Bakıda blokda yaşayan qadının sirr kimi həyatı... - FOTO

Bakıda blokda yaşayan qadının sirr kimi həyatı... - FOTO
10:12 29 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda uzun illərdir ki, binalardan birinin blokunda yaşayan yaşlı bir qadın var. Onun kim olduğunu, haradan gəldiyini heç kim bilmir. Elə biz də nə qədər çalışsaq da, haqqında danışacağımız yaşlı qadın haqda nə onun özündən, nə də onu neçə illərdir görən insanlardan yeni məlumatlar öyrənə bilmədik. Səbəb bu qadının həyat hekayəsini heç kimin bilməməsidir. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu kimsəsiz qadın Nizami rayonu, Qara Qarayev prospekti 66 ünvanında yerləşən binanın birinci mərtəbəsində - blokun girişində yaşayır. Musavat.com-un əməkdaşı yaşlı qadının həyat hekayəsini öyrənməyə çalışıb. Əvvəlcə yaşlı qadının özü ilə söhbət etməyə çalışdıq. Ona hansı yardımı edə biləcəyimizi, nəyə ehtiyacı olduğunu öyrənmək istədik. Onu rahat buraxmağımızı istəyən qadın isə heç bir şeyə ehtiyacının olmadığını dedi.  Heç kimlə danışmaq istəmədiyini deyən yaşlı qadın rütubətli blokda yorğanı üstünə çəkərək, bu sözləri dedi: "Mənə yalnız Allah kömək edə bilər. Gələcək, az qalıb. Allah gəlib, məni aparacaq. Məni danışdırmayın. Mədəm ağrıyır. Gedin buradan..." 

Söhbət etmək cəhdimizin uğursuz olduğunu görəndən sonra yaşlı qadın haqda ətrafda olan insanlardan, binanın sakinlərindən məlumat öyrənməyə çalışdıq.  Binanın girişində 5 ildən çoxdur ki, pinəçilik edən şəxs qadın haqda bunları dedi: "Mən 5 ildir ki, burada işləyirəm. Mən gəlməmişdən də o, burada idi. Özü üçün yaşayır. Özü ilə də danışır. Bilmirik ki, haradan və necə gəlib? Bəzən səhərlər yatır, bəzən də gecələr..."  

Yaşlı qadın içki düşkünü deyil. Onu görənlər, tanıyanlar deyirlər ki, yaşlı qadın dilənçilik də etmir. Sadəcə, qonşular hərdən ona isti yemək verirlər. Yaşlı qadın ehtiyacı olmadığı müddətcə bu yardımlardan imtina edir. Qadının təxminən 60-65 yaşı olar. Pinəçi deyir ki, qadını bu ərazidə tanıyan bir nəfər var. O da uzun zamandır ki, görünmür: "Bu qadının kim olmasını yalnız bir nəfər bilir. O da bu yaxınlıqdakı bazarda işləyirdi. Qadın haqda da heç kimə heç nə danışmazdı. İndi həmin adamı da görmürük". 

Bir neçə dəfə qonşular yaşlı qadının blokda yaşamasına etiraz ediblər. Lakin sonradan qadının gedəcək yerinin olmadığını görən bina sakinləri qarşılaşdıqları vəziyyətlə razılaşıblar. Bina sakini Rəsmiyyə xanım deyir ki, yaşlı qadın çox səliqəlidir. Heç kimə də problem yaratmır: "Bir neçə dəfə qonşular ona kömək eləmək istədilər. Ancaq qadın bunu qəbul etmədi. Bəzən olur ki, gəlmir. Gedəndə də yerini səliqəli şəkildə yığışdırıb, bir kənara qoyur. Bloku da təmizləyir. Öz evi kimi baxır. Bəzən yemək verirsən, amma ac olmasa, almır. Heç kimlə danışmır. Çox vaxt öz-özünə danışır. Nə adını bilirik, nə də haradan gəldiyini..." 

Qonşularla ünsiyyətdən qaçan yaşlı qadın bir neçə dəfə pinəçi ilə söhbət edib. Lakin onun danışdıqlarından başına nələrin gəldiyini aydınlaşdırmaq olmayıb. "Hərdən mənimlə danışır. Normal söhbət edirsən. Bir neçə dəqiqə sonra baxırsan ki, başqa nədənsə danışır. Əqli probleminin olduğu məlumdur. Ancaq heç kimə zərəri yoxdur. Özünü idarə edə bilir", - deyə pinəçi bildirdi. 

Az da olsa, onun haqqında məlumatı olan sakinlər deyirlər ki, yaşlı qadının öz ailə üzvləri ilə ev problemi var. Elə yaşlı qadının yanında bir neçə dəqiqə dayandığımız zaman da eşitdiklərimiz bu haqda fikirləşməyə əsas verir. Yaşlı qadının öz-özünə dedikləri: "Vaxtında evi almaq lazım idi. Əgər vaxtında icra ilə razılaşıb, məsələni həll etsəydik, belə olmazdı. Evi ala bilmədik. Məni də evdən çıxartdılar. Hamısı sizin günahınızdır. Amma az qalıb. Evi alacağıq". Pinəçi deyir ki, yaşlı qadın günün əksər saatlarında telefonla danışırmış kimi əlini qulağına qoyur. Əksər hallarda isə ev məsələsindən danışır.  

P.S. Yaşlı qadının həyatı, onun kim olması haqqında əlavə məlumat öyrənməyə çalışacağıq. Bu haqda məlumatı olanlar da bizə kömək edə bilərlər.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR