava Yolları” QSC-nin birgə təşkilatçılığı ilə Bakı şəhərində “Açıq innovasiya və turizm” mövzusu üzrə tədbir keçirilib. Tədbirdə bir sıra məşhur turizm və səyahət agentliklərinin və turizm sahəsində məlumat təşkilatlarının, o cümlədən “Tourmag.com”, “TV Tourisme” və “ITourisme” təşkilatlarının prezidentləri iştirak edib.
Azərbaycanın turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə bu ölkənin 7 nəfərdən ibarət aparıcı KİV nümayəndələri Bakıda səfərdə olub. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin təşəbbüsü və nazirliyin təşkilatçılığı ilə sözügedən ölkənin tanınmış jurnalistlərindən ibarət qrup Azərbaycanda olub.
Cari ildə ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi və turizm sənayesinin bu sahəyə diqqətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni turizm marşrutlarının yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilib. Xalqımızın mədəni dəyərlərinin təbliği, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadə olunması, həmçinin regionlarda turizmin inkişafının təmin edilməsi ilə əlaqədar nazirlik tərəfindən “Azərbaycanda arxeolojı turizm” adlı mədəni turizm marşrutunun yaradılması dəstəklənib.
Arxeoloji turizm növünün inkişaf etdirilməsi və təbliği, həmçinin bu turizm növünə yerli və xarici turistlərin cəlb edilməsi məqsədilə Qəbələ - Şəki - Tovuz - Şəmkir - Ağsu istiqaməti üzrə Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə infotur keçirilib. Marşrutun proqramı üzrə iştirakçılar müxtəlif dövrlərə aid olan arxeoloji abidələr, qədim yaşayış məskənləri və bölgələrimizin turizm potensialı ilə tanış olublar.
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün tanıtım turu keçirilib. Press-turun məqsədi son dövrlər daha da inkişaf edən Naftalan şəhərinin turizm potensialını tanıtmaq və təbliğ etməkdən ibarət olub. Bu istiqamətdə işlərin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turistlerin_celb_olunmasi_istiqametinde_cari_ilde_bir_sira_infotur_ve_press_tur_teskil_edilib-914973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR