Elbrus Ərud: “Bilirdim ki, adi adam deyiləm” - MƏKTƏB İLLƏRİ

Elbrus Ərud: “Bilirdim ki, adi adam deyiləm” - MƏKTƏB İLLƏRİ
12:54 29 Dekabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

“Çox qəzəbliydim, atama əl qaldıra da bilərdim...”

Lent.az-ın “Məktəb illəri” layihəsinin qonağı bu gün 36 yaşını tamamlayan “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Əruddur. Deyir ki, məktəbdən çox, mal-qoyuna getməyi daha çox sevirmiş. Dərsdən qaçmaq isə onun məktəb həyatının ən böyük sərgüzəşti olub. Əlqərəz, məktəbi o qədər də sevməyib.

 

Elbrus Ramiz oğlu Seyfullayev məktəbə 1987-ci ildə gedib. Doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Nərimankənd kəndində. İlk dərs gününü detallı xatırlamasa da...

 

- Müəllim ailəsində doğulmuşam. Atam ədəbiyyat müəllimi olub. Evimiz məktəbə yaxın idi. Ailənin dördüncü övladıyam. Məndən böyüklər hər gün məktəbə gedib-gələrdilər. Bir gün də məni aparıblar özləriylə. Məktəbi o qədər də sevməmişəm. Üçüncü sinifdə pioner qalstuku taxmışam. “Lenin baba” şeirini öyrənmişəm. Sinfimizdə oğlan çoxuydu. Sinfin lideri mən olmuşam.

 

- Yaxşı oxuduğunuz üçün?

 

- Qətiyyən! Lider heç də dərsini yaxşı oxuyan olmur. Desəm ki, çox yaxşı oxumuşam, düzgün olmaz. Nə məktəbdə, nə universitetdə. Humanitar fənləri yaxşı oxuyurdum, dəqiq elmlərə nifrət etmişəm. İndi də o nifrətim davam edir. Kimya fənninə nifrət etsəm də müəlliməmizi çox sevirdim. Əminə müəllimə. Nəinki mən, bütün şagirdləri onu çox sevirdilər. İndi mənim oxucumdu. Ədəbiyyatı yaxşı bilirdi, mütaliəli qadınıydı. O adam elə bilirdi ki, kimyadan mən taxtayam. Həmişə “2” yazırdı. “3” qiymətini güclə qopardırdım. Bir gün Əminə müəllimənin dərsində qızların “Xatirə” dəftəri yazırdım, gəldi aldı əlimdən. Bütün sirrimiz, sözümüz bu dəftərdəydi. Nə bilim, istədiyin qızın adının baş hərfi-filan. Müəllimə dedi, mən bu dəftəri oxuyacam, ondan sonra deyəcəm ki, kim nəyə layiqdir. Səhəri gün müəllimə gəldi, əlində də bizim o dəftər. Doluxsunmuş halda mənə dedi, sən çox ciddi adamsan! Ona qədər mənə ən tərbiyəsiz şagird kimi baxırdı. Onun o sözündən mən çox ciddi informasiya aldım. Dedi, burda bir dənə şagird var, o da sənsən! Ümumiyyətlə, mən bilirdim ki, adi adam deyiləm, istedadım var. Bilirdim ki, fərqliyəm!

 

- Sizi fərqli edən nə idi?

 

- Fərqlilik odur ki, bu günləri bizim kəndin ən tanınmış insanı bəlkə də mənəm.

 

Gülürəm. Mənə qoşulub o da gülür.

 

- Ali təhsillisi çoxdur. Alimi, professoru, baş redaktoru, müğənnisi, şairi yoxdur. Hətta mən şair də ola bilərdim. Çox gözəl şeirlər yazırdım. Toylarda tamadalar mənim şeirimi deyirdilər.

 

- Sevgi şeirləri idi, yoxsa vətənə, torpağa aid?

 

- Vətən?! O vaxt vətən nə gəzirdi? Vətənim o vaxt qızlarıydı. Qızlara şeir yazırdım.

 

93-cü ildən məktəbimiz düşdü bərbad vəziyyətə. Köçkünlər gəldilər. Məktəbin yarısında onlar qalırdılar, yarısında dərs keçilirdi. İngilis, rus dili keçə bilmədik, ləğv olundu. Təsəvvür edin, biz bu sinifdə dərs keçirdik, qonşu otaqda köçkünlər yaşayırdı. Qışqır-bağır, toyuq-cücə səsi. Dərs keçdiyin yerdə toyu cücələriylə sinfə girirdi. Qeyri-ciddilik yaranırdı. Avaralıq üçün münbit şərait vardı. Otaq çatmadığından 8, 9, 10-cu sinifləri birləşdirib dərs keçirdilər, 6-7 uşaq bir partada otururduq. Özü də kənd uşaqları, hamısı da yekəpər. Ümumiyyətlə, kəndimizin şəraiti yaxşı deyildi. İşıqlar tez-tez sönürdü, yağış yağan kimi palçıq dizə çatırdı. Dərs oxumamaq üçün əsas bəhanəmiz “işığımız yanmırdı” idi.

 

- Döyülmüsüz?

 

- Mal kimi! Bizim bir coğrafiya müəllimimiz vardı, Faiq müəllim, indi həmin məktəbin direktorudur. Deməzdim pis müəllim idi, orta səviyyəliydi. 6-7 uşağı yığıb bir yerdə döyürdü.

 

- O vaxt müəllimin şagirdi döyməyi normal qarşılanırdı.

 

- Kifayət qədər. Deməzdim ki, düz edib döyüb. Normalıydı. Müəllim söyürdü, təhqir edirdi, döyürdü. Bir yumruq vururdu, pəncərədən çölə çıxırdıq.

 

- Sizin uşağınızı müəllimi döysə, normal qarşılayarsınız?

 

- Baxır, harda? Kənddə olsa...

 

- Siz şəhərdə yaşayırsınız?

 

- Düşünürəm, uşaq öz uşaqlığını yaşamalıdır. Döyülməlidirsə, döyülməlidi. Problem yoxdu. Mentalitetimiz elədir ki, bəzən uşağı cəzalandırmaq lazımdır. Əgər evdə özümüz uşağı döyürüksə, deməli, məktəbdə müəllim də döyə bilər. Sivil ünsiyyətlər bizim üçün hələ yenidir. Bu ünsiyyət bir növ bizi kişilikdən salır. Həddindən artıq mədəni davrananda adam özü kişilikdən düşür. İncə-mincə olur. Cəmiyyətimizdə də incə-mincəlik qəbul olunmur. Gərək bir az kobud olasan.

 

11-ci sinifdə atası ona dərs deyib. Dil-ədəbiyyatdan. Həm də sinif rəhbərləri olub.

 

- Atam son zəngimiz günü maşınıyla qəzaya düşmüşdü. Yığdı bizi başınıza ki, gedin özünüz keçirin. Mayın 25-də. İbrahim Tatlısəsin “Haydı söyle” mahnısına qulaq asdıq. Qızlarımızın çoxu 15-16 yaşında ərə getdilər. Ülkər adlı qız vardı, o daha tez ərə getmişdi. 9-cu sinifdən qoşulub qaçmışdı. Müəllim jurnaldakı siyahıyla uşaqları yoxlayırdı:

 

- Abdullayev Sənan

 

- Dərsdə!

 

- Seyfullayev Elbrus

 

- İcazə alıb!

 

- Məmmədova Ülkər?

 

- Ərdə!

 

Gülürük.

 

- Sinif yoldaşlarımdan 1-2 nəfərlə hələ də əlaqə saxlayıram.

 

Sevgi-məhəbbətsiz məktəb illəri olarmı? Olmaz təbii ki.

 

- Yeddidə, ya səkkizdə oxuyanda bir qızı sevmişəm. Qonşumuzuydu. Onda o üçdə - dörddə oxuyardı. İstəyim 10 il davam elədi. İndi ailələdi. Ümumiyyətlə, mənim həyatımda sərgüzəştlər çox olub. Onların arasında ən ciddi sevgim orta məktəbdə olub.

 

- Niyə ayrıldız?

 

- Anam almadı... Anam istəyirdi ki, mən daha irəli gedim. Xaricə gedim, daha böyük müvəffəqiyyətlərə nail olam.

 

Və ilk dəfə Lent.az-a etiraf edir.

 

- Münasibətlərimdə kişilərdən daha çox qadınlara üstünlük vermişəm. Həm dostluq münasibətlərim, həm də digər ünsiyyətdə. Orta məktəbdə futbol oynayanda həmişə qızların komandasında oynamışam. Qızların tərəfində olmuşam.

 

Siniflərindən cəmi bir nəfər müəllim olub.

 

- İntellektual auditoriya deyildik. 1-2 nəfər ali təhsil aldı. Qalan hamısı təsərrüfatla məşğul oldu.

 

- Kənddə oxumaq üçün şərtlər ağır olur...

 

- 11-də oxuyurdum. Uşaqlarla futbol oynayırdım. Atam gəldi, dayandı meydançanın kənarında. Məni yanına çağırıb dedi: “Oğul, məqsədin nədi? Banışevski, Maradona, Pele olmaq istəyirsən? Böyüyəndə kim olmaq istəyirsən? Əgər onlardan olmaq istəyirsənsə, kitabları tulla! Sənə bir də “dərs oxu”, desəm, onda mən kişi deyiləm! Yox, olmaq istəmirsənsə, topu tulla, dərsini oxu!”

 

- Topu tulladız?

 

- Əlbəttə! Məndən futbolçu olar?! Avaralıq edirdik. Məktəbə geydiyimiz ayaqqabıyla futbol oynamaq olar? Krossovkanı ilk dəfə əsgərlikdən gələndən sonra geymişəm.

 

- Dəb deyildi?

 

- Yox e, ehtiyacdan geyməmişdim. O vaxt zəmanə pisiydi. Məktəbimizin ayaqyolusu yoxuydu. Suyu, işığı, şəraiti olmayan. Bərbad. Təəssüf ki, məktəbimiz hələ də o gündədi. Atam 40 il orda dərs deyəndən sonra təqaüdə çıxıb. Amma qardaşım hələ də o məktəbdə dərs deyir. Qardaşımın balaları o məktəbə gedir. Elə deyirlər.

 

- Məzun olanda sonra heç getmisiniz?

 

- Xeyr! Bu yaxınlarda kitabım çıxıb. Gözləyirdim ki, məktəbdən zəng edəcəklər ki, kitabını da götür gəl, burda bir təqdimatını keçirək.

 

Məktəbin sonuncu ilində baş vermiş bir hadisəni danışır. Deyir, onu yazıçı edən hadisələrdən biri olub.

 

- Atam yazı-pozu adamı olub. Atamın dərsi idi. Bir müəllimə girdi sinfə, cibindən 4-5 yumurta çıxarıb qoydu atamın qabağına. Atam ona yumurta qarşılığında divar qəzetini hazırlamışdı. Uşaq gülüşdülər, mən çox pərt oldum. Atama dedim, bir dəqiqə çıx çölə, sözüm var. Çox qəzəbliydim. Atama əl qaldıra da bilərdim. Çox təhqir olunmuşdum. Çıxdıq çölə, soruşdu: “Nolub? Dedim, axı sən məni biabır edirsən! Dedi, oğlum, qoy o utansın ki, divar qəzeti yaza bilmir. Mən öz bacarığımı, savadımı, elmimi satıram. Burda utanılacaq heç nə yoxdu. Bax, dərsdən evə gedəcəyik, naharı bu yumurtalarla edəcəyik. Bu günün günortasını mən qazanmışam”. Gördüm, düz deyir.  Çox kasıb olmuşuq. Atam müəllim idi, anam evdar qadın. Qara çörək yeyirdik. Qapqara! 10 yaşımdan əmək günü almışam.

 

Qeyri-ixtiyarı təkrar edirəm:

 

- 10 yaş?!

 

- Hə! Kolxozda anamın adı yazılırdı, yerinə mən gedirdim. Pambıq yığmışam. 70 kilo, 80 kilo! Sahəni suvarırdım, qarovul qalırdım. Kənddə 10 adamın naxırına mən gedirdim. Əvəzində süd-qatıq verirdilər.

 

- Bəs dərs?

 

- Dərs oxuyan vardı?!

 

- Universitetə necə qəbul olduz?

 

- Həm də hazırlaşırdım. Demək istəyirəm ki, zülm çəkmişik. Əllərimdəki qabarlar o vaxtdan qalıb.

 

Hər iki qolunu irəli uzadıb, əllərini göstərir.

 

- Atanız?

 

- Atam tək böyüyüb. Nə bacısı olub, nə qardaşı. Həyatında bir dəfə də əlinə ağac götürməyib. Çölçü adam deyil. Qalstuklu müəllim!

 

Bütün bunlara baxmayaraq, Elbrus Ərud həyatından narazı deyil. Uşaqlığının ciddi kəsirləri olsa da...

 

 

P.S. Lent.az kollektivi Elbrus Ərudu ad günü münasibətilə təbrik edir, şəxsi və peşə həyatında uğurlar arzulayır!




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR