Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq
14:43 29 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində paytaxtın Səbail rayonu Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.
Dekabrın 29-da sözügedən layihənin təməlqoyma mərasimi keçirilib.
Səudiyyə İnkişaf Fondunun layihə rəhbəri Məhəmməd Aldalilan bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə fondun birgə maliyyələşdirdiyi bu layihənin Bakı şəhərinin su təchizatının yaxşılaşdırılmasında böyük əhəmiyyəti olacaq. Layihənin həyata keçirilməsi məqsədilə güzəştli şərtlərlə 25 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Vurğulanıb ki, Səudiyyə Ərəbistanı Krallığı dost Azərbaycana köməyini heç zaman əsirgəməyib. Belə ki, Səudiyyə Ərəbistanı tərəfindən respublika iqtisadiyyatının bir sıra sahələrinə 100 milyon dollardan artıq sərmayə ayrılıb.
Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 120 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Badamdar qəsəbəsini dayanıqlı içməli su ilə təmin etmək üçün “Alatava” su anbarının imkanlarından istifadə olunacaq. Bu məqsədlə həmin anbardan götürülən suyun Badamdar qəsəbəsindəki Badamdar su anbarına çatdırılması üçün 1000 millimetr diametrli polad borularla magistral su xətti çəkiləcək. Eyni zamanda, “Alatava” su anbarındakı mövcud nasos stansiyasında və “Badamdar” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
Layihəyə əsasən qəsəbə ərazisində 57,5 kilometr uzunluğunda içməli su, 61,6 kilometr uzunluğunda kanalizasiya xətlərinin çəkilməsi, abonentlərin smart sayğaclarla təmin olunması və qəsəbə ərazisində 210 ədəd yanğın hidrantının quraşdırılması nəzərdə tutulub. Gələcəkdə qəsəbədə yaranacaq tullantı suları Lökbatan qəsəbəsi yaxınlığında tikiləcək və sutkalıq məhsuldarlığı 300 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
Layihə üzrə tikinti–quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılıb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Badamdar_qesebesinin_ichmeli_su_techizati_ve_kanalizasiya_sistemleri_yeniden_qurulacaq-915281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR