Yol polisi Bakıda bayram reydlərinə başlayır

Yol polisi Bakıda bayram reydlərinə başlayır
15:13 30 Dekabr 2014
94 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gündən yol polisi paytaxtda xüsusi reydlərə başlayır. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, polis Bakı şəhəri ərazisində təhlükəsizliyin təmin edilməsi və ictimai asayişin qorunması məqsədilə gücləndirilmiş iş saatında xidmət göstərəcək. Bayram tədbirlərinin keçirildiyi ərazilərdə və onlara bitişik küçə və yolların yol polisi tərəfindən tam nəzarətə götürülməsi üçün zəruri işlər həyata keçiriləcək.

Bölmə rəisi qeyd edib ki, bayram ərəfəsində yol qəzalarının qarşısının alınması, yollarda yarana biləcək sıxlığın baş verməməsi və tıxacların yaranmaması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən paytaxt ərazisində müxtəlif istiqamətlər üzrə reydlər keçiriləcək və reydlər bayram günlərində də davam etdiriləcək: “Xüsusilə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, paytaxtın küçə və prospektlərində yol nişanlarının təsir zonasında dayanma, durma, parklanma qaydalarının pozulması, eyni zamanda, yollarda yükgötürmə qabiliyyəti 5 tondan artıq olan nəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması və digər xətalara qarşı təsirli tədbirlərin görülməsi nəzərdə tutulur”.

Bundan əlavə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 31 dekabr 2014-cü il – 4 yanvar 2015-ci il tarixlərinin istirahət günü olması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırıb ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 08:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar. Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutlmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər.

Xatırladaq ki, ümumiyyətlə, 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. Daxili işlər naziri general-polkovnik Ramil Usubovun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində ictimai asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair imzaladığı əmrə əsasən, bayram günlərində tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək Daxili İşlər Nazirliyinin tabe qurumlarının, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək. Hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq.

Qeyd edək ki, dekabrın 31-dən yanvarın 5-dək Azərbaycanda qeyri-iş günləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR