Yola saldığımız il tərtərlilər üçün ən uğurlu illərdən biri kimi yadda qalacaq

Yola saldığımız il tərtərlilər üçün ən uğurlu illərdən biri kimi yadda qalacaq
15:58 29 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 29 dekabr, AZƏRTAC 
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2015-ci ildə qazanılan uğurlardan danışıb. Bildirib ki, yola saldığımız ildə rayonun makroiqtisadi göstəriciləri yüksəlib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, sosial tərəqqiyə nail olunub. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istqamətində mühüm işlər görülüb, Tərtər şəhəri daha da inkişaf edib, gözəlləşib.
Bu il Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının və Qapanlı kənd tibb məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. 29 ictimai binanın dam örtüyü yenidən qurulub, şəhər cümə məscidində əsaslı təmir işləri aparılıb. Tərtər şəhərinin prospekt və küçələrində geniş abadlıq-quruculuq işləri görülüb. Rayon ərazisindəki yol kənarlarında və yaşayış məntəqələrində 35 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib. Əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə rayonun kəndlərində 14 subartezian quyusu qazılıb.
Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi evin tikintisi, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası, rayonun kəndlərinin qazlaşdırılması davam etdirilir, Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılır.
Bayram tədbirində 2015-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verilib.
Bayram şənliyində Şaxta baba və Qar qızı iştirakçılara Yeni il arzularını çatdırıb, uşaqlarla birgə rəqs ediblər. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaradıblar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yola_saldigimiz_il_terterliler_uchun_en_ugurlu_illerden_biri_kimi_yadda_qalacaq-915313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR