Azərbaycanın təhlükəsizliyinə yeni təhdid

Azərbaycanın təhlükəsizliyinə yeni təhdid
14:16 29 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

“Dekabrın 27-də Ermənistan hakerləri tərəfindən Milli Məclisin saytına hücum olub. Amma erməni hakerlər saytın fəaliyyətinə təsir göstərəcək hər hansı ziyan vura bilməyiblər”.

Bu barədə ANS PRESS-ə Milli Məclisin mətbuat katibi Akif Təvəküloğlu məlumat verib.

Onun sözlərinə görə, bu hücumlar zamanı sistemdə olan mühafizə proqramı işə düşərək, saytı kənar müdaxilələrdən qorumaq üçün səhifəyə girişi qısa müddətlik məhdudlaşdırıb. Sayta giriş 1 saat ərzində sistem administratoru tərəfindən bərpa edilib.


Akif Təvəküloğlu - Milli Məclisin mətbuat katibi


Bu Ermənistan hakerlərinin Azərbaycan dövlət saytlarına hücumla bağlı yaydıqları ilk xəbər deyil.

Bundan əvvəl Azərbaycan İpoteka Fondunun (AİF) saytı erməni hakerlər tərəfindən dağıdılmışdı. Sentyabrın 6 –da Azərbaycanın Niderland Krallığı, Belçika və Qətərdəkı səfirliklərinin saytları 5 sentyabr 2015-ci il tarixində özünü “Artsax kiber ordusu” adlandıran haker qrupu tərəfindən kiber hücumlarına məruz qalıb.

Dekabrın 18-də isə erməni hakerlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin internet saytlarını sındırdıqlarını iddia ediblər. Son vaxtlar cəbhədə artan gərginlik fonunda Azərbaycan və Ermənistan arasında informasiya müharibəsi pik həddə çatıb. Azərbaycan ordusunun Ermənistana qarşı həyata keçirdiyi uğurlu əməliyyatlardan hiddətlənən erməni hakerlər qisaslarını dövlət saytlarından və digər KİV-lərdən almağa cəhd edirlər. Kiber hücumların artması Azərbaycanın dövlət və qeyri – dövlət saytlarında informasiya təhəlükəsizliyi məsələsini gündəmə gətirir.


Azərbaycan İpoteka Fondunun saytına hücum baş verən zaman


Azərbaycan İnternet Forumun prezideti Osman Gündüzün sözlərinə görə, ölkədə informasiya təhlükəsizliyinə nəzarət edən xüsusi dövlət orqanı fəaliyyət göstərir. “Əvvəllər Azərbaycanın bəzi dövlət orqanlarının saytlarının serverləri xarici ölkələrdə yerləşirdi. Həmçinin nazirliklərin özləri istədiyi kimi saytlar yığa bilirdi. Daha sonra prezident İlham Əliyevin fərmanı ilə dövlət və qeyri – dövlət sektorunda informasiya təhlükəsizliyinə nəzarət edən qurumlar yaradıldı. Nazirlər Kabineti dövlət orqanlarının saytlarına müəyyən texniki şərtlər qoyur. Maraqlıdır ki, bu şərtlər bəzi hallarda yalnız Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tabeliyində olan saytlara aid edilir”.


Osman Gündüz - Azərbaycan İnternet Forumun prezideti



O.Gündüz bildirir ki, bu sahəyə dövlət nəzarəti gücləndirilməli və şərtlər sərtləşdirilməlidir. "Bütün dövlət saytlarının təhlükəsizliyinə bir orqan nəzarət etməlidir. Nazirlər Kabinetinin şərtləri əsasında rəsmi saytların dayıqlığı keçirilən auditlərlə yoxlanılmalıdır. Əgər saytlar bu şərtlərə cavab vermirsə, bu zaman müvafiq ölçülər götürülməlidir.

Mütəxəssisin sözlərinə görə, əgər hər hansı dövlət orqanın saytı haker hücumuna təslim olursa deməli standarta cavab vermir.

XDMX-i yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin əməkdaşı Tural Məmmədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, XDMX-i “gov.az” zonasında yerləşən domenlərin təhlükəsizliyini nəzarətdə saxlayır.

“Agentlik ”gov.az” domen zonasında yerləşən saytları Nazirlər Kabinetinin 189 nömrəli fərmanına əsasən ildə ən azı 2 dəfə yoxlayır. Auditlər nəticəsində hər hansı boşluqlar müəyyən olunursa, həmin dövlət orqanına rəsmi formada çatışmazlıqların aradan qaldırılması üçün məlumat göndərir. Hazırda “gov.az” zonasına daxil olan dövlət orqanlarının rəsmi saytlarının təxminən 90-95 %-i Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin nəzarətindədir. Lakin nəzarət altında olmayan saytlarda da məsləhət xarakterli yoxlamalar aparılır”.

Mərkəzin əməkdaşı bildirdi ki, Milli Məclisin də rəsmi saytı daxil olmaqla digər dövlət saytlarının agentliyinin vahid sisteminə uyğunlaşdırılması üçün işlər aparılır."

Azərbaycanda həmçinin RYTN-in yanında Elektron Təhlükəsizlik Mərkəzi var ki, bu qurumda - kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyası, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırma, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi ilə məşquldur.

Xarici dövlətlərdə də dövlət qurumlarının informasiya təhlükəsizliyi xüsusi idarələr tərəfindən həyata keçirilir. BMT Baş Assambleyası informasiya təhlükəsizliyi ilə bağlı 2000-ci ildən başlayaraq beş müxtəlif qətnamə qəbul edib. Kibertəhlükəsizlik bir sıra ölkələrdə (məsələn, ABŞ, Avropa Birliyi, Rusiya) xarici siyasətin prioritetlərindən biri elan edilib. ABŞ kibertəhlükəsizliyin azad ticarət və sosial - iqtisadi inkişaf üçün etibarlı, təhlükəsiz və açıq mühit qurmağa imkan verəcək beynəlxalq əsaslarının formalaşdırılması haqqında 2011-ci ildə sənəd hazırlayıb.

İnformasiya təhlükəsizliyinin zəif olması dövlətin rəsmi sənədlərinin, bank hesablarının və digər məxfi hesablaşmalarının xarici kəşfiyyat orqanları və müxtəlif cinayətkar qruplar tərəfindən oğurlanması deməkdir. Məlumdur ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Buna görə də kiber hücum cəhdləri həmişə var və bundan sonra da davam edəcək. Hazırda əsas məsələ real hücumaların qarşısının müvəfəqiyyətlə alınmasıdır. Bunun üçün müvafiq dövlət sənədləri imzalanıb. Əsas vəzifə isə verilən imkanları Azərbaycanın təhlükəsizliyinə qarşı çıxanlara tətbiq etməkdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR