Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Yol Polisi sürücülərə xəbərdarlıq etdi
14:56 29 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

“Bayram günlərində rayonlar istiqamətində olan yollarda canlanma olacağı ilə bağlı dekabr ayının 31-də Daxili İşlər Naziri (DİN) Ramil Usubovun tapşırığı ilə Dövlət Yol Polisi İdarəsi də gücləndirilmiş iş rejiminə keçəcək”.

Bunu ANS PRESS-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O, bildirib ki, ölkədə 5 gün qeyri-iş günü olması ilə bağlı rayonlar istiqamətində hərəkət edən avtomobillərin sayının çox olmasını nəzərə alaraq yollarda xüsusi təhlukəsizik tədbirləri görüləcək, polis əməkdaşlarının sayı artırılacaq.


Kamran Əliyev- BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi


K. Əliyev ANS PRESS vasitəsi ilə sürücülərə xəbərdarlıq da etdi: "Sürücülər sükan arxasında mobil telefondan istifadə etməsinlər, sürət həddini aşmasınlar, ötmə əməliyyatını həyata keçirərkən diqqətli olsunlar, ara məsafəsini düzgün seçsinlər, özlərinin və başqalarının həyatlarını təhlükəyə atmasınlar və əsas da içkili vəziyyətdə sükan arxasına əyləşməsinlər. Sürücülər bilməlidirlər ki, bu gün respublikada ən çox yol qəzaları məhz ötmə və qarşı hərəkət zolağına çıxılması, eyni zamanda sürət həddinin aşılması səbəbindən baş verib".

Kamran Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən bayram günlərində havaların şaxtalı keçəcəyi ilə bağlı xəbərdarlığı ilə əlaqədar da sürücülərə ehtiyyatlı olmalarını məsləhət gördü:

"ETSN bildirir ki, bayram günlərində havalar soyuyacaq, hətta qar yağacaq. Bununla bağlı da sürücülər xüsusi diqqətli olmalıdırlar. Yola çıxanlar qış mövsümünə uyğun şinlər istifadə etməlidirlər. Mövsümə uyğun şinləri olmayan nəqliyyat vasitələri ilə qarlı və buzlu ərazilərdə olan yollardan mümkün qədər az istifadə etsinlər".



Bu gün ETSN bayram günləri hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcək, arabir yağıntılı olacaq, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 03-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR